“Hər şeydən öncə faktlar lazımdır, sonra onlarla nə istəsən edə bilərsən”
(Mark Tven)
Deyir, növbədənkənar parlament seçkiləri keçirilə bilərmiş. Ancaq parlament üzvləri və hökumət qətiyyətlə bu şayiəni təkzib etməkdədir. Camaatı anlamaq olar, bundan qabaq bir neçə dəfə buna bənzər seçki vaqiələri başımıza gəlmişdir. Eyni zamanda deputatları və hökumət üzvlərini də başa düşürük. Onsuz seçki keçirilsə kimsə onların rəyini soruşmayacaqdır. Elə bizim də. Şahmar Ələkbərovun 1991-ci ildə çəkdiyi “Qəzəlxan” kinosunda Əliağa Vahidin maraqlı bir şeirini səsləndirmişdilər: “Biz kimik, məclis onun məclisidir”. Uzaqgörən əsərmiş.
Xəbərin təkzibinə cəhd edən deputatlar “Bizə növbədənkənar seçkilərin vacib olmasını əsaslandıran hansısa arqument göstərin” deyirlər. Guya konstitusiyaya görə seçkilərə hələ bir il qalırmış. Birincisi, konstitusiya (hər dəfə bu zəhləmgetmiş, dilimizə yatmayan yabançı sözü yazanda əziyyət çəkirəm, Anadoluda bu problemi yaxşı çözüb “anayasa” sözünü yaradıblar) Quran ayəsi deyil. Kefimiz istəyər, onu da dəyişərik. İkincisi, növbədənkənar parlament seçkilərini zəruri edən “n” qədər səbəb sayaram.
Örnək üçün, Kənd Təsərrüfatı Nazirliyi təzəlikcə xəbər vermişdi, şimal rayonlarımızda yağışlar üzündən bəzi taxıl sahələrinin biçilməsi gecikir. Yaxud metroda iki cavan oğlan bıçaqlaşıb, bəs deputatlar hara baxır? Çünki metroya minməyi özlərinə sığışdırmırlar. Hələ növbəti gəlinin əmisi oğlunun baldızının babasına qoşulub qaçmasını demirəm. Elə tək bu saydığım 3 səbəb yetər ki, təzə parlament seçkiləri zəruri olsun. Tema açılmışkən, bizim bu “qaçan gəlinlər”imiz artıq beynəlxalq trendə çevrilir, qürur mənbəyimiz olur. Deyir, Dubay əmirinin hərəmxanasındakı yeddi arvaddan biri 40 milyon dollar götürüb Londona qaçıbdır. Hazırda əmir arvadı tələb edir, ancaq arvad orada siyasi sığınacaq almaq üzrədir. O qədər pul gətirib, mütləq sığınacaq vermək lazımdır. Hələ özünü yaxşı aparsa “Harrods” univermağında alış-veriş üçün özəl piştaxta ayıracaqlar. İngilislər belə məsələləri yaxşı bilirlər. Əslində indi yadıma düşdü ki, bu qaçaqaçın mədəni-sosial əsaslarını elə bu anqlosaksonlar qoyublar, vaxtilə “Qaçmış gəlin” adında film də çəkmişdilər. Sən demə, biz müsəlmanların əxlaqını korlamaq istəyirmişlər. Yaramazlar. Yoxsa harada görünüb gəlin baş götürüb qaçsın? Uzağı gəlinin özünü qaçırtmaq olar, klassik ədəbiyyatımızda bu temada çoxlu şirnikləndirici yazılar vardır. Misal üçün, görün şair sazı sinəsinə basıb nə deyir: “Taxtına çıxmaram, taxtın ucadır, Qoynuna girmərəm, yarı gecədir, Deməginən Molla Pənah qocadır, Səni tamam yesəm doymaram, gəlin!” Elə bu şeirin özü də növbədənkənar parlament seçkiləri keçirilməsini zəruri edir. İndi söz əlaqədar təşkilatlarındır. Zarafat edirəm, hələlik onlarla işimiz yoxdur. Əlaqədar təşkilatlar elə şeydir ki, onun növbədənkənar seçkisi olmur. Həmişə, hər yerdə öz növbələrini gözləyirlər, öz məqamlarını dəqiq bilirlər.
Ümumiyyətlə, “növbədənkənar seçki” ifadəsi qüsurlu ifadədir. Nəyin növbəsidir? Növbələr keçmişdə, sovet hökumətinin qıt vaxtlarında qaldı. Dükana uzun, türkün sözü, quyruq yaranırdı, axırda talonla bir kilo, Napoleonun Moskvaya yürüşü vaxtından qalma ət alırdın. O vaxtlar, yeri gəlmişkən, Məzahir müəllim universitetdə tələbə və müəllimlərə talon verilməsinə baxırdı. İndi isə seçkiləri keçirdir. İndi bizim iqtisadi gücümüz elədir ki, istədiyim zaman, istənilən məsələ, vəzifə üzrə seçkilər keçirərik, uf da demərik. İsveçrədə hər il prezident seçkiləri olur, heç buna “növbədənkənar” deyən varmı? Bizim İsveçrədən nəyimiz əskikdir? Şokolad var, saat da o qədər çoxdur, İspaniyada oğrulara veririk.