27.02.2025, 13:22
188 baxış
Azad
Marsda qədim “çimərliklər”
Çinin "Zhurong" robot tipli Mars gəmisi bu planetin səthinin altında güclü dalğaların təsiri ilə əmələ gəlmiş çöküntü qaya təbəqələrini aşkar edib. Medianews.az xəbər verir ki, əldə edilən yeni məlumatlar qırmızı planetdə dalğaları olan nəhəng, yaşı bilinməyən okeanın mövcudluğunu təsdiqləyib.
Yeni elmi araşdırmanın nəticələri barədə "Proceedings of the National Academy of Sciences" nəşrində iri bir məqalə dərc olunub.
Belə ki, hələ 2021-ci ildə "Zhurong" bu utopik sahə üzərinə yumşaq eniş etmişdi. Tədqiqatçıların "Utopiya Planitia" adlandırdığı sahə Marsın şimal yarımkürəsində, təxminən Avropa qitəsi ölçüsündə olan bir düzənlikdir. O, milyardlarla il əvvəl nəhəng meteoritin düşməsindən sonra yaranıb. İndi bura toz və tamamilə daşla örtülmüş düz bir ərazidir. Alimlərin fikrincə, bu düzən milyardlarla il əvvəl qədim okeanın dərin dibi olub.
"Zhurong" Marsda yeriməyi bacarır. Onun vasitəsilə 2021-ci ilin mayından 2022-ci ilin mayına qədər Mars tədqiq edilib. Bu vaxt ərzində idarə edilən robot planetdəki qədim qayalıqlar boyunca 1,9 kilometrə qədər məsafə qət edə bilib. Robot burada torpağın 80 metr dərinliyinə qədər nüfuz edən radardan yararlanmaqla geniş və faydalı araşdırmalar aparıb.
Tədqiqatlarda iştirak edən amerikalı elm adamları Çin alimləri ilə birgə yerə dərin nüfuz edən radar məlumatlarının demək olar ki, bir hissəsini emal edə biliblər. Tədqiqatçılar qrupu bununla da alimlərin irəli sürdüyü ehtimalları tamamilə təsdiq etməklə, "Utopia Planitia" düzənliyindəki tozlu qaya təbəqəsinin alt qatında qalan, qalınlığı isə 10 metrə çatan maili şəkildə qum təbəqələri aşkarlayıblar. Alimlər əldə edilən məlumatları Yer kürəsindəki dalğaların təsiri ilə zaman-zaman əmələ gələn çöküntünün süxurları ilə müqayisə etməklə, bənzərlik tapmağa çalışırlar.
Belə bir müqayisə zamanı məlum olub ki, Marsdakı süxurlar Yer kürəsində olan bütün çimərlik yataqlarının bucağı ilə eyni vəziyyətdə, yəni 15 dərəcə bucaq altında əyilir. Məqalədə bu barədə deyilir: "Başqa sözlə, Mars strukturlarının bucağı dalğaların əmələ gətirdiyi yerüstü çimərliklərə xasdır. Alimlər belə nəticəyə gəliblər ki, Marsda bu cür qum yataqları təsadüfi qum yığınları və yaxud da xaotik meteorit zibilləri, həmçinin lava axınları da deyil. Bunlar yalnız uzun müddət suya məruz qalma nəticəsində yarana biləcək strukturlardır".
Çin və ABŞ alimləri gələcəkdə də birlikdə Mars planetinin "çimərliklər" hissəsini və qədim okeanın mənbəyini əhatəli tədqiq edəcəklərini bildiriblər.