Zaman sürətlə keçir, gözümüzü açdıq, yumduq və budur, Rusiya müxalifətinin liderlərindən olan Boris Nemtsovun qətlindən 40 gün keçir. Onu fevralın 27-də Moskvada, Kremlin iki addımlığında yaxın məsafədən 4 güllə vuraraq öldürmüşdülər.
Bu, Rusiya tarixinin ən qalmaqallı siyasi qətllərindən biridir. Stalinin dövründə Sergel Mironoviç Kirovun qətli də bu cür olub – çox səs-küylü və müəmmalı.
Ancaq üstündən uzun müddət keçəndən sonra tarixçilər qətlin əsl sifarişçisinin Stalinin özü olduğunu sənəd-sübutlarla ortaya qoydular, amma artıq o qətlin iştrakçı və şahidlərinin heç biri həyatda yox idi.
Bununla belə, elə qətldən dərhal sonra Stalinin göstərişi ilə həmin qətlin üstü “isti izlərlə” açılıb və bu işlə bağlı nə az, nə çox, düz iki min adam həbs olunub. Kirovun özünü öldürtdürən Stalin qətldən istifadə edərək onun tərəfdarlar korpusunu – Leninqrad partiya komitəsini darmadağın edib. Həmin iki min adamdan biri də sağ buraxılmayıb.
(Eyni üsulu Hitler də həyata keçirib – reystaqın binasını yandırdaraq bütün siyasi rəqiblərinə qarşı repressiyaya başlayıb).
Xatırlayırsınızsa, Nemtsovun qətlindən dərhal sonra qətlin sifarişçi və icraçılarının kimlər olduğu geniş müzakirə olunurdu və ortaya maraqlı versiyalar çıxmışdı.
Bu gün elə görünə bilər ki, sanki qətlin motivi, sifarişçiləri və icraçıları bəllidir.
Əslində isə heç nə aydın deyil. Nemtsovun müsəlmanlara qarşı işlətdiyi sözə görə öldürüldüyü mülahizəsini irəli sürən və israrla müdafiə edən şəxslər ortaya onun hər hansı bir ifadəsini tapıb qoya bilmədilər.
Qətli boynuna götürən çeçen Dadayev isə bir gün “bəli, qətli mən törətmişəm” deyir, o biri gün “xeyr, mənim qətldən xəbərim yoxdur” deyə bəyanat yayır. Adam oyun oynayır, bazarlıq edir.
Onun Çeçenistan prezidenti Ramzan Kadırovun yaxın adamı olması faktlarla sübut olunub, Kadırovun isə prezident Putinin ən yaxın adamı olduğu heç kəsə sirr deyil.
Qətldən bir neçə gün sonra Kadırova orden verilməsi məsələsinə xüsusi önəm verməmək də olar, fəqət onun israrla bu qətldə “Qərb izi” axtarması bəzi mətləblərdən xəbər verir və ziddiyyət yaradır.
Əgər Nemtsovu gerçəkdən də Qərbdəki gizli və məkrli imperialistlər sırf Putinə problem yaratmaq, onu xalqın gözündən salmaq üçün öldürdüblərsə, o zaman Rusiya kimi geniş əlaqələri, bacarıqlı kəşfiyyat strukturları olan dövlətin əlində həmin dairələri ifşa etmək, “əsl sifarişçiləri” tapmaq çətin olmamalıdır.
“Bu qətl Putinə sərfəli deyildi” deyənlər də eyni cür zəif mövqedə qalırlar. Bu qətl kimə sərfəliydisə, onu aşkara çıxarsınlar.
Əslində isə məhz Nemtsovun qətlindən sonra Rusiya Federasiyasının siyasi arenasına qəbiristanlıq sükutu çökdü. Qətldən bir neçə gün öncə geniş etiraz aksiyaları təşkil etməyə hazırlaşan rusiyalı müxaliflər həm o ərəfədəki, həm də ondan sonrakı aksiyalarını təxirə saldılar. Bir çox liderlər hətta öldürüləcək növbəti adam olduqlarını bəyan edirdilər. Onları terror xofu basmışdı, çünki sübut edə bilməsələr də, qətlin sifarişçisinin kim olduğunu bilirlər.
O vaxtdan bəri Rusiya müxalifətçiləri yalnız özlərinə gəlməyə, toparlanmağa çalışır və Nemtsovun xatirəsinə həsr olunmuş tədbirlər keçirirlər.
Ən diqqətçəkən məqam odur ki, Rusiya hakimiyyəti Nemtsovun ölüsü ilə də müxalifətçi kimi davranır, qətlin baş verdiyi yerə gətirilən gülləri yığışdırır, Nemtsovun xatirəsinə həsr olunmuş konserti qadağan edir və s.
Hamı fərqindədir ki, RF hakimiyyəti Nemtsovu unutdurmağa çalışır, ictimaiyyətin bu dəftəri qapatmasını istəyir.
Əlbəttə, qətlin sifarişçiləri bilirdilər ki, bu miqyasda siyasi xadimin qətli ajiotaj doğuracaq, dünya birliyi şoka düşəcək, qüdrətli dövlətlərdən bu siyasi qətlə görə mənfi səciyyəli reaksiyalar gələcək. Ancaq onlar onu da bilirdilər ki, bu ajiotaj, uzağı, üç gün, bir həftə çəkəcək, sonra isə unudulub gedəcək. Çünki adətən başqa qalmaqallı hadisələr (təyyarə, gəmi qəzası, daşqınlar, zəlzələlər, müharibələr) baş verir və ictimaiyyət onların müzakirəsinə qapılır. Hər şey gözlənildiyi kimi oldu.
Budur, yalnız dünən fərq etdik ki, Nemtsovun qətlindən 40 gün keçir. O, bir də ictimaiyyətin yadına əsaslı şəkildə 2016-cı ilin 27 fevralında, qətlinin ildönümündə düşəcək.