Avropa Yay Oyunlarına cəmi 10 gün qaldı. Ölkəboyu həyəcan artır. Yollara çəkilmiş sarı xəttə görə cərimələmək həyəcanını nəzərdə tutmuram. Adicə evə bir qonaq gələndə onun kəm-kəsirsiz qarşılanıb, yola salınması üçün ev sahibi daha nələr eləmir. Bu mənada minlərlə insanın təşrif buyuracağı evdə – ölkədə müşahidə olunan həyəcan anlaşılandır.
Əgər Azərbaycan olaraq bu işə girişmişiksə, böyük bir yarışmanı urvatlı şəkildə başa çatdırmalıyıq ki, düşmən yanında xəcil olmayaq. Görmədinizmi penoplast yanğınına erməni necə sevinirdi? Elə edək belə peşmançılıqlar təkrarlanmasın. Bir az geniş düşünək, söhbət iqtidardan yox, Azərbaycan dövlətindən, xalqından gedir. Ona görə də biz toplum olaraq üzərimizə düşənləri etməliyik.
Avropa Oyunlarına ev sahibliyi etməyimizdə əsas məqsəd Azərbaycanı dünyaya tanıtdırmaqdırsa, gəlin, bu məmləkəti normal ölkə kimi tanıdaq. Bəli, hakimiyyətin də görməli olduğu çox işlər var və onlar həllini tapmalıdır. İlk növbədə həbsdəki insanlarımızla bərabər. Hələ vaxt var və ümd edək ki, gözlənilən tarixi qərar veriləcək…
Fikrimcə, nəinki rəsmi şəxs, hər bir sadə insan da məsuliyyətini dərk etməlidir ki, avropalı gəlib 97 yaşlı respublikanın vətəndaşlarının əcaib-qəraib davranışlarına şahidlik etməsin. Avropa Oyunları bizim yaxşı görünməyimiz üçün böyük bir şansdır. Bulvarımız gözəl olduğu qədər gərək davranışlarımız da xoşagəlimli olsun.
Məsələn, əcnəbilər görsə ki, bu ölkədə siqareti çəkib kötüyünü ətrafa tolazlayır, zibili hara gəldi atırlar, bizi “yaxşı” tanıyacaqlar. Düzdür, 10 günə pis vərdişdən əl çəkəsi deyilik, amma heç olmasa cəhd edək. Heç olmasa zərərli vərdişləri tərgitməyə başlayaq ki, bir gün onlardan xilas ola bilək. Avropa Oyunları ilə bizimçün həyat bitmir ki. Qoy bu yarış bizim normal millət olaraq formalaşmağımız üçün həm də bəhanə olsun, iqtidarlı-müalifətli, bitərəf…
Məncə, könüllülər xüsusi lövhələr, ya geyimlərlə “silahlanıb” siqaret çəkən vətəndaşlarla söhbət apara bilər. Lap belələrini cərimələmək də olar. Nəhayət, qaydalara adət etməyi öyrənməliyik. Metroda, taksidə, avtobusda, dayanacaqda, marketdə…hər yerdə normal davranmağı bacarmalıyıq. Bütün bunlar bizim millət olaraq tanınmağımız üçün yatırımımız olacaq…
Bizim əksər turizm obyektləri əcnəbiyə “qaz” kimi baxır, yəni “əlimizə düşüb, yolub buraxaq”. Bu sahəyə də ciddi diqqət yetirməlidir ki, biabır olmayaq.
Avropa Oyunları ilk növbədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha dünyaya çatdırılması üçün mühüm fürsətdir. Fakt budur ki, dünya artıq ənənəvi metodlarla işğal, təcavüz məsələlərinə ciddi reaksiya vermir. Demək fərqli metodlar gərəkdir.
Avropalıları bir yerə yığıb deməyəcəyik ki, Qarabağ işğal altındadır.
Hava limanından üzü şəhərə doğru uzanan yolda Qarabağın işğalda olduğunu nümayiş etdirən lövhələr asıla bilər, gecə işıqlandırması olmaq şərtilə. Təklif edirəm ki, Milli Parkda, yaxud şəhərin bir sıra digər yerlərində işıqlandırma sistemi ilə Azərbaycanın xəritəsi əks olunsun. Qoy qartal-xəritənin 80 faizi işıqlandırılsın, ya rəngli işıqlar yanıb-sönsün, 20 faiz ərazi isə fərqli rəngdə təqdim olunsun. Yaxud elə ingilis dilində xəritəyə işğal faktını əks etdirən bir cümlə də yazmaq olar. Bu, əcnəbilərdə təcavüz haqda aydın təsəvvür yaradacaq…
Başqa təklifim var: Şuşanın işğalı zamanı güllələnmiş heykəllər (Üzeyir Hacıbəyli, Bülbül, Natəvanın heykəlləri) İncəsənət Muzeyinin həyətindən nəhayət ki, çıxarılmalıdır. Onları paytaxtda gediş-gəlişin gur yerlərindən birinə qoymaq olar, üzərinə bir lövhə yazmaqla. Erməni vandallığını ifşa etmək üçün bundan yaxşı fürsət?
Bizim ən ciddi problemimiz Qarabağın işğalda olmasıdır və bütün tədbirlərin baş məqsədi həqiqətlərimizi dünyaya yaymaqdır. Elə isə hələ İŞİD olmadığı vaxtda erməni İŞİD-çiliyinin əclaflığına hədəf olan heykəlləri niyə gizlədiri ki?
Yaxud şəhərin ayrı-ayrı ünvanlarında Qarabağla bağlı lövhələr də vurulmalıdır. Əks təqdirdə avropalı bizim artıq Qarabağı unutduğumuzu zənn edər. Şübhəsiz ki, turist bura istirahətə gəlir, bizim faciəmizə yas saxlamağa yox. Ona görə də Qarabağ təbliğatını elə aparmalıyıq ki, gələnləri ürkütməyək, bezdirməyək. Fürsətdir, özümüzü və düşməni tanıtmaq üçün. Məncə, iqtidar və müxalifət ümummilli maraqlar naminə ən azı bu müddətdə bir-birinə cəbhə açmayacağı barədə bir moratorium da elan edə, hansısa razılaşmaya da gedə bilər…