“Günəşli”dəki fəlakətin miqyası o qədər böyük oldu ki, Nardarandakı itkilərimizi də arxa plana keçdi. Xəzərdə də az itkilər verməmişik. Üzə bilməyib batanlar, balıq ardınca gedənlər… Ancaq 6 dekabr faciəsi miqyasına görə bənzərsizdir – 30-dan çox itki!
Böyük dərddir. Bu dərd təkcə Xəzərdəki qurbanların ailəsinin deyil, hamımızındır, bütün Azərbaycanındır. Çəkməliyik, ağrısını-acısını yaşamalıyıq, bölüşməliyik. Əgər neftin, qazın bəhrəsini bərabər görürüksə, deməli, onun gətirdiyi bəlaları, bizə verdiyi faciələri də birgə yaşamalıyıq.
“Günəşli” qurbanları təkcə ailəsinə çörək qazanmaq üçün bunca təhlükəli işdə çalışmırdılar. Onlar həm də Azərbaycan adına çalışırdılar, gecəli-gündüzlü, fırtınalı dənizin ortasında gərgin işləyirdilər. Hətta xaricilərə onlardan daha çox əmək haqqı verilməsindən şikayətləndikləri də olurdu. Fərqinə varmırdıq ki, Azərbaycanın dünyada önə çəkilməsində, böyük gəlirlər əldə etməsində əli qabarlı neftçilərin mühüm rolu var. 22-62 yaşlarında 30 neftçiyə vaxtında qiymət verə bilmədik…
Bəli, faciələrdən heç kəs sığortalanmayıb. Amma əgər 1984-cü ildə istismara verilən platformada faciə məhz köhnə borunun qırılması nəticəsində baş veribsə, təhlükəsizlik tədbirlərinə əməl olunmayıbsa, bu, bağışlanmaz haldır. Küləyin sürətinin saniyədə 35-40 metr olması heç kəsə özünə bəraət qazandırmaq imkanı vermir. Hər kəs bilir ki, Xəzər fırtınalı dənizdir və istənilən zaman istənilən hadisə ola bilər.
Musavat.com 3 dekabr 23.02-də dənizdə gəmiçi işləyən şəxsə istinadən xəbərdarlıq etmişdi. Sitat: “Hazırda dənizdə dəhşətli qasırğa var. Dalğalar gəmini atıb-tutur. Gəmi kapitanı bizə bildirib ki, ailələrinizə zəng edib məlumat verin”. Ekologiya və Təbii Sərvətlər Nazirliyi də qeyri-sabit hava ilə bağlı xəbərdarlığını etmişdi.
Deməli, qarşıdakı günlərdə ciddi təhlükəsizlik tədbirlərini görmək, lap neftçiləri vertolyotla evlərinə daşımaq, onları otel gəmilərə yığıb dənizdə saxlamaq olardı. Bir platformada 63 nəfəri ölümlə üzbəüz saxlamağın mənası nə idi? Bir-iki gün qazıntı işləri dayandırılsaydı, dünya dağılmazdı. Necə oldu ki, həmin qasırğada bir nəfər əcnəbinin burnu qanamadı, onların həyatı qiymətlidir, ona görəmi?
“Hər dəfə vertolyotdan düşəndə briqadamızın işçiləri bir ağızdan ”düşün uşaqlar, yenə bu xarabaya gəldik” deyərdilər… Ustalar həmişə gecə vaxtı uzaqdan “Azəri”, “Çıraq” platformalarındakı şəraitdən və işçilərin rahatlığından danışardı”.
Bunu “Günəşli” platformasının keçmiş işçisi Coşğun Kərimov facebookda yazıb. Şübhəsiz ki, məsul şəxslər də vəziyyətdən hali olub. “Günəşli” niyə gözdən-könüldən iraq düşüb, ingilislər işləmədiyi üçün?
Bundan əvvəl “Neft Daşları”nda bənzər faciə olmuşdu, üstündən yarım əsrdən çox keçib – 21 noyabr 1957-ci ildə. O vaxt qasırğa sütunları aşırmış, 21 neftçi həlak olmuşdu. Həmin vaxt insanları xilas etmək texniki problemlərdən mümkün olmamışdı, “Neft Daşları” cəmi 8 il idi ki, tikilmişdi.
Ancaq bu gün biz kosmosa üçüncü peykimizi buraxmağa hazırlaşırıq, niyə vaxtında evakuasiya tədbirləri görülməyib sualına cavab verilməlidir. Şahidlər deyir ki, 30-dan çox neftçinin olduğu qayıq saatlarla platformanın kənarında asılı qalıb. Niyə onların köməyinə vaxtında yetişməyiblər?
***
Hadisədə təxribat izi axtaranlara rəsmi reaksiya verilib. Ancaq tam təkzib də deyil. “Təxribat olarsa, platformaya nəsə qoyardılar… Amma nə bilim, hər şey ola bilər. Komissiyanın tərkibində MTN var, yəqin ki, onlar bunu araşdırıb tapacaqlar”- Azərbaycan Dövlət Neft Şirkətinin 1-ci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.
Təbii ki, prezident sərəncamı ilə yaradılmış komissiya son sözü deyəcək. Ancaq şübhələr kifayət qədərdir. Bu hadisənin baş verdiyi gün olanları xatırlayaq: Türkiyənin Baş naziri Əhməd Davudoğlu Bakıda çox mühüm görüşlər keçirtdi, ciddi mesajlar verdi; Azərbaycan rəhbərliyi Türkiyə ilə bir yerdə olduğunu növbəti dəfə bəyan etdi; Ankara Rusiya qazının alternativlərindən biri olaraq Azərbaycan qazını nişan verdi və…
Davudoğlu geri dönən saatlarda “Günəşli” alışdıE Günahkar sadəcə, təbiətdirmi? Demək çətindir. Ancaq Rusiya Xəzərdən Suriyanı vuranda təhlükənin qapımızı kəsdirdiyini çoxları deyirdi. Bakı, neft yataqlarımız hədəf ola bilər, yazmışdıq. 4 dekabrda Rusiyanın Xəzər Donanması Həştərxanda “S-400″ zenit-raket sistemini sınaqdan keçirmişdi. Üstəlik, həmin gün parlament dini ekstremizmə qarşı mübarizənin sərtləşdirilməsinə də qərar vermişdi…