Medianews.az
İki yol var: ya İran zənginləşəcək, ya da uran
580 baxış

İki yol var: ya İran zənginləşəcək, ya da uran

images_xalid bey s
Göz önündə İrana aid iki mənzərə var: biri 1-2 il öncə dövlət rəhbərlərinin çağırışı ilə Tehranın mərkəzi meydanına yığılan xalqın etiraz nümayişini göstərən fotolar, biri də 1-2 gün öncə Tehranın mərkəzi küçələrində qol götürüb oynayan camaatın sevincini əks etdirən şəkillər.
1-2 il öncə hiddətləri, etiraz nidaları ərşə dirənən şəxslər də tehranlıdır, 1-2 gün öncə küçədə, yolda maşınların qarşısında, içində oynayan, riqqətindən qışqıranlar da.
Yəqin ki, 1-2 il öncəki etirazçılarla 1-2 gün öncəki sevinclilər təxminən eyni adamlardır.
1-2 il öncə onlar ABŞ-a, İsrailə nifrət püskürür, nüvə enerjisindən istifadənin İran xalqının halal haqqı olduğunu bildirən liderlərin sözlərini ürəkdən alqışlayır, düşmən dövlətlərə ölüm arzulayır, imperialistlərə və sionistlərə qarşı müharibəyə hazır olduqlarını bildirirdilər.
1-2 gün öncə isə tehranlılar İsveçrənin Lozanna şəhərində ABŞ başda olmaqla “altılıq” adlandırılan superdövlətlərlə İranın arasında imzalanmış, İranın nüvə silahı yaratmasını istisna edən, amma nüvə enerjisindən istifadəsini mümkün sayan razılaşmaya görə sevinir, hətta bu mühüm, tarixi sazişi imzalayan xarici işlər naziri Məhəmməd Zərifi qəhrəman kimi qarşılayırdılar.
Bəs Tehran xalqı bu iki mənzərənin hansında daha səmimiydi? Əlbəttə ki, ikincidə.
Dünyanın başqa xalqları kimi, İranın mülki, sıravi əhalisi də müharibə istəmir, sakit, normal həyatlarını yaşamaq istəyirlər. Onlar bilirdilər ki, danışıqlar alınmasa, Qərblə razılıq əldə olunmasa, iş müharibəyə qədər böyüyəcək. İran rəhbərləri nə qədər “imperialistlərə qəti və sərt cavablar verəcəyik” desələr də, əlllərində hər cür dağıdıcı, kütləvi qırğın silahları olan, üstəlik, anti-İran koalisiyası yaradacaq qüdrətli dövlətlərlə bacarmayacaqlarını bilirdilər.
Vəziyyət gerçəkdən də çox kritik idi. İranın başı üstünü qara buludlar almışdı və bu buludlar atom bombardmanından sonra yaranan köbələkvari buludlardan heç də az təhlükəli deyildi.
Yaxşı ki, Qərb dövlətləri və İran diplomatları müdriklik göstərdilər və prosesin qan-qada ilə, müharibə və dağıntılarla bitməsi ssenarisi üzrə inkişafının qarşısını aldılar.
İndi Qərb dövlətləri də məmnundur, İran da. İran əhalisini durduğu yerdə oynamağa vadar edən odur ki, bundan sonra İrana tətbiq edilən sanksiyalar aradan qalxacaq, ölkə yenidən inkişaf yoluna çıxacaq, həyat səviyyəsi yüksələcək, ən ümdəsi, müharibə olmayacaq.
Ancaq bu razılaşmadan məmnun qalmayan tərəf də var. Bu da İsraildir. İsrail siyasiləri başqa cür düşünür. Onlar hesab edirlər ki, İran Qərbi aldadacaq, yeraltı bunkerlərdə tam məxfi şəkildə nüvə silahı yaratmaq üçün lazım olan plutoniumu əldə etməyə çalışacaq və bir gün Qərb də, İsrail də fakt və təhlükə qarşısında qalacaqlar.
Qərb dövlətləri əmindirlər ki, İran onları aldada bilməyəcək. İsaril əmin deyil və qorxur. İran isə vaxt qazandığı üçün məmnundur və nüvə sənayesinin dinc məqsədlərlə istifadə olunacağını bəyan edir. Amma bu, onun nüvə silahı yaratmaq layihəsindən vaz keçdiyi anlamına gəlməz.
Eyni zamanda qonşuluqdakı, nredüvə silahına uzun müddətdən bəri malik olan İsrail dövləti hazırkı durumdan, Qərblə İranın razılaşmasından narazı qaldığı üçün müharibə təhlükəsi tam sovuşmuş sayıla bilməz.
Üstəlik, ABŞ tərəfi rəsmi Tehrana sona qədər güvənmir və hər ehtimala qarşı ən etibarlı qorunan yeraltı bunkeri dağıtmaq gücündə olan bombasının sınağını keçirir.
Bu o deməkdir ki, işlər yolunda getməsə, verilən sözlər tutulmasa, saziş pozulsa, regionda müharibə təhlükəsi və ovqatı yenidən güclənə bilər.
Bir sözlə, hazırda bir çox problemlər həll edilmiş, regionda müharibə təhlükəsi aradan qalxmış kimi görünür, ancaq bu üzdə belədir. Pərdə arxasında hər tərəf başqa cür düşünür və heç kəs ehtiyatı əldən vermir.
Hazırda İran rəhbərliyinin qarşısında iki yol var: 1. İranın zənginləşməsi; 2. Uranın zənginləşdirilməsi.
Birincidən ötrü ikincidən vaz keçmək lazımdır – Qərbin şərti budur.
 

Bizə qoşulun