Həyatdır, olur ki, 75-80 yaşında, gününü görmüş, dövranını sürmüş kişi, ya qadın, qocalığın gətirdiyi ağrı-acıyla, dava-dərmanla yaşamaqdan, övladlarına yük olmaqdan bezir, bu cür yaşamağı qüruruna sığdırmır və bir parça kağıza “Ölümümdə heç kəs günahkar deyil” qeydi yazır, sonra da canına qıyır. İntihar hadisəsi baş verir.
Hüquq-mühafizə orqanlarının işçiləri dərhal hadisə yerinə tökülür, ləngitmədən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayırlar.
Heç olmaz ki, cinayət işi başlanmamış olsun. Qayda budur. Belə olmalıdır.
Bundan sui-istifadə hallarının baş verdiyi də olur. Hansısa müstəntiq sitallığına salır, ölü yiyəsindən bir qədər pul-para qopratmamış əl çəkmir. “Ortada ölüm işi var” deyir, özünü mərhumun intihar həddinə çatdırlmasının səbəbini araşdırırmış kimi göstərir. Nəhayət, işə xitam verilir.
Ancaq işə baxın, bütün intihar hadisələrində dərhal, yubanmadan cinayət işi açan hüquq-mühafizə orqanları 14 saylı cəzaçəkmə müəssisəsində işgəncə ilə, döyülərək öldürülmüş məhkum Elşad Babayevin ölüm işi ilə bağlı cinayət işi başlamayıblar. Halbuki burada cinayət əməlinin olduğu bariz şəkildədir. 31 yaşlı idmançı, fiziki baxımdan sağlam, cüssəli bir gənc günün günorta çağı öldürülüb və onun ölümünə səbəb olmuş xəsarətlərin hamısı fotolentə alınıb, qəzet və saytlarda ictimailəşdirilib. Hətta adama işgəncə verənlərin adları da çəkilib. Hər şey bəs-bəlli ortadadır – ölümə səbəb olmuş xəsarətlər də, insanı öldürmüş şəxslər də. Amma cinayət işi açılmayıb.
Bu məsələdə nəyə görə cinayət işinin açılmadığına yalnız avamları, bisavadları və yetkinlik yaşına çatmayanları inandırmaq olar. Bəlkə də lap çoxli terminlər işlədərək, hüquq ədəbiyyatına dair kitablardan sitatlar gətirərək hamını inandırmaq olar, amma zərərçəkən tərəfin nümayəndələrini, jurnalistləri, vəkilləri inandırmaq olmaz. İkincilər və üçüncülər belə haqq-hesabları çox görüblər.
Durumun adı ayrı-seçkilikdir (başqa adları da var: rüsvayçılıq, biabırçılıq). Hüquq-mühafizə orqanları da, digər hakimiyyət strukturları da vaxtaşırı belə ayrı-seçkiliklər edirlər. Poqon daşıyan kimsə yol qəzasında həlak olursa, qəza iştirakçısı olan ikinci tərəfi ağır şəkildə cəzalandırır, gününü qara edirlər. Ancaq poqon adamlarının törətdiyi qəzada ölən başqası olursa, qurbanın qanı batırılır və qəza törədən vəzifəli şəxs məsuliyyətdən yayındırılır.
14 saylı cəzaçəkmə müəssisəsində baş verən cinayət hadisəsi üzrə cinayət işinin açılmaması yalnız bu məqsədə, adam öldürmüş nəzarətçilərin məsuliyyətdən yayındırılmasına, Elşad Babayevin qanının batırılmasına xidmət edir.
Bu ölkənin insanları bu ayrı-seçkilikdən bezardırlar. Bu məmləkətin əhalisi diktaturaya, avtoritarizmə dözərlər, yüz il boyun əyib yaşayarlar, ruhları inciməz, amma ayrı-seçkiliklə üzləşəndə, əzizlərinin qanı batırılanda, zülm-zillətlə tikib başa gətirdikləri ev-eşik başlarına uçurulanda hər kəsə asi düşürlər.
Zatən, Stalin dövrünün ağır qayda-qanunlarına, repressiyalarına bəraət qazandırmaq cəhdinin mayasında bu amil durur. O dövrlərdə hansısa dövlət qulluqçusunun, məmurun adam öldürərək, məsuliyyətdən yayınması halına yol verilməyib.
Düzdür, həbs düşərgələrində, məhbus etaplarında “bir addım sağa, bir addım sola hərəkət qaçışa cəhd sayılır və bunu edən güllələnir” kimi sərt, acımasız davranışlar olub və belə edənləri güllələyən nəzarətçiləri cəzalandırmayıblar, ancaq məhkumu şəxsi qisas zəminində güllələyənləri də cəzasız buraxmayıblar.
Əgər 14 saylı cəzaçəkmə müəssisəsində baş verən ölüm hadisəsinə görə ciddi şəkildə cəzalandırılan, mühakimə edilən olmayacaqsa, bu presedentin mabədi də olacaq: məhbəsdə sui-qəsdə məruz qalaraq ölənlərin sayı artacaq və bu, həm cəzaçəkmə müəssisələrində, həm də ictimaiyyət arasında ciddi narazılıqlar yaradacaq.
Heç bir cinayət cəzasız qalmamalıdır. Bir şilləyə görə illərlə məhbəslərdə cəza çəkən adamların olduğu ölkədə adam öldürərək azadlıqda gəzənlər varsa, hüquqi dövlətdən danışmağın mənası yoxdur.