Son zamanlar siyasi sferada Türkiyə-İsrail yaxınlaşması diqqətləri özünə cəlb edir. İki ölkə tezliklə qarşılıqlı olaraq səfirlər təyin edəcək. İnsanlara bu yaxınlaşmanın Fələstin-Türkiyə münasibətlərinə necə təsir edəcəyi maraqlıdır. Bu barədə açıqlama gecikməyib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla birgə mətbuat konfransında İsraillə yaxınlaşmadan danışıb. O qeyd edib ki, İsrail ilə münasibətlərdə atılan addımlar Fələstin məsələsinə olan dəstəyi heç bir şəkildə azaltmayacaq.
İki ölkə arasında olan yaxınlaşmanın İsrail-Fələstin münaqişəsinə necə təsir edəcəyi ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Aqşin Kərimov bildirib ki, dövlətlər siyasətini tam şəkildə dəyişmir:
“Hər hansı iki ölkə arasında münasibətlər soyuq mərhələni aşıb istiləşirsə, bu o demək deyil ki, həmin dövlətlər siyasətinin nüvəsindən qopurlar. Sadəcə olaraq bundan sonra bir çox məsələdə Türkiyə ilə İsrail bir-birinin maraqlarını nəzərə alacaq. Qırmızı xətlərdə isə təbii ki, fikir ayrılıqları hökm sürəcək. Onsuz da Türkiyənin Fələstinə dəstəkdən imtina edəcəyini düşünmək sadəlövhlük olardı. Ankara üçün Fələstinə dəstək prioritetdir. Amma inandırıcı deyil ki, bundan sonra Fələstin münaqişəsinə baxışdakı fərqlərə görə, Türkiyə ilə İsrail münasibətləri gərginləşdirsin”.
Aqşin Kərimov vurğulayıb ki, Azərbaycan da İsrail-Fələstin münaqişəsində İsraili dəstəkləmir:
“İsrail Fələstin münaqişəsində ona tərəf durmayan bütün dövlətlərə düşmən mövqe sərgiləmir. Azərbaycan özü də bu mövzuda İsraili dəstəkləmir. Amma Azərbaycanla İsrail arasında münasibətlər yaxşı səviyyədədir və Bakının mövqeyi İsraili incitmir. Türkiyənin də Fələstini dəstəkləməsi İsraillə əlaqələrə mənfi təsir etməyəcək. Ankara ilə Təl-Əvivin münasibətləri artan şkala üzrə inkişaf edəcək”.
Xanlar Əlibəy
Medianews.az