“Deyirəm bu cürnə olmaz, mənə töhmət verirlər,
Deyirəm sizə elm verim, mənə rüşvət verirlər.
Amma mən almıram,
Dala da qalmıram”
(“Professor Klan” qrupu, “Saxta sənəd” mahnısından)
İki devalvasiyadan qəhrəmanlıqla salamat çıxaraq manat yüksəkliyinin düşmən dolların əlinə tam keçməsinə imkan verməyən Elman müəllim bugünlərdə tam haqlı olaraq “İgidliyə görə”, ya da “Vətənə xidmətin ikinci dərəcəsi” medalıyla təltif edildi. Bu münasibətlə keçirdiyi brifinqdə baş xəzinədarımız saxta pullarla mübarizənin kəskinləşdiriləcəyini də anons etdi.
Görəsən bizdə saxta pulları kim kəsir? Mən buna çox da inanmıram. Manatın saxtasını düzəltməkdənsə, onun dəyərində saxta məhsulu düzəltmək daha sərfəlidir. Örnək üçün, tutalım sənə saxta 100 manatı dövriyyəyə buraxmaq lazımdır. Bundansa 100 manatlıq eşşək leşi tapıb “quzu cəmdəyi” adıyla ət bazarında 200 manata satmaq məqsədə uyğundur. Əziyyəti də yüz dəfə azdır: saxta pul qayırmaq üçün rəsm qabiliyyəti, çap maşını, su nişanı vurmaq üsulunu bilmək və sairə qabiliyyətlər lazımdır, ələ keçəndə məsuliyyəti də ağırdır. Eşşək əti isə hər yerdədir. Vaxtaşırı leş mafiyalarımız haqda xəbərlər oxuyuruq. Hətta görürsən özlərinə “Leş Filankəs” təxəllüsü götürürlər. Qurdalasan AYB üzvü çıxarlar. “Bu gün AYB-nin Natəvan klubunda dəyərli şairlərimizdən Leş Tofiqin “Ağ ətin harayı” poemasının imza günü keçirilmişdir”.
Məhkəmədə dələduzlar dəstəsinin məhkəməsi gedir. 10 mənzili təkrarən 11 nəfərə, başqa bir yerdəki 33 mənzili isə yenidən 37 nəfərə satıblar. (Dünən, təsadüfə baxın, 5-ci sinifdə oxuyan uşağın riyaziyyat tapşırıqlarını yoxlayırdım, gördüm orda çoxluqlar, onların birləşməsi və kəsişməsi dərsini keçiblər. Həmin mənzil dələduzlarının əhvalatı tam dərsliyə düşəsi işdir. Qoy uşaqlar gələcəyə, Azərbaycanda həyata hazır olsunlar. Təhsil Nazirliyi güman edirəm yazımdan nəticə çıxarar). 10 mənzili təkrarən 11 nəfər satmaq nə deməkdir? 10 mənzili 2 dəfə, 1 mənzili isə 3 alıcıya eyni vaxtda satmaq deməkdir. 33 mənzildə də 3 dəfə satılan mənzil 4 dənə olubdur. Ümumilikdə 33 mənzil 70 nəfərə satılıb. Vallah, halal olsun. Heç neft yataqlarımız bu dərəcədə gəlir vermir. Bu cür istedadlı adamlarla bir ölkədə yaşayırıq. Dörd quru divardan ardıcıl olaraq pul çıxarıblar.
Yaxud, təzəlikcə bir yaraşıqlı, yaşlı kişinin general formasında şəklini vermişdilər. Sən demə bu dayı formanı özü qayırıb, özünə rütbə, medal-zad bağışlayıb, camaatı qazlayıb pul yığırmış. Ancaq tutub zindana saldılar. Nahaq yerə. Ona aldananları niyə tutmursunuz? Nə üçün dələduza pul ödəyiblər? Bu temada qədim bir ata sözümüz də vardır, məktəblilər oxumasın: “Düyə göz eləməsə, buğa atılmaz”. Xaçmaz rayon xəstəxanasının baş həkimini aldadıb 120 min manatını alan saxta “DTX generalı” məhkəmədə yaxşı ifadə vermişdi, deyir əslində mən o pulu doktoru Sumqayıta baş həkim düzəlmək üçün almışdım, sadəcə o iş alınmadı, indi bizim şantajla pul aldığımızı yalandan uydurur, bizə şər atır. Kimə inanmalıyıq? Hər kəsə. Ya da heç kimə. Molla Nəsrəddinin lətifəsindəki kimi, Azərbaycanda hamı düz deyir. Ümumiyyətlə, saxta yolla vəzifə düzəldən adama şər atmaq mümkündürmü? Elə bir adam qalıbmı ona baxıb düzlənək, ondan örnək götürək, korrupsioner olmamağı, yalansız yaşamağı, yaltaqlıq etməməyi öyrənək? Çox azdır. Hərə bir əlin barmağı qədər saya, ya saymaya. Sayanda da görəcəksən bəziləri eyni adam çıxdı – iki şəxsin eyni mənzili alması əhvalatındakı kimi. Kəsişən çoxluqlar alındı.
Başqa bir dələduz qrupunun ələ keçməsi isə necə novator olmağımızı göstərir. Bunları hətta bir növ postmodernist dələduzlar adlandıra bilərik. Taksi sürücüsünə saxta bir sənəd verib harasa çatdırmağı xahiş edirmişlər. Guya qarşılayacaq adam (dəstə üzvü) telefonun o başında şoferə deyirmiş ki, sən o sənədi yola salana filan qədər pul ver, mən burda sənədi alanda pulu üstündə zəhmət və yol haqqıyla qaytararam. Şübhəsiz, ağıllı adamlardır. Necə deyərlər, baş var, ancaq qarpıza işlədiblər. Biz çalışmalıyıq bu cür insanları vətənimizin gələcəyi naminə faydalı işlərə yönəldək.
Kim bu yazının üstünə 100 manat qoyub redaksiyaya gətirsə ona həmin faydalı işləri göstərərəm.