Medianews.az
Yeni kütləvi etiraz aksiyası - intihar cəhdi
529 baxış

Yeni kütləvi etiraz aksiyası - intihar cəhdi

Yaşları 19-27 arasında olan 6 fəhlənin b xalid kazimli kose 1inanın damına çıxaraq intihara cəhd etmək istəməsi faktı gerçəkdən tükürpədici idi. Dördü iki qardaşlardan ibarət olan fəhlələrin bu addımı atmaqda məqsədləri nə şou çıxarmaq idi, nə ucuz şöhrət qazanmaq, nə də intihar etmək. Bu, etirazdır. Gənc insanlar üzləşdikləri haqsızlığa bu cür etiraz edirlər - qanlarını qaşığa qoyaraq, nə dərəcədə boğaza yığıldıqlarını həyatdan imtina etməyə hazırlıqları ilə göstərərək. Heç kim deməsin ki, onlar bu üsulla sadəcə aidiyyatı şəxsləri hədələyirlər, əslində özlərini atmaz, intihar etməzdilər. Xeyr, onlar sözü bir yerə qoyub damın başına çıxıblarsa, demək, əl-ələ tutuşub aşağı da atıla bilərdilər. Bu, etirazın ölkəmiz üçün yeni növüdür. Haqsızlığa məruz qalan, son əlacı kəsilən, axırıncı ümidi ölən insanların gücləri özlərinə çatır. Onlar gedib kiminsə qabağını kəsmirlər, kiminsə boğazına bıçaq dirəmirlər, dava salmır, döyüb-döyülmürlər, şiddətlə müşayiət olunan aksiya (haranısa dağıtmaq, yandırmaq) keçirmirlər, sadəcə, hündür bir yerə çıxıb özlərini öldürəcəklərini bəyan edirlər. Bu, yeganə ən təhlükəsiz üsuldur - sonunda ya ölüm var, ya həyat, ya sözləri dinləniləcək, ya da artıq onlar heç nə eşitməyəcəklər. Bu yolu seçənlər bilirlər ki, bu aksiyaya görə onları tuta bilməzlər (hərçənd bir tutqu faktı var artıq), döyməzlər (intihara cəhd edənin döyülməsi faktı da var), necə olsa da, şikayətlərinə baxarlar (bu da var). Canlarına qıymaq hədəsi ilə çıxış edən şəxslərin bu hərəkətini qınamaq mümkün deyil. Adamları qul kimi işlədiblər - sığortasız, müqaviləsiz, heç nəsiz. İndi də pullarını vermirlər. Belə zülm olarmı? Hansı zəmanədir? Quldarlıq dövrüdürmü? Xəbərdə bildirilirdi ki, aşağı düşürülən şəxslər tikinti şirkətlərindən birində fəhlə kimi çalışdıqlarını, ancaq çalışdıqları tikinti şirkətinin adını bilmədiklərini deyiblər. Savadsız fəhlələr bəzi incəliklərə varmaya bilərlər, ancaq onlar tikinti şirkətinin adını bilməsələr də işlədikləri tikinti meydançasını tanımamış olmazlar. Haqq-ədaləti bərpa etmək istəyən dairələr bunu asanlıqla tapa bilərlər. Son aylarda intihara cəhd hallarının artması zülmdən bezar olanların aksiyasıdır. Bəzən deyirlər ki, mətbuat bu haqda geniş informasiya yaymasa, intihar cəhdinə əl atanlar, intihar edənlər artmaz və “epidemiya”ya çevrilməz. Havayı söhbətdir. Dövri mətbuatda bir intihar xəbərinin belə yer almadığı sovet dövründə də intihar edənlər, intihara cəhd göstərənlər var idi. Bu barədə informasiya yaymamaq intihar cəhdlərini azalda, onların qarşısını ala bilməz. Sadəcə, bu cür xəbərlər lokal səciyyə daşıyacaq - bir məhəllədə, bir qəsəbədə yayılacaq. İntiharların, intihara cəhdlərin qarşısını almaq mümkün olmasa da, kütləviliyini azaltmaq mümkündür və bunun yolu ölkədə zülmün, haqsızlığın, ədalətsizliyin aradan qaldırılmasıdır. Zorlu zülmkarlar olduqca, onlara gücü çatmadığını görən məzlumların gücü yalnız özlərinə çatacaq. Dövlət strukturlarının bütün instansiyalarında laqeydlik, etinasızlıq, haqsızlıq görən şəxslərin başqa yolu da yoxdur. O altı nəfər fəhlə bilsəydi ki, hüquq-mühafizə orqanlarına müraciət edərək haqlarını ala biləcəklər, dama çıxmazdılar. Amma bu zəhmətkeş insanlara zülm edənlər mütləq “gedin, əliniz hara qəlbidir, ora qoyun, polisdə də adamımız var, prokurorluqda da, məhkəmədə də, administrasiyada da” deyiblər. Fəhlələrin də əllərini qoya biləcəkləri ən qəlbi yer yalnız hansısa damın başıdır. Körpüləri, Qız qalasını nəzarətə götürməklə, ora intihar hədəsi səsləndirəcək şəxslərin çıxmasının qarşısını almaqla, getdikcə kütləviləşən bu etiraz aksiyası üsulunun qarşısını almaq mümkün olmayacaq. Hətta əksinə, bundan sui-istifadə etmək istəyənlər də tapılacaq. Bir də heç kəs özünü və qulluq mövqeyini risk altına qoyaraq, “özümü burdan ataram” deyənə, “at, atmayan belə olsun” deməyə cürət etməsin. Bu mükalimədən sonra mütləq özünü atanlar olacaq. Bu təhlükəli məqamdır. O cür hadisədən sonra heç kim artıq adamı intihar həddinə çatdıran şəxsi xilas edə bilməz. Hazırda bu məsələ çox aktualdır - insanları intihara sövq edənləri tuturlar.

Bizə qoşulun