07.08.2025, 12:15
214 baxış
Azad
Azərbaycanda yüz minlərlə unsiya dəyərində ehtiyata malik qızıl yatağının istismarına başlanacaq
Azərbaycanın Culfa rayonundakı "Ortakənd" qızıl yatağının istismarı üçün hazırlıq işləri görülür. Tədqiqatlara görə, bu yataqda yerin təkində qızıl ehtiyatı 542 min unsiya dəyərindədir. Qızıl ehtiyatının satılabilən miqdarı isə 237 min unsiya qiymətləndirilib. Medianews.az bildirir ki, bu məlumat “Azərbaycan” qəzetinin 7 avqust sayında dərc edilmiş “Etibarlı gəlir mənbəyi - qızıl ixracı” adlı yazıda əksini tapıb.
"AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov qəzetə açıqlamasında deyib ki, "Ortakənd" yatağının 2028-ci ildə istismara verilməsi nəzərdə tutulub.
Yazıda bildirilir ki, hazırda ilkin texniki-iqtisadi hesablama ("Scoping study") parametrləri üzrə araşdırmalar davam edir. Sosial, iqtisadi və ekoloji amillər nəzərə alınmaqla yatağın satılabilən ehtiyatlarının daha da artırılması üçün optimal hasilat və emal texnologiyaları araşdırılır.
Zakir İbrahimovun sözlərinə görə, Culfa və Ordubad rayonlarında yerləşən digər perspektiv sahələrdə də tədqiqatlar aparılır: "Söhbət "Göydağ" mis-molibden, "Başkənd" mis və "Nəsirvaz" polimetal təzahürləri sahələrindən gedir. Cari il ərzində "Göydağ" və "Başkənd" yataqlarının ehtiyatlarının beynəlxalq standartlara uyğun hesablanması nəzərdə tutulub. "Göydağ" yatağının 2029-cu ildə, digər yataqların tədqiqatların son nəticələrindən asılı olaraq növbəti illərdə istismara verilməsi proqnozlaşdırılır”.
Yazıda o da qeyd olunur ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan dünya bazarına 144 milyon dollar dəyərində qızıl satışa çıxarıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə çoxdur.
Medianews.az
Paylaş: