1905-ci ildən götürsək, ermənilərlə bizim aramızdakı torpaq, qan, namus davasının ömrü 116 il edir.
Ancaq bilindiyinə görə, ermənilər bu düşmənçiliyin özülünü 1898-ci ildə qoyublar və 7-8 illik hazırlıqdan, silahlanma və toparlanmadan sonra hərəkətə keçiblər.
Beləcə, 116 ildən çoxdur ki, bu iki xalq arasında gah şiddətlənən, gah səngiyən savaş gedir.
İndiyədək bu müharibənin müxtəlif mərhələləri olub. 1905-1920-ci illər arasında davam edən erməni-türk savaşı inqilabi kataklizmlərin fonunda baş verdiyi üçün sovet ideoloqları sonradan bunun üzərinə sinfi mübarizə pərdəsi çəkmişdilər.
Guya ki, savaşanlar ermənilər və türklər olmayıb, hər iki tərəfin istismarçı zümrəsi xalqları qızışdırıblar və dava burjuaziya ilə proletariat arasında gedib.
Elə deyildi. Ermənilər bu davaya uşaqlı-böyüklü, kişili-qadınlı qoşulmuşdular və onların davası heç də ağalar dünyasını məhv etmək deyildi, böyük ərazi əldə edib böyük dövlət qurmaq, dünənə qədər qapılarında fəhləlik, nökərçilik etdikləri yerli türkləri qula, köləyə çevirmək idi.
Sovet dönəmi onlara düşdü, daha hazırlıqlı olan, əvvəlcədən daha yaxşı təhsil görən, savad alan ermənilər bolşevik inqilabından əla yararlandılar. Yerli qəzaların (rayonların) inqilab komitələrindən tutmuş ta Kremlə qədər bütün vəzifə pillələrində minlərlə kadr yerləşdirə bildilər.
Bu zaman erməni-türk savaşı başqa bir mərhələyə keçdi. İndi onlar öz düşmənçiliklərini bolşevikcəsinə sürdürə bilirdilər.
1918-ci ildən 33-cü ilə qədər Azərbaycana 3 dəfə (Şaumyan, Mirzoyan, Rubenov), Bakının siyasət, neft, ticarət sektoruna isə uzun müddət ermənilər rəhbərlik ediblər və aborigen xalqı bacardıqları qədər sıxışdırıblar.
Mirzoyanın vaxtında indiki Bakı Dövlət Universitetinin bağlanması faktı buna parlaq misaldır.
Görkəmli ziyalılarımızın repressiya edilməsinə dair sənədlərin altında da çoxlu erməni imzaları tapmaq olar. Biz bu “inqilab müharibəsi”ndə ermənilərə uduzmuşuq.
Ermənilərin bizə qarşı düşmənçiliyi sonrakı illərdə də davam edib. Ötən əsrin ortalarında çoxsaylı soydaşımız Ermənistan ərazisindən Azərbaycanın aran rayonlarına sürgün edilib, sərhədyanı rayonlarımızın min hektarlarla bərəkətli torpaqlarını Kremlin iradəsi ilə əlimizdən alıblar.
Bu “qərar-qətnamə müharibəsi” ta 1988-ci ilə qədər davam etdi. Bunda da itkilərimiz çox oldu.
1988-ci ildən sonra baş verənləri bilirsiniz. Ermənilər bizə hər cür ziyanlıq verdilər, 1905-ci ildəki “dayandoldurum” tüfənglərilə aparılan müharibənin yerini tank-top, “qrad”-qırıcı savaşı aldı. Torpaq və çoxsaylı insan itkisinə məruz qaldıq. Xocalıda milli qətliam faciəsi yaşadıq və erməni-türk savaşı barışmaz xarakter aldı.
1994-cü ildə Bişkek şəhərində imzalanan atəşkəs sazişi iki xalq arasındakı müharibəni durdurmadı, heç atəşi də kəsmədi, sadəcə, aktiv hərbi əməliyyatları dayandırdı. Tərəflər bir-birinə hər gün dayandıqları yerdən yüzlərlə dəfə atəş açırdılar.
Bu mərhələni isə “snayper müharibəsi” adlandırmaq olar. Ötən ilin yayına qədər hər gün davam edən “snayper müharibəsi”ndə hər iki tərəfdən minlərlə gənc həlak oldu.
2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda baş verən qısamüddətli hərbi toqquşmaları nəzərə almasaq, ermənilərlə bizim aramızdakı əsl müharibə sentyabrın 27-də başladı, noyabrın 9-da gecə başa çatdı. Hərbi ədəbiyyata 44 günlük müharibə kimi düşən bu savaşda ermənilər son 106 ildə almadıqları zərbəni aldılar.
Ancaq müharibə davam edir, hələ tərəflər sülhdən çox uzaqdırlar. Sadəcə, indi müharibə ən azı 3 yerə şaxələnib və hərəsinin öz adı var.
Birincisi budur: ermənilərlə aramızda “əsəb müharibəs”i başlayıb. Onların İrəvanda və Xankəndidə çıxardıqları oyunlar əsasən bizim əsəbimizi tarıma çəkməyə, bir az da özlərini toxtatmağa hesablanıb. Elə bizim də onlara az qala həftədə üç dəfə yumruq göstərməyimiz, “dəmir yumruq başınızın üstündədir” deməyimiz o üzdəndir.
Ermənilərlə bizim apardığımız ikinci müharibənin adı “diplomatik müharibə”dir. Bu, hələ indi başlayır. Bu savaşın səngərləri Moskva, Ankara, London, Vaşinqton, Paris, Brüssel, Strasburq kimi şəhərlərin siyasi kuluarlarından keçir.
Müharibənin üçüncü poliqonu yenə çöllərdə, dərələrdə, təpələrdədir. Bu, mina müharibəsidir. Noyabr ayının 10-dan bu günə qədər keçən 4 ay 8 gündə elə bir həftə olmayıb ki, mina müharibəsində itki verməyək.
Lənətə gəlmişlər minaları çöllərimizə qarğıdalı dəni kimi səpib gediblər, ha təmizləyirik, bitib-qurtarmır və əsasən mülki əhali, az-az da hərbçilərimiz ehtiyatsızlıq üzündən həmin “ölüm maşınları”nın güdazına gedirlər.
Belə anlaşılır ki, mina müharibəsi uzun çəkəcək. Ermənilərin bizə qarşı kini, nifrəti, hiddəti bu tezliklə səngiyən deyil. Biz hələ “terakt müharibəsi”nə də hazır olmalıyıq. Əllərindən gəlməyəcək iş deyil.