ABŞ hökuməti "RMS Titanic Inc." şirkətinin batmış gəmidən çıxarılmış 100-dən çox əşyanın hərracda satılması planlarına etirazını bildirib.
Bu barədə məhkəmə sənədlərinə istinadən "Associated Press" agentliyi məlumat yayıb.
Hərraca çıxarılması planlaşdırılan əşyalar sırasına sərnişinlərin şəxsi əşyaları, məişət və interyer nümunələri, eləcə də kağız pullar daxildir. Nəşrin məlumatına görə, artefaktların satışı əvvəllər əldə olunmuş razılaşmalara ziddir. Həmin müqavilələrə əsasən, bu tapıntılar yalnız muzey eksponatları kimi nümayiş etdirilməli idi.
Öz növbəsində, ABŞ-nin Milli Okean və Atmosfer Administrasiyası (NOAA) vurğulayır ki, tapıntıların bu cür kommersiya məqsədli satışı şirkətin Atlantik okeanında gəminin batdığı əraziyə dair hüquqi öhdəliklərini pozur.
Qeyd edək ki, 1912-ci ildə batmış gəminin tədqiq edilməsi hüquqlarına malik olan "RMS Titanic Inc." şirkəti uzun illərdir ki, büdcəsini artırmaq və ekspedisiya xərclərini ödəmək üçün kolleksiyanın bir hissəsini satmağa cəhd göstərir. Lakin bu təşəbbüslər hər dəfə məhkəmə orqanları və mədəni irsin qorunması təşkilatları tərəfindən dayandırılır./oxu.az