Bu cür yazıları oxumaq üçün adamda dəmir əsəblər lazımdır. Hələ bu da kifayət deyil, gərək xeyli soyuqqanlı, fitrətən laqeyd olasan, heç cür duyğusal olmayasan. Yoxsa əsir-yesir edilmiş, qolubağlı dustağa çevrilmiş, köməksiz, müdafiəsiz insanları növbənöv işgəncələrə, təhqirlərə məruz qoyulmasından bəhs edən yazıları sakit-sakit oxuyub başa çıxmaq olmur. Hətta əvvəlcədən xəbərdarlıq edillsə də, yazının sərlövhəsində 18+, yaxud 21+ yazılsa da, çətindir.
Neçə vaxtdır lent.az saytında ermənilərə əsir düşmüş, şansı gətirərək sağ qalmış, vətənə qayıtmış adamların əsirlikdə başlarına gələnlər barədə jurnalistlərə danışdıqları hekayətlər dərc olunur. Bir-ikisini oxumuşam, amma sonrakıların yalnız başlıqlarını görmüşəm və oxumağa risk etməmişəm. Adamda hiddət ərşə qalxır, bu cür yazıları oxuduqdan sonra bəşəri dəyərlər gözdən düşür, görürsən ki, insan necə ibtidai bir varlıqdır, o, heç bir günahı olmayan qadına, qocaya, uşağa sırf hansısa düşmən (əslində düşmən élan olunmuş) etnosa mənsub olduğuna görə zülm edə, işgəncə verə bilər.
O cür yazıların birində belə ifadələr vardı: “Bizdən 14 nəfər gənc kişini seçib apardılar və tövlənin arxasında güllələdilər”. Nəyə görə? Hansı ixtiyarla? Hərbi əsirlərə dair beynəlxalq konvensiyalar yoxdurmu?
Amma kim kimədir. Bura dünyanın ucqarıdır, bu coğrafiyada konvensiyalar işləmir, düşmən əsir götürülüb və onun sabah əlinə silah götürə biləcək fərdləri məhv edilməlidir. “Apokalipsis” filmindəki qəddarlıq dolu səhnələr əsirlərin hekayətlərinin yanında zəif qalır. Təəssüf ki, Qarabağda törədilmiş hərbi cinayətlərin mühakiməsi hələlik baş tutmayıb, hərbi canilər əmin-arxayın gəzirlər, hətta nazir olur, prezident seçilmək istəyirlər.
Bir var, qəvi düşmən əlində əsir-yesir olan insanlara verilən işgəncə, bir də var burdan-bura öz həmvətənlərimizin bir-birinə işgəncə verməsi… Deyəsən, milli zorakılar da hesab edirlər ki, onlar əllərinə düşmüş dustaqların üzərində tam hakimiyyətə malikdirlər, onları istədikləri kimi döyə, söyə, soya, incidə, hətta öldürə də bilərlər.
14 saylı cəzaçəkmə müəssisəsində baş verən rüsvayçı hadisə, gənc idmançı məhbusun döyülərək, işgəncə ilə öldürülməsi bunun bariz nümunəsidir. Əldə olan şəkillər, mərhumun yaxınlarının ifadələri ortada müdhiş bir cinayətin olduğundan xəbər verir.
Dustaq Babayevin ölümünün ictimailəşməsindən sonra hüquq müdafiəçisi və keçmiş dustaq Vidadi İsgəndərlinin qəzetimizə verdiyi açıqlamalar “başdan papaq qaldıracaq”, qan donduracaq türdəndir. Vidadi İsgəndərli özü də həmin həbsxanada yatıb və hər şeyi öz gözü ilə görüb – dustaqların kütləvi şəkildə döyülməsini, kütləvi halda təhqir edilməsini, zorlama ilə təhdidləri, cızıqdan bir sm çıxanın işgəncəyə məruz qalmasını, hər bir dustağın soyulmasını, heç nə üstündə cəzalandırılmasını…
Onun ifadələrini oxuyursan, adamın gözü qarşısında faşistlərin II dünya müharibəsində yaratdıqları konslagerlərdəki vəziyyət canlanır: birəbir eyni davranışlar, eyni qəddarlıqlar, amansızlıqlar, həddini aşmış sadizm, içgəncədən pul qazanan və həzz alanlar, mənəvi və fiziki baxımdan şikəst edilən məhkumlar…
Hələ bu da hamısı deyil. 14 saylı cəzaçəkmə müəssisəsində cəzasını çəkmiş sabiq dustaqlardan biri CM-nin rəisinin nahaq yerə “Hitler” ləqəbi ilə çağrılmadığına dair bir neçə əhvalat danışıb. Onlardan biri də belədir: “Məhbusların qolunu qaldırır, od vurulmuş qəzet dürməyi ilə qoltuqlarının altını yandırırlar. Sonra məbus ağrı-acıdan qolunu aşağı sala bilmir, qoltuğunda qarpız varmış kimi gəzir. Bu dəfə də tökülüşüb onu döyürlər ki, alə, lotusanmı, belə gəzirsən”…
Bu artıq sadizm də deyil, daha artıq bir şeydir.
Bunu edənlər ifşa olunduqları indiki halda cəzasız qala bilməzlər.
Hər kəs bilir ki, həbsxanalarda baş verən dəhşətli olaylar barədə deyilənlərdə bir kəlmə yalan yoxdur. Bunlar həqiqətdir və həqiqətin hamısı deyil. Çoxları rüsvay olmamaq üçün başlarına gələn bütün olayları çılpaqlığı ilə danışmırlar.
Bütün xalq bunu bilir. Artıq hakimiyyət də bilir. Tədbir görmək lazımdır. Ən böyük humanistlik məhkumları vaxtaşırı azadlığa buraxmaq yox, onların cəmiyyətdən təcrid etmiş vəziyyətdə saxlarkən güzəranlarını normallaşdırmaqdır.
P.S. Yazının başlığı “Qaçaq Nəbi” xalq mahnısından götürülüb.