ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi Türkiyənin Ukraynadakı taxıl böhranını həll etmək cəhdlərini alqışladıqlarını açıqlayıb.
Medianews.az xəbər verir ki, Kirbi Rusiyanın işğalı səbəbindən Ukraynada ilişib qalan taxılın ixracı ilə bağlı Türkiyənin razılıq əldə etmək səylərini dəstəklədiklərini bildirib. ABŞ-ın da bu mövzuda müttəfiqləri ilə çalışdığını ifadə edən Kirbi, “Türkiyənin oynadığı roldan tamamilə məmnunuq” deyə bildirib.
Xatırladaq ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu dünən verdiyi açıqlamada, “Ukraynadan taxıl ixracını inkişaf etdirmək üçün BMT-nin planı var. Biz BMT ilə birlikdə səylərimizi davam etdiririk. Biz həm Ukrayna , həm də Rusiya ilə əlaqə saxlayırıq. Hər kəs gəmilərin göstərilən məhsulları daşıdığından əmin olmaq istəyir. Baxanda yaxşıdır, amma tərəflər razılaşmalıdır. Ona görə də biz BMT-nin səyləri ilə yanaşı, həm Ukrayna, həm də Rusiya ilə səylərimizi davam etdiririk. Biz daha çox Rusiyaya diqqət yetirdik, çünki İstanbulda da texniki görüş nəzərdə tutulub. Onun tarixi hələ məlum deyil. Biz Rusiyadan müsbət cavab gözləyirik”,-deyə bildirib.
Qeyd edək ki, dünyanın əsas taxıl ixracatçılarından olan Ukraynanın taxıl ixracı Rusiyanın fevral ayında başlatdığı işğala görə dayanıb. Rusiya ərzaq böhranına görə məsuliyyət daşıdığını inkar edir və ərzaq təchizatı problemlərinə görə Qərb ölkələrinin tətbiq etdiyi sanksiyaları günahlandırır.
Leyla, Medianews.az