ABŞ prezidenti Donald Tramp administrasiyası Yaxın Şərqdə hərbi mövcudluğunu artırmaq üçün yeni addım atıb.
Medianews.az-ın məlumatına görə, Pentaqon 2 min 500 dəniz piyadasından ibarət “911 gücü” kimi tanınan elit hərbi birliyin Yaponiyadan Yaxın Şərqə göndərilməsi barədə göstəriş verib.
Məlumata görə, bu qüvvələr ABŞ quru qoşunlarının Hörmüz boğazı ətrafında planlaşdırılan mümkün əməliyyatlarına rəhbərlik edə bilər. Elit bölmənin İranın nəzarətində olan boğazın yenidən açılması əməliyyatında əsas rol oynayacağı bildirilir.
“911 gücü” ABŞ Hərbi Dəniz Qüvvələrinin 31-ci Dəniz Piyadaları Ekspedisiya Birliyinin (MEU) tərkibinə daxildir. Sürətli müdaxilə qüvvəsi kimi tanınan bu birlik amfibiya əməliyyatları, hava dəstəyi və logistika sahəsində ixtisaslaşıb. Yaponiyanın Okinava adasında yerləşən birlik üzən bazalardan fəaliyyət göstərə bilir və münaqişə zonasına yaxın mövqedə qalaraq əməliyyatlara başlaya bilir.
ABŞ bu cür birliklərdən daha əvvəl də müxtəlif hərbi əməliyyatlarda, o cümlədən 2001-ci ildə Əfqanıstanın işğalı zamanı istifadə edib. Rəsmi Vaşinqton yeni missiyanın detalları barədə hələ açıqlama verməsə də, birliyin əsas vəzifəsinin Basra körfəzinə giriş qapısı sayılan Hörmüz boğazında nəzarəti bərpa etmək olacağı ehtimal edilir.
Hörmüz böhranı
Dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı fevralın 28-dən başlayan qarşıdurmalar səbəbilə gərginlik mərkəzinə çevrilib. İranın boğazı ABŞ və İsrail üçün bağlamaq qərarı bölgədə gəmi hərəkətini demək olar ki, dayandırıb. Bu vəziyyət qlobal iqtisadiyyatda ciddi narahatlıq yaradıb və neft qiymətlərinin kəskin artmasına səbəb olub.
ABŞ müdafiə rəsmiləri boğaz yaxınlığındakı adalara mümkün hərbi basqın variantlarının da nəzərdən keçirildiyini bildiriblər. İranın bölgədə minalarla təchiz edilmiş sürətli qayıqlar yerləşdirə biləcəyi ilə bağlı xəbərdarlıqlar da var.
Quru əməliyyatı ehtimalı
Mütəxəssislər hesab edir ki, ABŞ qüvvələri boğaz ətrafındakı ərazilərdə riskli hərbi əməliyyatlara başlaya bilər. Pentaqon İranın boğazı minalaması ehtimalına qarşı tədbirlər hazırlayır. ABŞ tərəfi İranın pilotsuz uçuş aparatları və gəmiəleyhinə raketlərindən ehtiyat etdiyi üçün dar boğaza böyük hərbi gəmilər göndərməkdən çəkinir.
31-ci Dəniz Piyadaları Ekspedisiya Birliyinin bölgəyə göndərilməsi ABŞ-ın quru əməliyyatlarına başlama ehtimalını gücləndirir.
“911 gücü”nün tərkibi
Hər bir MEU bölməsi piyada qüvvələri, zirehli texnika və artilleriya hissələrindən ibarət quru bölməsinə malikdir. Bundan əlavə, helikopterlər və F-35B qırıcılarından ibarət aviasiya qrupu, eləcə də logistika və komanda heyəti də bu strukturda yer alır.
Yaxın Şərqə göndərilən 2 min 500 dəniz piyadası USS Tripoli hərbi gəmisində yerləşdiriləcək. Bu gəmiyə adətən USS New Orleans və USS San Diego amfibiya nəqliyyat gəmiləri də qoşulur. USS Tripoli F-35B qırıcıları, MV-22 Osprey təyyarələri və müxtəlif helikopterlər daşıya bilir və həm dənizdən, həm də qurudan hücum əməliyyatları üçün istifadə olunur.
Mütəxəssislərin hesablamalarına görə, birlik Hörmüz boğazına 10–15 gün ərzində çata bilər və bölgədə artıq yerləşdirilmiş USS Gerald R. Ford və USS Abraham Lincoln aviadaşıyıcılarına qoşulacaq.
Boğazda gərginlik davam edir
İran münaqişə başlayandan sonra Hörmüz boğazını ABŞ və İsrail gəmiləri üçün bağladığını açıqlayıb və icazəsiz keçid edən gəmilərin vurulacağını bildirib. Müharibə başlayandan bəri İran qüvvələri Basra körfəzi və boğaz ətrafında ən azı 18 gəmini hədəfə alıb. BMT-nin məlumatına görə, bəzi ölkələrin gəmilərinə keçidə icazə verilsə də, boğazdakı ümumi gəmi hərəkəti 97 faiz azalıb.
Donald Tramp isə ABŞ-ın “İranın hərbi imkanlarının böyük hissəsini məhv etdiyini” bəyan edib. Bununla yanaşı, Tehran tərəfinin Hörmüz boğazı üzərindən silahlı pilotsuz uçuş aparatları göndərmək imkanına malik olduğunu da etiraf edib.
ABŞ-nin bu hərbi qərarı Yaxın Şərqdə qüvvələri gücləndirsə də, Pasifik regionunda boşluq yaradıb. Bu addım Tayvan və Cənubi Koreya kimi müttəfiqlərin Çin və Şimali Koreyadan gələn mümkün təhlükələr qarşısında daha həssas qala biləcəyi ilə bağlı narahatlıq doğurub.
Medianews.az