İnqilabçı bolşevik Ayna Sultanovanın abidəsinin öz köhnə yerinə qaytarılması üçün dövlət başçısına ünvanlanan müraciətə müsbət baxılması gözlənilir. Hər halda, adıçəkilən şəxslərin nəvə-nəticəsi buna ümid edir.
Ayna Sultanovaya dair rəsmi bioqrafiyada isə yazılır: “Ayna Sultanova 1917-1918-ci illərdə bolşeviklərlə sıx əməkdaşlıq edib, 1918-ci il mart soyqırımı zamanı bolşevik mövqeyini dəstəkləməyə məcbur olmuşdur”.
Göründüyü kimi, sözügedən şəxs xalqımızın bağrındakı qaysaq tutmayan tarixi bir yaranın vurulmasında, müdhiş cinayətdə dolayısı ilə olsa da iştirak edib və “bolşevik mövqeyini dəstəkləməyə məcbur olub”.
Niyə məcbur olub? Olmaya bilərdimi? Bəs o zaman bolşeviklərin mövqeyi nədən ibarət idi?
Bu üç sualın ikisinə səhih cavab vermək çətindir. Ancaq birinə, sonuncusuna cavab vermək olar. O cavab belədir: 1918-ci ildə erməni daşnakları ilə birləşmiş rus bolşevikləri azərbaycanlı xainlərin əli ilə Bakını, su quyusu qazanda neft fəvvarəsi vuran şəhəri yerli türklərin, tatların əlindən almaq, onu Dərbənd və ya Həştərxan kimi bir şey etmək istəyirdilər. Bolşeviklərin mövqeyi beləydi. İki il aradan sonra ruslar və ermənilər bu niyyətlərini həyata keçirdilər və Azərbaycanın birbaşa rəhbərləri özləri oldular – Kirov, Stasova, Mirzoyan, Gikalo, Rubenov, Polonski və b.
Vikipediyada daha sonra yazılır: “Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib və Azərbaycanda sovet dövləti qurmaq uğrunda çalışmışlar”.
Şaumyanın mart qırğınına rəhbərlik etməsi, milli kimliyi, inqilabi fəaliyyəti və müəmmalı aqibəti çoxlarına məlumdur. Ayna Sultanova məhz onunla, onun kimilərlə əməkdaşlıq edib.
Düzdür, o zamanlar bolşevizm təbliğatı şüurları o qədər çulğamış, kütləşdirmişdi ki, inqilabi fəaliyyətlə məşğul olanlar üçün milli kimliyin önəmi yox idi, sinfi mübarizə gedirdi. Ancaq 1991-ci ildən sonra oktyabr inqilabına, bolşeviklərə dair arxivlər açılanda məlum oldu ki, hər halda, milli kimliyin rolu varmış və bu, əslində ciddi səciyyə daşıyırmış.
Elə olmasaydı, məşhur 26 Bakı komissarının ən azı yarısı, heç olmasa üçdə biri azərbaycanlı olardı. Təsəvvür edin ki, 26 komissarın 10-a qədəri erməni olduğu halda cəmi ikisi (Məşədi Əzizbəyov və Mirhəsən Vəzirov) Azərbaycan türkü olub. Şaumyanın hökuməti nərimanovlara, sultanovlara, musabəyovlara, qarayevlərə etimad göstərməyib.
Bu qədər bariz və acı fakt ortadaykən sovet dövləti uzun illər boyunca bizə total, birtərəfli təbliğat vasitəsilə Bakıda qurulmuş erməni hökumətini sevdirməyə çalışırdı.
Bəs o qanlı-qadalı illərdə, Osmanlı qoşunları gəlib azərbaycanlıları rus-erməni genosidindən xilas edəndən sonra Ayna Sultanova nə edib? Vikipediyadan oxuyuruq: “O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirmiş və Həştərxana gedərək Müsavat hakimiyyətini yıxıb, yerində kommunist sistemli bir ölkə qurmaq üçün bolşeviklərə yaxından köməklik göstərmişdi”.
Nəhayət, Ayna Sultanova və onun bolşevik silahdaşları arzularına çatırlar, Azərbaycan Rusiya tərəfindən işğal olunur. Yerli, azərbaycanlı bolşeviklər yüksək vəzifələrə təyinat alırlar, amma rus işğalı həm də onların edam fərmanlarıydı.
Üstündən 20 il keçməmiş böyük Rəsulzadənin 1920-ci ildə Əliheydər Qarayevə dediyi, “Əliheydər, səni öz yoldaşların divara söykəyib güllələyəndə məni yadına salarsan” sözləri yüzdəyüz doğrulur. Müstəqil Azərbaycan dövlətinin süqutunda rol oynamış bir xeyli bolşeviki öz yoldaşları divara söykəyib güllələyirlər. Onların sırasında Ayna Sultanova da olur.
Sonradan onların əksəriyyəti bəraət aldılar, adlarına küçələr, parklar, institutlar, zavodlar verildi, büstləri qoyuldu. Amma bu, müvəqqəti idi. SSRİ dağılandan sonra onun “qəhrəman”larının da “əbədiləşmiş xatirələri” heç-puç oldu.
23 ildir müstəqil dövlətik, ancaq o müstəqil dövləti yıxanlara, ona güllə atanlara qoyulmuş abidələr, adlarına verilmiş küçələr hələ də qalmaqdadır. Ölkənin paradokslarından biri də budur.