Reklam çarxlarında, plakatlarında “ucuz mənzil təklif edirik” başlıqlarına tez-tez rast gəlsək də, hamımıza aydındır ki, Bakı şəhərində yerləşən mənzillərin qiymətində “ucuz” sözündən söhbət belə gedə bilməz. Mənzillərin qiymətinin bahalığı bəs deyimil kimi bir çox MTK-lar müxtəlif bənalərlə vətəndaşları aldadır və daha çox pul tələb edirlər. Məsələn, 80 kvm-lik evi düzgün olmayan hesablamalarla ölçür və 100 kvm kimi təqdim edirlər. Belə olan halda vətəndaş özü də bilmədən tələ düşür və aldadılır.
Hüquqşunas Şamil Paşayev Medianews.az saytına açıqlaması zamanı bildirib ki, vətəndaşlar xüsusilə yeni tikililərdə ev alarkən diqqətli olmalıdırlar.
“MTK-lar bəzən bizi aldadırlar. Qanunvericiliyin tələbinə görə, mənzilin kvadratı hesablandıqda içəridən hesablanmalıdır və plintus nəzərə alınmamalıdır.
Onu da əlavə edim ki, divar arakəsmələri yaşayış sahəsi hesab edilmir. Bundan əlavə balkonlar, terraslar kvadrata hesablanan zaman həmin ərazinin cəmi 30 faizi, şüşəbəndlərin, lojaların isə cəmi 50 faizi kvadrata daxil edilməlidir. Amma MTK-lar mənzilin sahəsini çöldən hesablayırlar, divar arakəsmələrini də kvadrata əlavə edirlər. Bunun üçün də 120 kvm-lik mənziliniz üçün çıxarış aldıqda, sənədləşdirdikdə görürsünüz ki, əslində mənzil 100 kvm-dir. Bu zaman nə qədər pul itirdiyinizi alnayırsınız. Çünki siz hər kvadrat metr üçün pul ödəmisiniz”.
Sonda hüquqşunas bildirib ki, belə hallarla rastlaşan zaman vətəndaş həmin kvadrata ödədiyi pula görə məhkəməyə müraciət edə bilər.
Leyla