AMEA-nın Tarix və Etnologiya İnstitutu tərəfindən hazırlanan Azərbaycan tarixinin yeni konsepsiyası elmi yanaşmada köklü dəyişiklikləri özündə əks etdirir. Yeni yanaşma tariximizdəki bir sıra süni şəkildə siyasiləşdirilmiş tezisləri elmi faktlarla əvəz edir. Xüsusilə Azərbaycan xalqının formalaşmasında “Türkləşmənin XI əsrdə Səlcuqlarla başlaması” barədə əhəmiyyətini itirmiş köhnə baxış tamamilə rədd edilir. Yeni konsepsiyaya əsasən, Azərbaycan Ön Asiyadakı türk varlığının mərkəzi hesab olunur və xalqımız ilk vaxtlardan məhz türk etnosu kimi bu torpaqlarda formalaşaraq öz maddi-mədəni irsini yaradıb. Səlcuqların gəlişi isə bu bölgədə mövcud olan türk amilini daha da möhkəmləndirib.
Medianews.az xəbər verir ki, bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov deyib. Professor bildirib ki, dövlətçilik tariximizə münasibətdə də mühüm yeniliklər tətbiq olunur: “Əgər əvvəllər Azərbaycan ərazisindəki dövlətlər bir-birindən ayrı, qopuq şəkildə təqdim olunurdusa, indiki yanaşmada vahid Azərbaycan dövləti ideyası əsas götürülür. Bu prinsipə görə, müxtəlif tarixi mərhələlərdə dövləti idarə edən sülalələr dəyişsə də, Azərbaycan dövləti bir tam halında öz varlığını qoruyub saxlayır. Eyni zamanda, tariximizdə ilk dəfə olaraq Şimali, Cənubi və Qərbi Azərbaycan coğrafiyası vahid kontekstdə nəzərdən keçirilir. Xüsusilə Qərbi Azərbaycan tarixi ümumi Azərbaycan tarixinin ayrılmaz tərkib hissəsi kimi sistemli şəkildə tədqiqata cəlb olunur və 1918-ci ildən sonrakı dövr xüsusi ardıcıllıqla işıqlandırılır”.
Professor qeyd edib ki, tariximizin dövrüləşdirilməsi də dünya elmi praktikasına uyğunlaşdırılıb: “Yeni konsepsiyada orta əsrlər mərhələsi ölkədə İslamın yayılması və böyük ictimai dəyişikliklərin baş verdiyi ərəfədən hesablanır. Azərbaycanın yeni dövr tarixi isə əvvəlki yanaşmalardan fərqli olaraq, 1501-ci ildə Səfəvilər dövlətinin meydana gəlməsi ilə start götürür. Bütün bu elmi yeniliklər “Biz kimik?” və “Vətənimizin ərazisi nə qədərdir?” kimi fundamental suallara dəqiq cavab tapmağa, xalqımızın milli kimliyini və tarixi coğrafiyasını gələcək nəsillərə daha dolğun şəkildə ötürməyə xidmət edir”.