Medianews.az
Qarabağ probleminin həlli üçün 2014 nə ilə yadda qaldı? - “Uğursuz ildir” - AÇIQLAMALAR
442 baxış

Qarabağ probleminin həlli üçün 2014 nə ilə yadda qaldı? - “Uğursuz ildir” - AÇIQLAMALAR

qarabagg_monit11 2014-cü il həm sosial-iqtisadi, həm də siyasi baxımdan Azərbaycan üçün aktiv dövr kimi tarixə düşsə də, Qarabağ problem yenə həll olunmadı. Bu il də Qarabağsız keçindik. Düzdür, 2014-cü ildə Qarabağ probleminin həlli istiqamətində bir çox addımlar atılıb, müxtəlif cəhdlər olub.
Şünhəsiz ki, Yeni ilin astanasında yenə hamı “İnşallah, gələn ili torpaqlarımızda qeyd edərik” arzusunu dilə gətirəcək. Modern.az saytına danışan həmsöhbətlərimiz 2014-cü ildə Qarabağ problemi, ümumiyyətlə bu problem ətrafında cərəyan edən yaddaqalan prosesləri dəyərləndirdilər.  Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı ili Qarbağın işğaldan azad edilməsi yolunda uğursuz sayır:  “Qarabağ Azadlıq Təşkilatının mövqeyi hamıya bəllidir. Biz torpaqlarımızı işğaldan azad etmək üçün yalnız hərbi yolu seçməliyik. Bu il bir daha açıq şəkildə bunun şahidi olduq ki, Qarabağın azadlığının hərbi yoldan başqa mümkünü yoxdur. Çox təəssüf ki, 2014-cü ildə hərbi addımların atılması yolunda irəliləyişləri görmədik. Müəyyən mənada əlamətlər oldu. Müdafiə Nazirliyi rəhbərinin dəyişməsi, yeni nazirin həyata keçirdiyi islahatlar, hərbi hissələrə nəzarətin gücləndirilməsi təqdirəlayiqdir, amma bundan o tərəfə keçilmədi. Ən azından, biz bunu hiss etmədik. Ən müsbət hadisə kimi düşmənin helikopterinin vurulmasını qeyd edərdim, amma o da istədiyimiz nəticə deyil. Bunun əksinə avqust ayının əvvəllərindəki atışmada cəbhə bölgəsindəki hadisələrin gedişi istədiyimiz kimi olmadı. Azərbaycan xeyli şəhid verdi. Bir sözlə, Qarabağ üçün uğurlu il olmadı”. Hərbi ekspert Üzeyir Cəfərov bu ili də Qarbağsız keçirdiyimizə təəssüfləndiyini bildirir: “Çox təəssüflər olsun ki, bu il də Qarabağa həsrət qaldıq. Amma nəzərə almalıyıq ki, bu, Azərbaycandan daha çox beynəlxalq qurumların məsələyə məsuliyyətsiz və ürəkdən yanaşmaması nəticəsində oldu. Onlar istəsəydi bu məsələdə irəliləyişlərə nail olmaq mümkün idi. Amma bunu etmədilər. Hesab edirəm ki, 2015-ci ildə onlar çox çətin vəziyyətdə qalacaqlar. Azərbaycan beynəlxalq qurumlardan, ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha sərt şəkildə məsələnin həllini uzatmamalarını tələb edə biləcək. Çünki bu gedişlə Azərbaycanın başqa çıxış yolu qalmayacaq, bütün mümkün vasitələrdən istifadə edib Dağlıq Qarabağ problemini kökündən həll edəcək. Fikrimcə, əgər bu Azərbaycandan asılı məsələ olsaydı, qəti olaraq qərar verilə bilərdi. Azərbaycan hələ ki danışıqlara, sülh prosesinə daha çox üstünlük verdiyindən gözləmə mövqeyindədir. Amma bu da sonsuzluğa qədər davam edə bilməz. ATƏT-in Minsk qrupu, konkret olaraq Amerika, Rusiya, Fransa işğalçıya dünyadakı beynəlxalq normalara riayət etməyi başa salmalıdırlar. Əməl etməyəcəyi təqdirdə isə Azərbaycanın həm hüququ, həm də mənəvi haqqı var ki, güc tətbiq etməklə düşməni yerində oturtsun. Bu nöqteyi-nəzərdən 2015-ci ilin aktiv il olacağını düşünürəm. Düşünmürəm ki, 2014-cü ilin yerdə qalan günlərində hansısa irəliləyişlər olsun. Azərbaycanın beynəlxalq qurumlara daha çox ümid etməsi, bel bağlaması 2014-cü ili də Qarabağsız qalmağımıza gətirib çıxardı”. Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərli Qarabağ probleminin həlli yolunda görülən işlərdən Şuşada olacağı təqdirdə razı qalacağını söyləyib: “Dövlət tərəfindən görülən işlər çoxdur, bunu danmaq olmaz. Amma irəliyə doğru konkret addım atılmalıdır. Hazırda ümumilikdə götürdükdə Qarabağ probleminin həlli ilə bağlı gedən prosesdən razı deyiləm. O vaxt razı qalacam ki, mən doğulduğum Şuşada olacam, işğal altındakı torpaqlarımızın hamısı azad olunacaq”.

Bizə qoşulun