Kürdəmirdə “yuxarı”lara şikayət edən şəxsi həbs ediblər. Adam mövcud vəziyyətdən narazılığını qələmə alıb, şikayət ərizəsi yazıb Bakıya göndəribmiş. Rayon rəhbərliyi sorub-soruşdurub, arayıb-araşdırıb, nəhayət, “rayonu biabır edən demaqoq”u tapıb və içəri saldırıb.
Bu, o qədər də yeni xəbər deyil. “Rayonun adına pis söz gətirən”ləri hələ sovet dönəmində də təqib edir, tutdurur, işdən çıxartdırırdılar.
O zamanlar mərkəzi hakimiyyət orqanlarının ünvanına yazılan anonim məktublar bu səbəbdən imzalanmırdı, yaxud da başqa bir adamın (hansısa 90 yaşlı təqaüdçünün) imzası ilə göndərilirdi.
Elə olurdu ki, həmin təqaüdçünün mövcud vəziyyətdən şikayəti yuxarılarda ciddiyə alınırdı, Moskvadan, Bakıdan rayon rəhbərliyinə qırmızı qrifli məktublar göndərilirdi ki, onlar təcili şəkildə şikayətlə bağlı tədbirlər görsünlər. Rayon rəhbərliyi “təcili tədbirlər görmək”, “rayonu biabır edən” şəxsi ilişdirmək, başına oyun açmaq üçün fəaliyyətə başlayırdı. Tezliklə məlum olurdu ki, şikayət məktubunun altındakı imza 90 yaşlı təqaüdçüyə məxsusdur və o, nəinki yazıb-oxumaq bilmir, hətta gözləri də görmür və mövcud vəziyyətdən narazılıq edəcək halda deyil, ölüm döşəyində son gününü gözləyir.
Aydın olurdu ki, bu məktubu onun adından hansısa “demaqoq” yazıb. Ancaq belə adamları hər zaman axtarıb tapmaq mümkün olmurdu. Tapanda da, elə adam çıxırdı ki, batmaq olmurdu.
Hər bir rayonda ən azı 4-5 nəfər peşəkar demaqoq vardı və onlar rayonda gördükləri bütün neqativ hallar barədə yuxarılara ərizələr, şikayət məktubları, donoslar yazırdılar.
Əslində onların çoxu heç də kristal, idealist, haqq-ədalət tələb edən şəxslər deyildilər, əsas istəkləri bu idi ki, talanan sovet əmlakından 3-5 manat da onlara verilsin. Bu cür adamlar adətən istədiklərini əldə edir və susurdular. Rayonların bütün müəssisə və təşkilatlarının, dövlət orqanlarının işçiləri onlardan çəkinirdi və demaqoqların onlara işi düşəndə yola verirdilər.
Müstəqillik dövründə isə peşəkar demaqoqların bazarı bağlandı. YAP hakimiyyəti bu cür adamların yazdığı ərizələr, şikayət məktubları əsasında heç vaxt öz adamlarını işdən çıxarmır, dolaşdırmır, əksinə, həmişə müdafiə edirdi.
Ancaq yuxarılara şikayət edənlər təkcə peşəkar demaqoqlar deyil. Hər rayonda minlərlə haqqı tapdanan, haqsızlığa məruz qalan insanlar var və onların hamısı olmasa da bir qismi mərkəzi hakimiyyət orqanlarına şikayət məktubu yazırlar.
Bir ara bölgələrə səfər çıxan dövlət rəhbərinə az qala bir çuval şikayət məktubu vermişdilər və prezidentin köməkçiləri o qədər məktubu özləri ilə paytaxta daşımışdılar. Sonradan “prezidentə əlbəəl məktub vermək” ənənəsinə son qoyuldu, bu imkan məhdudlaşdırıldı.
Görünür, nazirlərin rayonlarda vaxtaşırı qəbullar keçirməsi, şikayətçiləri dinləmələri proseduru bu zərurədən yaranıb. Çünki nə Prezident Administrasiyası, nə də Heydər Əliyev Fondu (bu quruma da çox şikayət ünvanlanır ) bu qədər şikayəti araşdırıb tədbir görmək iqtidarında deyil.
Rayon rəhbərləri isə şikayətlərin ümumiyyətlə olmaması üçün maksimum ədalətli olmaq, yaxşı işləmək, insanların haqqını yeməmək kimi vərdişlərə yiyələnmək əvəzinə şikayət edənləri təqib etmək yolu tuturlar.
Ona görə də son vaxtlar rayonlarda fəaliyyət göstərən QHT rəhbərlərinin tutulması, incidilməsi intensivləşib. Çünki vəziyyətindən narazı olanlar, şikayət etmək istəyənlər ilk növbədə onlara üz tutur, onların əlaqələrindən, tövsiyələrindən yararlanaraq hakimiyyət orqanlarına, mətbuata şikayət göndərə bilirlər.
Yuxarılara şikayət göndərənlərin və onlara kömək edənlərin həbs edilməsi halları Kürdəmirdən qabaq Naxşıvanda, Lənkəranda, Salyanda, İmişlidə, Gəncədə, Sabirabadda, Göyçayda, Xaçmazda, eləcə də digər rayonlarda baş verib. Onların içində xeyli müddət həbsdə yatıb çıxanlar da var.
Kürdəmirdə həbs edilən şəxs də güman ki, onlardan biridir. Hamı da bilir ki, bu insanı şərləyib tutublar, camaat ona görə narazılıq edir.
Bu, olduqca anormal tendensiyadır. Bir müddət əvvəl şikayətlərə məhəl qoyan olmurdusa, indi şikayət edənlərin özlərini həbs edir, səslərini birdəfəlik kəsmək istəyirlər.
Şikayətçilər ölkəsində hər 10 şikayətçidən birini tutsalar, türmə-şəhərlər tikmək lazım gələcək.