Künc Bucaq Tv-nin “Ev adamı” verilişinin növbəti buraxılışı maraqlı məqamlarla yadda qalıb.
Aparıcı Sevinc Xanqızının qonağı tanınmış aktrisa Naibə Allahverdiyeva olub.
Veriliş zamanı sənət yolu və həyat fəlsəfəsi ilə bağlı danışan aktrisa yaşadığımız hər günə şükür etməli olduğumuzu bildirib. O qeyd edib ki, insan üçün ən böyük nemət sağlamlıq və sevdiyi peşə ilə məşğul olmaqdır. Çətinliklərə baxmayaraq, heç vaxt ümidsizliyə qapılmadığını deyən Allahverdiyeva həyatın hər mərhələsində dərs götürməyin vacibliyini vurğulayıb.
Söhbət əsnasında aktrisa qırx yaşdan sonra öyrənilən biliklərin və qazanılan təcrübənin daha fərqli çalara malik olduğunu deyib. Onun sözlərinə görə, illərin gətirdiyi həyat təcrübəsi sənətkarın yaratdığı obrazlara da təsir edir və onları daha dolğun edir.
Naibə Allahverdiyeva sənət fəaliyyəti ilə bağlı da səmimi etiraf edib. O bildirib ki, bir aktrisa kimi lazımı qədər istifadə olunmadığını düşünür. Potensialının tam şəkildə dəyərləndirilmədiyini deyən sənətçi, peşəkar aktyorların imkanlarının məhdud qalmasından narahatlığını ifadə edib.
Aktrisa Azərbaycan kino sektorundakı bəzi tendensiyalara da toxunaraq, peşəkar təhsili olmayan şəxslərin filmlərə cəlb edilməsini tənqid edib. Onun fikrincə, küçədən keçəni tutub kinoya gətirmək sənətin keyfiyyətinə mənfi təsir göstərir və bu sahədə daha ciddi yanaşma tələb olunur.
Sözügedən verilişi təqdim edirik.