Çoxdan müşahidə elədiyim bir vəziyyət var: Azərbaycanda kim xeyriyyəçilik fikrinə düşsə, imkansız uşaqlara, məktəblilərə hədiyyə, kitab-filan paylamaq istəsə dağ kəndlərini, gözəl mənzərəli yerləri seçir. Burda “ucqar kəndlər” anlayışı əslində çox nisbidir. Aran rayonlarımızda, isti, tozlu, şoran kəndlərimizdə daha ağır günlər keçirən onlarla kəndlər, minlərlə uşaqlar var. Deməli burada məqsəd ayrıdır.
Ümumən bizim xeyriyyəçilik prinsiplərimiz karikaturdur. Bir nəfər var, adını çəkmək istəmirəm, hansısa şübhəli yollarla gedib milyarder olub. İndi biz bununla fəxr eləməliyik, həmyerlimizdir axı. Di gəl adamın adı hansısa arvadına 500 milyon dollara yaxın aliment ödəmək tipində məsələlərdə çəkilir. O pulu bir erməni, yəhudi qazansa nə qədər tələbə oxudardı, millətinin gələcəyinə investisiya qoyardı. Bizimkilər isə yüngül qadınların bədəninə maya qoyurlar və bu mənada əlinə keçən 15-20 manatı barda xərcləməyə qaçan hansısa ərgən maşın yuyucusundan qəti fərqlənmirlər. Yəni bu iş Londonda ya Əhmədlidə yaşamaqla ölçülmür. Mahiyyət eynidirsə, düzələn iş deyil.
Ancaq bu millətin messenat övladları da olub axı. Hacı Zeynalabdin Tağıyev kimi, məsələn. Haqqında cürbəcür əfsanələr uydurulsa belə, ortalıqda həqiqət olmasa millət onu belə uzun zaman sevməzdi. Tağıyevin portretini ofisinə, evinə asan adamlar görmüşəm. Təbii, bunu da çox danışsan “Tağıyevi, uşaqlarını acından öldürdük, bizdə el üçün ağlayan göz kor olur” söhbəti ortaya çıxacaq. Bu isə ling kimi bir söhbətdir, qarşısını heç nə ilə blok eləmək olmur.
Elə bu arvadına dünyada görünməmiş boşanma ödənciylə adı çıxan qardaşımız gözü çıxan qardaşlar silsiləsindən imiş. Bunun atası sovet dövründə rayonda konserv kombinatının müdiri olub, yerli hökumətimiz tutub güllələnmə cəzası kəsib – faktiki, heç nəyə görə. İndi belə şəraitdə, hardasa yetim böyüyüb əli çörəyə çatan, milyarder olan adam azərbaycanlılara niyə kömək etsin? Biz onun atası öldürüləndə səsimizi çıxartmışdıq? Yox.
Məqamı gəlib, çoxdan eşitdiyim bir əhvalatı yazım. Deyilənə görə olmuş hadisədir. Sovet vaxtı “İks” rayonumuzdan (rayonun konkret adı da var idi, pis çıxmasın deyə yazmadım) bir nəfər Nüsrət adlı şəxs gedir Rusiyaya, orda yaxşı imkan, pul qazanır, nəhəng bir kombinatın direktoru olur. Bunun yerliləri bir gün toplaşırlar, deyirlər gedək Nüsrətin yanına, bizə çörək versin. Gəlib Nüsrəti tapırlar, deyirlər qardaş, sən bizə çörək ver, işə düzəlt, rayonda acından qırılırıq. Nüsrət hirslə yerindən qalxıb bunları qovur, deyir: “Rəhmətliyin uşağı, mən 30 ildir üzümü qırxanda da güzgüyə baxmıram ki, öz rayonlum olan adamı görərəm, siz isə gəlib mənimlə işləmək istəyirsiniz! Rədd olun burdan!”
Sonda hörmətli oxucuların iki reaksiyasına yer ayıraq. Birini Elçin bəy (özü adını yazmamağımı istədi, mən də belə verdim, indi tapın görək hansı Elçin bəydir) zəng vurub bildirib. “Türkan və dəniz” adlı yazımla bağlı. O yazıda türkanlıların Xəzər üzünə həsrət qalmasından, dənizin hasarlanmasından danışılırdı. Elçin bəy deyir Türkanda Xəlil Rza Ulutürkün bağı var. İnqilabçı şairimiz sağ olsaydı bir nərə çəkib milləti ora tökərdi, hasarları uçurdardı. Yaxşı xatırlatmadır.
İkincini isə Taleh Rzaxanov yazıb. Taleh bəy bizim Bakı Beynəlxalq Avtovağzalından çox yazmağımızı sezib, öz müşahidələrini bölüşmək istəyib. Deyir Sumqayıtda universitetdə oxuyuram, təzəlikcə ora getmək üçün avtovağzala gələndə bir qadın avtovağzalın qarışıq binasına baxıb “Bura lap fermaya bənzəyir” dedi. Taleh bəy özü isə binanı qıraqdan baxanda yekə üzüm tənəyinə oxşadıb.
Əslində bu özü bizim iqtisadi uğurlardan sayılır, çünki hərə avtovağzala baxanda bir zad görür. Deməli avtovağzal çoxlu zad olur. Rəngarənglik, mırtıkulturizm, göy qurşağı belənçik yaranır, ürəyimiz açılır. Doğrudan da avtovağzalın binası uzun və boş dəhlizlərinə görə tam fermadır. İçində inəklər çatışmır.
Sözgəlişi, elə dövlət özü də bilmir bu rəngarəng baxış bucaqlarına görə avtovağzalı kimə tabe eləsin. Bir ara Ziya müəllimin qardaşında idi, sonra alıb Nəqliyyat Nazirliyinə verdilər, ora ləğv ediləndə Prezident Administrasiyasına bağışladılar, nəhayət təzəlikcə deyilənə görə Rabitə Nazirliyinə veriblər. Bəlkə də bu yazı çıxan gün Beynəlxalq Avtovağzal Kənd Təsərrüfatı Nazirliyinə verildi. Niyə də yox? Rayonlardan qatıq gətirən nənələr üçün də yaxşı olar, bəlkə bilet pulu düşər.