Aradan çox yox, 2-3 il vaxt da keçsəydi, Qarabağ əldən de-fakto getdiyi kimi, de-yure də gedəcəkdi. Qüdrətli dövlətlər, beynəlxalq birlik baxmayacaqdı ki, bu torpaqlar bir zamanlar Azərbaycanın olub, yoxsa kimin olub.

O dairələr qızıl-qırmızıca üzümüzə durub deyəcəkdilər ki, bəli, yarım əsr əvvəl, SSRİ dönəmində Qarabağ ərazisi formal olaraq Azərbaycanın tərkibində olub, amma SSRİ 30 ildir dağılıb, daxili sərhədləri dəyişib, ona görə də mövcud status-kvo ilə barışmaqdan başqa çarə yoxdur.

Qarabağ ətrafında gedən bütün siyasi, diplomatik, hərbi proseslər o günə, o acı sözün bizə şappadan deyiləcəyi vaxta aparırdı. Qolunu, ayağını çırmalayıb, hətta çırmalamadan, eləcə patavasıyla münaqişəyə müdaxil olan böyük dövlətlərin də, beynəlxalq təşkilatların da bütün niyyəti Qarabağı bizdən alıb ermənilərin adına sənədləşdirməkdən ibarət idi.

Son illərdə bu niyyət və planların üstündən pərdə sürüşüb düşmüşdü. Qüdrətli dairələr həmin niyyətlərini Azərbaycan xalqına bildirməsələr də, dövləti idarə edənlərə bildirirdilər, bəzən ciddi-ciddi açıq danışır, bəzən “özünüz başa düşün də” tipli eyhamlar edirdilər.

Hələ 20 il öncədən onların əsl niyyətini anlayan, xalqa açıq-açıq anladan politoloq və jurnalistlər vardı, tez-tez mediada çıxış edir, “hər keçən gün bizi Qarabağdan uzaqlaşdırır” deyə həyəcan təbili çalırdılar. Bəzən bu, heç də təkcə təbil səsindən ibarət olmurdu, bütöv bir orkest səsi qopurdu.

44 günlük müharibədə baş verənlər, eləcə də indinin özündə gedən siyasi proseslər göstərir ki, biz Qarabağın ölkəmizə qaytarılması məsələsini əsasən həll etsək də, bir xeyli iş hələ qalıb. Öz həllini gözləyən məsələlər var və dövlətimizin, xalqımızın mövqeyi ondan ibarətdir ki, geri dönüş və torpağı güzəştə getmək söhbəti yoxdur.

Belə görünür ki, biz hələ də “Dağlıq Qarabağ Respublikası”, “Artsax Respublikası” deyən ölkələrlə, həmin ölkələrin siyasi və media dairələri ilə döyüşməliyik, onları başa salmalıyıq ki, getmiş qatarın cədvəlinə az baxsınlar, regionda yeni durum yaranıb.

29 il əvvəl SSRİ dağılanda da Rusiyanın mərkəzi televiziyasının “Zaman” xəbərlər proqramı hardasa 2 ilə yaxın müddətdə ölkənin hava durumuna dair proqnoz verərkən Bakının, Alma-Atanın, Daşkəndin, Tiflisin, Vilnüsün də havasına dair proqnozlar verirdi – Rusiyanın subyektləriymiş kimi. Kreml heç cür bu ölkələrin müstəqilliyi ilə barışmırdı, hər vəchlə çalışırdı ki, keçmiş sovet respublikalarının ictimaiyyəti hələ də rus dövlətinin müstəmləkəsi olduqlarını unutmasınlar.

İndi də bəzi dövlətlər Qarabaş müharibəsindən danışarkən “Dağlıq Qarabağ Respublikasının Zəngilan (Karvacar, Berdzor, Şuşi) rayonu” kimi saxta və süni inzibati-coğrafi terminlərdən istifadə edirlər. Heç demə, onlar Laçını, Zəngilanı, Kəlbəcəri, Qubadlını erməniləşdirilmiş adlarıyla birlikdə artıq qondarma “DQR”in əzəli ərazisi kimi qəbul edibmişlər.

Belə dövlətlərin mediası son illərdə Kəlbəcərdə, Laçında qanunsuz şəkildə məskunlaşdırılmış, noyabrın 20 günündə haqlı olaraq bu rayonları boşaltmağa vadar edilmiş ermənilərin “iztirablar”ından bəhs edir, onların az qala deportasiya edildikləri barədə reportajlar yayırlar. Əslində onlar bu boşaldılan ərazilərin hansı dövlətə məxsusluğunu yaxşı bilirlər, fəqət faktı elə təqdim edirlər ki, guya bu şəxslərin burada məskunlaşması artıq beynəlxalq hüququn subyektidir və adamları buradan çıxarmaq qanunsuzdur.

Bax, biz faktları bu cür təqdim edən, beynəlxalq hüquq və konvensiyalar barədə düşüncələri bundan ibarət olan dairələrdən ədalət gözləyirmişik.

Azərbaycan əsgərinin gücü olmasa, ortaya iradə, diplomatik səriştə qoymasaq, biz qiyamətə qədər bu torpaqların bir qarışının da üzünü görməyəcəkdik.

Hətta biz “DQR”-in müstəqilliyini tanısaq da, Qarabağ torpaqlarının böyük hissəsini bizə qaytarmayacaqdılar.

Gücsüz olmaqda, erməninin qabağından qaçmaqda davam etsəydik, əlimizdə olub-qalan başqa əraziləri də itirəcəkdik. Çünki ermənilər sentyabrın 27-nə qədər əmin idilər ki, bizdə Qarabağ davası edəcək hünər yoxdur, istədikləri vaxt hücum edib başqa ərazilərimizi də işğal edə bilərlər.

İndi onlar son 100 illik tarixlərinin ən böyük məyusluğunu yaşayırlar. Amma biz qələbə eyforiyasından ayılmalıyıq, döşədöyməyə son verməliyik və ordu quruculuğunu, iqtisadi qüdrətlənməni davam etdirməliyik.

Müharibə bitməyib, heç min il sonra da bitməyəcək. İnsan oğlunun yaşayış uğrunda mübarizəsi əbədidir.