“Ukraynada müharibə başladıqdan sonra Çinin diqqəti Bakı-Tbilisi-Qarsa yönəldi”.
Bu sözləri Medianews.az-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Ekspert Tbilisidə keçiriləcək Azərbaycan, Gürcüstan, Türkiyə nəqliyyat nazirləri arasındakı görüşün mahiyyətini diqqətə çatdırıb:
“Azərbaycan iqtisadiyyatını daha güclü etmək üçün qonşularla əməkdaşlığa üstünlük verir. Bunun üçün Azərbaycan Bakı-Tblisi-Qars dəmiryolu layihəsi çərçivəsində Gürcüstan və Türkiyə hökumətləri ilə birgə tranzit gömrük prosedurlarının asanlaşdırılması üçün ilkin məlumat mübadiləsi ilə bağlı saziş imzalayıb. Əsas məqsəd Azərbaycanın logistik fəaliyyətlərini genişləndirmək, ixracın istiqamətləndirilməsində, stimullaşdırılmasında, eyni zamanda tranzit ölkə olaraq Çindən yüklərin Avropaya daşınmasında aparıcı rolun artırılmasıdır. Tbilisidə keçiriləcək Azərbaycan, Gürcüstan, Türkiyə nəqliyyat nazirlərinin görüşü də logistikanın inkişafı prosesinin davamı olacaq. Ölkələrimiz arasında birgə logistik fəaliyyətin tənzimlənməsi və imkanların daha da genişləndirilməsi üçün müzakirələr aparılacaq. Əsas müzakirə mövzusu Bakı-Tbilisi-Qars dəmiryolu olacaq”.
İqtisadçı Bakı-Tbilisi-Qars dəmiryolunun əhəmiyyətindən də söz açıb:
“Çinin mindən çox logistik şirkətini birləşdirən peşəkarlar şurası var. Bu şura Kremlin Ukraynada müharibəyə başlamasından sonra Rusiya üzərindən Çin məhsullarının daşınmasını dayandırıb. Artıq Pekin müxtəlif istiqamətlərlə Avropaya məhsul çatdırılmasını hədəfləyib. Bu istiqamətlərdən əsas olanı Bakı-Tbilisi-Qars dəmiryoludur. Çindən Avropaya dəmiryolu vasitəsilə hər il 1,5 milyon konteyner daşınır. 2021-ci ildə bu konteynerlərin 700 minə yaxını Rusiya üzərindən keçib. Göründüyü kimi, bu, 50 faizlik göstəricidir. Lakin 2022-ci ildə müharibə başlayan kimi Rusiya üzərindən keçid dayandırılıb və Bakı-Tbilisi-Qarsa fokuslanıb. Bunun nəticəsini qısa zamanda statistikalarda müşahidə edəcəyik. 2020-ci ildə Bakı-Tblisi-Qars dəmiryolu üzərindən 11 min konteyner daşınıb. 2021-ci ildə 25 min konteynerdən daha çox daşınıb. 2022-ci ildə isə Çinin peşəkarlar şurasının Rusiya üzərindən daşınmaları dayandırmasından sonra göstərici 50 minə çatacaq”.
Eldəniz Əmirov qeyd edib ki, Çin məhsullarının Azərbaycan üzərindən Avropaya daşınması daha az vaxt alır:
“Çin üçün Bakı-Tblisi-Qars dəmiryolunun başqa əhəmiyyətli tərəfləri də var. Bu xətt üzrə Çindən Avropaya çatdırılma 14 günə mümkündür. Rusiya üzərindən isə 22 günə çatdırılr. Bu səbəbdən dəmiryolunun aktuallığı getdikcə artmaqdadır. Azərbaycan, Gürcüstan, Türkiyə Xarici İşlər nazirlərinin görüşündə də məsələnin aktuallığı nəzərə çarpıb. Orada orta dəhlizin, yəni Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizinin perspektivləri müzakirə edilib”.
Xanlar Əlibəy
Medianews.az