Qurandan istifadə edib insanları aldadanlar kimlərdir? – Sosial şəbəkələrdə yeni təhlükə
Sosial şəbəkələrdə özünü falçı və ya "Quran"la istixara edən şəxs kimi təqdim edən insanlara tez-tez rast gəlinir. Bu kimi hallara inanan və həmin "xidmətlərdən" mütəmadi istifadə edənlərin sayı getdikcə artır. Niyə insanlar bu cür şəxslərə inanmağa meyllidirlər və bunun arxasında hansı psixoloji və ya sosial səbəblər dayanır?

Mövzu ilə bağlı ilahiyyatçı
Rüfət Qarayev Medianews-a açıqlamasında bildirib ki, qeybdən xəbərdar olmamaq insan üçün faydalıdır.
Onun sözlərinə görə, Allah insanı necə yaradıbsa, ona nəyin lazım olduğunu da o qədər bildirib:
“Əgər biz ehtiyacımızdan artıq bir şeyi bilsək, bu, fitnə-fəsada səbəb ola bilər. Məsələn, insan bilsə ki, 50-60 yaşında dünyasını dəyişəcək, bu məlumat ona mənfi təsir edər. Həyata olan həvəsi azalar, yaşamaq eşqi sönər. Beləcə, dünyanın dinamikası onun üçün dayanmış olar”.
İlahiyyatçının fikrincə, insanların gələcəklə bağlı məlumat əldə etmək marağı onları bəzən qeyri-qanuni yollara – falçılıq və cadugərlik kimi hallara yönəldə bilir.
O vurğulayıb ki, heç bir səbəb olmadan falçılardan kömək ummaq İslam dinində yolverilməzdir:
“Bəzən insanlar heç bir səbəb olmadan cadu və ya başqa yollarla bir-birilərinə zərər verməyə çalışırlar. Bu isə həmin şəxsin həyatında narahatlıqlara səbəb olur. Belə hallarda Allaha üz tutmaq, dua etmək və Qurani-Kərimin ayələrindən oxumaqla və yaxud da mütəxəssislərə müraciət etmək olar. Amma sadəcə falçılardan ümid gözləmək, onların dediklərinə inanmaq və bu yolla həyatını düzəltmək istəyi İslamda bəyənilmir”.
Rüfət Qarayev qeyd edib ki, falçılıq nəinki fayda vermir, əksinə, insanı yanlış yollara aparır. O, insanlara bu kimi işlərdən uzaq durmağı tövsiyə edib.
Oğuz Ayvaz
Medianews.az