Azərbaycanlı siyasi məhbuslara beynəlxalq Saxarov mükafatının verilməsi ölkədə söz-söhbətə səbəb olub.
Müxalifət düşərgəsi Avropanın, xüsusilə də Norveç dövlətinin demokratiya və insan haqlarının bərqərarına çalışan qüvvələrə bu diqqətindən məmnundur.
Hakimiyyət komandası isə təbii olaraq narazıdır və əlindəki media resurslarından istifadə edərək həmin beynəlxalq mükafatı da, onu alanları da gözdən salmağa, yamanlamağa çalışır.
Hələ onu da deyək ki, Norveç dövlətinin demokratiya və insan haqları sahəsində tutduğu prinsipial mövqe bir ilk deyil. Bu dövlət uzun illərdən bəridir, bəzi qüdrətli dövlətlər kimi zaman-zaman haqqı nahaq ayağına verməklə siyasi konyuktura güdmür, həmişə əzilən, sıxışdırılan demokratların yanında yer alır.
Ölkəmizin siyasi arenasında hələ də unudulmayan diplomat Steynar Gil məhz bu dövlətin ölkəmizdəki səfiri idi. Onun 2003-cü ilin oktyabrında göstərdiyi parlaq fəaliyyət, tutduğu prinsipial mövqe, yəqin ki, heç vaxt unudulmayacaq. Yeri gəlmişkən, azərbaycanlı siyasi məhbuslara verilən Saxarov mükafatının təqdimetmə mərasimində cənab Gil də iştirak edib.
İndi bu mükafatın verilməsində hansısa “erməni izi” axtaranlar var.
Burada bağlılıq belədir: Saxarovun həyat yoldaşı Yelena Əlixanyan-Bonner milliyyətcə erməni olub. Bu qadın Qarabağ separatçılarına böyük dəstək verib, həyatının son illərini erməni separatizminə həsr edib. O Saxarovun həyat yoldaşıdırsa, mükafat da Saxarovun adını daşıyırsa, demək, bu mükafatı alanları hansısa bir şəkildə ermənilərə bağlamaq olar.
Belə bir cəfəng iddia və paranoikal yanaşma…
Məsələ ondadır ki, bu şəkər kimi şirin mükafatı nə ermənilər verir, nə də Saxarovun vətəndaşı olduğu ölkə. Bu mükafatı Norveçdə fəaliyyət göstərən Helsinki Komitəsi təsis (Avropa Parlamentinin verdiyi “Saxarov mükafatı” da var) edib və o da verir.
Bəs Helsinki Komitəsi başqa bir ölkənin vətəndaşının adına niyə belə mükafat təsis edib?
Ona görə ki, sovet fiziki, hidrogen bombasının yaradıcılarından biri Andrey Saxarov dünyaca ünlü məşhur dissident olub və 1975-ci ildə Norveçdə Nobel mükafatı alıb. Sonra o, insan hüquqları müdafiəçisi kimi çıxış etdiyinə görə totalitar rejimli sovet dövlətində, yəni SSRİ-də təqiblərə məruz qalıb. 1986-cı ildə Qərbin çox ciddi təzyiqlərindən sonra o və Krım tatarlarının lideri Mustafa Cəmiloğlu sürgündən azad olunublar. Ömrünün son illərində o, SSRİ xalq deputatı olaraq fəaliyyət göstərib, hüquq müdafiəçisi kimi çıxış edib. Amma orası da həqiqətdir ki, Saxarov evləndiyi gündən erməni arvadının təsiri (Saxarov arvadını “mənim beyin mərkəzim” adlandırıb) altında olub, onun təsiri ilə də Qarabağ münaqişəsində ermənilərin tərəfində durub.
Ancaq bu haqq vermir ki, şərti olaraq “Saxarov mükafatı” adlandırılan beynəlxalq mükafatın builki laureatlarını necəsə ermənilərə bağlamaq mümkün olsun.
O mükafatı alanların tam əksəriyyəti gerçək vətənpərvərlərdir. Tofiq Yaqublunun adını ermənilərlə birgə yalnız belə çəkmək olar ki, bu şəxs könüllü olaraq Qarabağ müharibəsində erməni separatçılarına qarşı döyüşüb və elə döyüşüb ki, onun qədər şücaət göstərən adamları barmaqla saymaq olar.
Bundan başqa, həmin şəxsləri laureat kimi seçərkən haqsızlığa məruz qaldıqları, günahsız olduqları, şərləndikləri əsas götürülüb.
Burada onların hərəsini bir adla, bəhanəylə həbs etmək, üstlərinə hər cür adlar qoymaq mümkündür. Ancaq beynəlxalq ekspertlər onların işinə tərəfsiz, qərəzsiz yanaşaraq, cinayət işlərini öyrənərək belə qərara gəlib ki, bu şəxslər öz ölkələrinin dissidentdirlər, ona görə də onlara mükafat düşür.
Ən yaxşısı odur ki, ölkədə siyasi məhbuslar olmasınlar və onlar da bir gün bu cür beynəlxalq mükafat almasınlar ki, ölkənin adı da mötəbər məclislərdə mənfi planda hallanmasın.
Bundan ötrü qızıl bir üsul var: siyasi fəaliyyətlə məşğul olan parlaq simaları həbs və məhkum etməmək, onları dissidentə çevirməmək, onlara Saxarov taleyi yaşatmamaq. Bu qaydaya riayət edilsə, heç bir azərbaycanlı Saxarov mükafatı ala bilməz. Bu qədər sadə.