Medianews.az
Azad Cəbrayıl yeni dövrə QƏDƏM QOYUR: <span style=color:red>Keçmiş məcburi köçkünlər DOĞMA YURDA QAYIDIRLAR - FOTO
243 baxış

Azad Cəbrayıl yeni dövrə QƏDƏM QOYUR: Keçmiş məcburi köçkünlər DOĞMA YURDA QAYIDIRLAR - FOTO

Cəbrayıl rayon əhalisi arasında formalaşmış fikrə görə, bu ərazi adını VIII əsrdə yaşamış Cəbrayıl atanın adından alıb. Amma Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir. Rayon olaraq isə Cəbrayıl 8 avqust 1930-cu ildə təşkil edilib. Rayonun ərazisi indiki hüdudları daxilində sahəsi 1 050 kvadrat kilometr, əhalisi 24 300 nəfər olub. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabrın 4-də şəhər işğalda azad olunub. Ötən müddət ərzində bu rayonda da genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Bu gün isə Cəbrayıl şəhərinə ilk köç olub. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşan insanlar doğma yurda yola salınıblar. Cəbrayıldan Milli Məclisə deputat seçilən Ceyhun Məmmədov Medianews.az-a açıqlamasında Cəbrayıl şəhərinə ilk köçü əlamətdar, tarixi hadisə kimi qiymətləndirib. Bildirib ki, 44 günlük Vətən müharibəsində düşməndən təmizlənən Cəbrayılda 4 il ərzində mina və partlamamış sursatlardan təmizlənmə, genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilib. Bütün bu işlər nəticəsində Cəbrayıl şəhərində müasir dövrün tələblərinə, şəhərsalma prinsiplərinə uyğun yaşayış binaları inşa edilib və hazırda həmin mənzillərə cəbrayıllılar köçürülür: “Uzun müddətdir ki, Cəbrayılda bərpa-quruculuq işləri həyata keçirilib, 33 binanın inşasına başlanılıb. Artıq binaların demək olar ki, müəyyən bir hissəsi hazırdır. Bu gün ilk köç başlayıb və bu sevindirici haldır ki, cəbrayıllılar öz doğma yurduna qayıdıb. Biz bunu səbirsizliklə gözləyirdik. İlkin mərhələdə müəyyən bir hissənin, təxminən 100-ə yaxın ailənin köç etməsi planlaşdırılır. Bu gündən başlamaqla, yaxın zamanlarda onlar mərhələ-mərhələ doğma Cəbrayıla köç edəcək, orada əbədi məskunlaşacaqlar. Bu istiqamətdə ciddi işlər görülür və uğurlu addımlar atılır”. Millət vəkili vurğulayıb ki, bu gün Cəbrayıl tamamilə yeni bir dövrə qədər qoyur: “Bu gün Cəbrayılda bir sıra müəssisələr var. Orada Araz Vadisi İqtisadi Zonası bir müddətdir ki, qurulur, tikilir, yeni müəssisələr yaradılır. Orada xeyli işlər görülüb. Xəstəxanalar tikilir, həmçinin polis idarəsi, elektrik stansiyası və digər strukturlar var. Bu strukturlar orada öz fəaliyyətlərini davam etdirir. Bu gün Cəbrayılda dövlət qurumlarının fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb, digər strukturların da fəaliyyəti qurulur. Hesab edirəm ki, hazırda orada əhalinin məskunlaşması üçün hər cür şərait və imkan var. İnsanlarımız ora köçməyə böyük şövqlə hazırlaşırlar. Əminəm ki, məskunlaşma prosesi qısa bir zamanda həyata keçiriləcək. Biz  insanların rahat məskunlaşıb yaşadıqlarının şahidi olacağıq. Bu, dövlətimizin növbəti bir uğuru və qələbəsidir. Biz birlikdə uğura nail olmuşuq”. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov isə köç karvanı yola düşmədən əvvəl oxu.az-a açıqlama verib. Bildirib ki, bu gün "Böyük Qayıdış" layihəsinin sevincini yaşamaq Cəbrayıl sakinlərinə nəsib olub: “Tezliklə bütün keçmiş məcburi köçkünlərimizə bu layihənin, proqramın sevincini yaşamağı arzulayırıq. Bildiyiniz kimi, ilk köç də Cəbrayılın Cocuq Mərcanlı kəndinə həyata keçirilib. 2016-cı ildə aprel döyüşlərindən sonra Lələtəpə yüksəkliyi ordumuzun nəzarətinə keçdikdən sonra ölkə başçısının müvafiq sərəncamı ilə ilk inşa olunan kənd Cəbrayılın Cocuq Mərcanlı kəndi oldu və oraya ilk köç həyata keçirildi. Bu gün isə daha 36 ailə (117 nəfər) Cəbrayıl şəhərinin özünə köçürülür. Bizə, eləcə də keçmiş məcburi köçkünlərimizə bu günləri yaşatdığı üçün müzəffər Ali Baş Komandanımıza, şəhidlərimizə və qazilərimizə borcluyuq". Sonda onu da əlavə edək ki, Cəbrayıl şəhəri artıq köç prosesi reallaşan 9-cu təyinat ünvanıdır. Şəhərin mərkəzində yaşayış kompleksi salınıb. Kompleksdə 4-5 mərtəbəli olmaqla, 33 yaşayış binası tikilib. Bu binalarda 712 mənzil var. Mənzillərdən səkkizi birotaqlı, 136-sı ikiotaqlı, 8-i iki-üç otaqdan ibarət studiya tipli, 392-si üçotaqlı, 168-i isə dördotaqlıdır. Tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən icra edilib. İnşaat işləri başa çatdıqdan sonra binalarda 2158 keçmiş məcburi köçkünün məskunlaşdırılması planlaşdırılır. Lamiyə MİRZƏYEVA

Bizə qoşulun