Təsəvvür eləyin 32 il sonradır: 2052-ci il. İnsanlar Bakı küçələrində Qarabağ yürüşünə çıxıb.

Ağlasığmaz gələr sizə! Amma…

32 il əvvəl, sovet dövründə, 1988-ci ildə universitet həyətindən başlayan Qarabağ yürüşündə heç ağlımızın üfüqindən belə keçməzdi ki, 32 il keçəcək və… müstəqil Azərbaycanda yenə Qarabağ yürüşü keçiriləcək, insanlar hakimiyyətdən çoxdan işğal altına düşmüş Qarabağın azadlığını tələb edəcəklər.

Millətləşib, dövlətləşib sonuna çatmasaq, bu dava hələ uzun illər bitməyəcək, daha qorxunc hadisələrə səbəb olacağından danışmaq istəmirəm heç.

O vaxt biz tələbələrin bir qorxusu vardı – DTK təxribatı. İndi bizi istəməyən qonşu ölkələr və onların ölkəmizdə təsəvvür etməyəcəyimiz qədər güclənmiş dayaqları var. Xalqımızın başına bütün bəlalar ölkəni xaos bürüyən dövrlərdə gətirilib: 1990-cı ilin qışı, 1992-ci ilin yazı, 1993-cü ilin yayı… Yeni xaos bizi bir dövlət, xalq kimi çökdürər.

Dünənki olaylar göstərdi ki, ən dar ayaqda xalq da, siyasi təşkilatlar da dövlətçiliyin yanındadır. Radikal saydıqları müxalif partiyanın sədri belə bunu dilə gətirdi. 14 iyul yürüşündə hamı dövlətçiliyə sadiqlik nümayiş etdirdi.

Kütlə başsız qalanda üzü yüz yerə yönlənər. Odur ki, diqqətimizi gecə Milli Məclis binasına girənlərə, maşın aşıranlara, dini şüarlar səsləndirənlərə yox, bitməyən Qarabağ davasına cəmləməliyik. Kütlə olan yerdə təxribatçı da olur. Dünyanın bütün mübarizə hərəkatları bundan keçib. Bunun önünü mitinq, yürüş təcrübəsi olan vətəndaşlar yerindəcə alır, mühafizə orqanları tədbir görür.

Bizi əsas hədəfdən yayındıra bilməsinlər!

32 il əvvəl başlayan Qarabağ davasını ona görə uduzduq ki, ermənilər yumruq kimi birləşə bildiyi vaxt biz yumruqdan açılan barmaqlar ətrafına topalaşıb bir-birimizlə mübarizəyə girişdik.

Tarix təkrar olunmasın!

Xalq da, müxalifət də sözünü dedi. İndi söz hakimiyyətindir. Böyüklük eləsin, ümumxalq həmrəyliyi yönündə addımlar atsın: etimad yaransın deyə siyasi məhbusları buraxsın, xalqın nifrətini qazanmış yüksək çinli məmurları istefaya göndərsin, səfərbərlik elan etsin.

Elliklə Qarabağın azadlığına qalxaq.

Açılan barmaqları bir yumruqda birləşdirmək zamanıdır. Bu şansı qaçırmasa, bunu bacarsa, xalq hakimiyyətin çox günahını bağışlayar.

Olmasa, alınmasa, böyük xaos qaçılmazdır. Ölkəni belə xaosdan çıxara biləsi liderin, komandanın, təşkilatın olmadığı, görünmədiyi həssas vaxtda sayıq həmrəylik hamının məsuliyyətidir!

Vahid Qazi