Azərbaycanda ulduzu gənc yaşda parlayan məmurlardan biri də Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovdur. 26 yaşında deputat, 31 yaşında fəlsəfə doktoru olan Fuad Muradov karyera pillələrini sürətlə qalxmağı bacaran azsaylı azərbaycanlılardandır.
Metbuat.az xəbər verir ki, Fuad Rauf oğlu Muradov 1979-cu il iyulun 22-də Bakı şəhərində anadan olub. 1986-1996-cı illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun aspirantı və elmi işçisi olub.
2010-cu ildə "Neftin ilkin emalı zamanı ətraf mühitə atılan tullantıların tərkibində radionuklidlərin analizi və paylanma qanunauyğunluqları" mövzusunda dissertasiya işini müdafiə edib, kimya elmləri üzrə fəlsəfə doktorudur.
10 elmi əsərin və monoqrafiyanın müəllifidir.
Fuad Muradov 2002-2004-cü illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının Baş katibi, 2004-2012-ci illərdə isə sədri olub.
O, 2005-ci ildə 26 yaşı olarkən III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.
Seçicilərin etimadını doğruldan Muradov 2010-cu ildə keçirilmiş IV çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə ikinci dəfə mandat qazanmağı bacarıb.
Fuad Muradov 2015-ci ildə keçirilmiş V çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə növbəti dəfə uğur qazansa da, yüksək vəzifəyə təyin edildiyi üçün 3 il sonra deputat mandatını təhvil verməli olub.
O, 2018-ci ildən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə rəhbərlik edir.
Heç bir siyasi partiyanın üzvü deyil.
İngilis, fransız və rus dillərini bilir.
Fotoda: Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov
