Ermənistanda bizim oturub zövqlə izləyəcəyimiz qədər maraqlı hadisələr baş verir. İrəvanda 17 iyuldan bəri polis post-patrul alayının ətrafında yaşananların 1993-cü ilin 4 iyun Gəncə qiyamına da bənzərliyi az deyil. 23 il əvvəl Azərbaycandakı qiyama Qarabağ müharibəsi “qəhrəmanı” Surət Hüseynov rəhbərlik etdiyi kimi, Ermənistanda baş qaldıran silahlı üsyanın da baş rolunda Qarabağ müharibəsinin veteranı – “Şuşa” batalyonunun sabiq komandiri Jirayr Səfilyandır.
Düzdür, Sərkisyan hakimiyyətini devirməkdə ittiham olunan Qarabağ canisi həbsdədir. Ancaq buna baxmayaraq, üçüncü həftədir İrəvanı ayaqda saxlayan prosesləri idarə edən məhz həmin bu Səfilyandır. Türk soyadlı (Səfilyan) bu cani hətta həbsxanadan Serj Sərkisyana diktə edəcək qədər güclüdür. Onun bu gücü, qüvvəni haradan aldığı, bir ovuc silahlının niyə indiyə qədər ram edilmədiyi əsas suallardandır.
Sözsüz ki, bu prosesləri başlatmaq təkcə bir silahlı dəstənin imkanları xaricindədir. Baş verənlərlə bağlı Sərkisyanın sükutu onun aqoniya vəziyyətində olmasının, çıxılmaza düşməsinin əlamətidirsə, müdafiə naziri Seyran Ohanyanın sükutu başqa mətləblərdən xəbər verir. Hətta müxalifət lideri Levon Ter-Petrosyanı da ələ almağı bacaran Sərksiyan bu gün Ohanyana bata bilmir.
May ayında Sərkisyan Qarabağdakı “könüllülər”ə – “Yerkrapa” üzvlərinə danışıqlar getdiyi üçün silahları təhvil verib Ermənistana qayıtmaqla bağlı çağırış edəndə və rədd cavabı alanda Qarabağ canilərinin yanında yer alan müdafiə naziri Seyran Ohanyan oldu, hətta könüllülərə “xüsusi hörmət”indən danışdı. Bundan sonra Ohanyanın istefaya göndəriləcəyi barədə məlumatlar yayıldı. Lakin Sərksiyan bunu bacarmadı. Ermənistandakı proseslərdə diktə edən “Yerkrapa” vaxtilə Ter-Petrosyanın devrilməsində, qarabağlı səhra komandirlərinin hakimiyyəti ələ keçirməsində əsas rol oynayıb. Sərkisyan bunun da yaxşı fərqindədir.
Sərkisyanın Ohanyana etimadı o qədər azaldı ki, hətta o, son ayda iki dəfə Lələtəpə istqamətinə qədər gəlib şəxsən mövqelərə baxış keçirdi. Qarabağlı nazir isə istefası barədə şayiələri şərh etməkdən imtina etdi. Deməli, İrəvanda mühasirədə olan silahlıları erməni ordusunun başında dayanan şəxs “qidalandırır”, özü də təkcə ərzaqla deyil, həm də silahla.
Bəs, Ohanyan bu cəsarəti haradan alır? Nəzərlər əlbəttə ki, Rusiyaya yönəlir. Ohanyanın sükutu Rusiyanın sükutuna çox bənzəyir. Kreml aprel müharibəsi zamanı cəmi 3 gün susmuşdu. O zaman bütün Ermənistan şokda idi. Amma 17 iyulda bir alayı ələ keçirən, snayperlə polisə atəş açan terrorçular nədənsə Rusiyanı “narahat etmir”.
Hətta ABŞ-ın Ermənistandakı səfirliyi öz vətəndaşlarına təhlükə barədə xəbərdarlıq etsə də, Rusiya səfirliyi susdu. Ermənilər isə Rusiyanın Ermənistandakı səfiri İqor Volınkinin “Ermənistanda ruslara heç bir təhlükə olmadığı” barədə açıqlamasını lağa qoydular, onun familiyasını ələ salıb “tuluqzurnası” adlandırdılar.
Beləcə, Kreml 3-cü həftədir susur. Məntiqlə isə bu ölkədə baş verənlərdən ən çox Rusiya narahat olmalı idi…
Şübhəsiz ki, Sərkisyan tərəfindən sıxışdırılan Ohanyanın Moskvadakı son görüşlərində hazırlanan ssenari razılaşdırılıb. Əks təqdirdə Rusiya Ermənistandakı hərbi bazasına təhlükəni əsas gətirib Sərkisyandan üsyanı dərhal yatırmağı tələb edə, hətta “Alfa” qrupunu göndərib məsələni bir gecəyə həll edə bilərdi.
Kəsəsi, Kreml Sərksiyanı cəzalandırır. Təkcə ona görə yox ki, Sərkisyanın dönəmində ermənilər Rusiyaya “Rədd ol” deyəcək qədər cəsarət sahibi oldular. Həm də aprelin 6-da satqın Serjin Almaniyada kansler Merkelə Rusiyadan şikayətlənməsinə cavab olaraq. Təkcə buna görə yox. Sərksiyan son zamanlar Putinin olmadığı çox yerlərə getdi, Vaşinqtondakı nüvə sammitinə getdi, bir gün sonra aprel döyüşləri başladı. İyulun əvvəlində Sərkisyan Rusiyanın təhdid olunduğu Varşavadakı sammitə qatıldı, bir həftə sonra Sərkisyana qarşı silahlı üsyan başladı.
Sərkisyanı əvəzləyəcək başqa bir qarabağlı da var-Ohanyan. Xocalı qatili təbii ki, Azərbaycana heç cür sərfəli namizəd deyil, amma Kremlin əlinə oynayır.