Medianews.az
ABŞ-dən qətiyyətli TƏŞƏBBÜSLƏR: <span style=color:red>Sülhü tətikləyəcək MƏRHƏLƏ
166 baxış

ABŞ-dən qətiyyətli TƏŞƏBBÜSLƏR: Sülhü tətikləyəcək MƏRHƏLƏ

ABŞ Prezidenti Co Bayden 21 oktyabr 2024-cü il tarixdə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi əldən-ələ məktubunda şəxsən özünün və komandasının bilavasitə sülhün final mərhələsinin təmin olunması üçün “qətiyyətli təşəbbüslər”ə əl ata biləcəklərini qeyd edir. İngiliscə istifadə olunan bu ifadə məktubda "bold initiatives" olaraq keçir. Maraqlıdır, ABŞ supergüc olaraq hansı “bold initiatives" həyata keçirə bilər, yaxud təklif edə bilər? Mövzu ilə bağlı siyasi şərhçi Qədir Aslan Medianews.az-a bildirib ki, bu, ilk növbədə birbaşa diplomatik münasibətlərin və ünsiyyətin təmin edilməsi ola bilər. Onun sözlərinə görə, bu üsula qərb platformalarında çox üstünlük verilir, ölkə liderləri baş-başa qalır: “Amerika Vaşinqton-Arlinqton formatını yenidən aktivləşdirib Prezident Co Baydenin birbaşa iştirakı ilə ilkin sülh sənədinin qısa zamanda imzalanmasına nail ola bilər. Digər mühüm amil yerlərdə inklüziv hökumət və yaxud iqtidar bölgüsüdür. Bu, Azərbaycan icmasının Ermənistan ərazisində, erməni əhalinin Azərbaycan ərazisində müəyyən obyektiv reallıqlar nəzərə alınmaqla yerli birgəyaşayış, idarəetmə sistemi və modelinin yaradılması, tətbiq edilməsidir. Bundan başqa, konflikt tərəflərinin ümumi iqtisadi fayda qazanması üçün birgə iqtisadi əməkdaşlıq zonasının yaradılması da mümkündür. Bununla da sülhü tətikləyəcək mərhələ başlayacaq. Kəlbəcər və Basarkeçərdəki qızıl yataqları, iki ölkə ərazisindən axan çaylarla bağlı birgə yenilənən layihələrin, xüsusən də yaşıl enerji layihələrinin həyata keçirilməsi mümkündür”. Siyasi şərhçi deyib ki, iki ölkə arasında dayanıqlı sülhün əldə olunması üçün ədliyyə mexanizmlərinin yaradılması da gündəmə gələ bilər: “Tarixi həqiqətlər və Barışıq Komissiyalarının yaradılması mümkündür. Bu, ictimai üzr istəmə və etiraf fəaliyyətinin təmin edilməsi kimi də anlaşıla bilər. Xüsusilə, konflikt tərəflərinin hansısa birinin ötən müddətdə mülki əhaliyə qarşı həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və kütləvi köçürmə siyasətinə görə üzr istəməsi sülhün bərqərar olmasına güclü səbəb kimi çıxış edə bilər. UNESCO-nun iştirakı ilə mədəniyyət mübadilə proqramlarının həyata keçirilməsi də müsbət effekt verər. Bu istiqamətdə təlimlərin və dərslərin təmin edilməsi, sülh tədris proqramının dövlət təhsil sisteminə inteqrasiyası mümkündür. Qadınların sülhyaratma prosesində iştirakını da diqqətdən kənarda saxlamaq olmaz. Bu çərçivədə rəqəmsal sülhyaratma platformaların yaradılması, sosial media platformalarının və tətbiqlərinin işlənib hazırlanması mümkündür”. Nailə QASIMOVA

Bizə qoşulun