Sosial şəbəkələrin birində diqqətimi çəkən iki foto oldu. Onlardan biri Bakıda, gül bayramında, Hacıbala Abutalıbovun gətirdiyi 6 milyon gülün içərisində, digəri İsmayıllı yolunun üstündəki güllü, çiçəkli məkanda çəkilmişdi.
İlk fotodakının kimliyi önəmli deyil. İsmayıllı yolundakı şəkildən isə “Yeni Müsavat”ın köşə yazarı, bu il martın 17-də 5 il azadlıqdan məhrum edilən Tofiq Yaqublunun qızı Nərgiz boylanırdı. Şübhə etmirəm ki, bu azərbaycanlı fədakar xanımı üzü Şəkiyə yol alarkən yolüstü avtomobildən enib şəkillər çəkdirib paylaşmağa vadar edən onun əzaba, iztiraba qalib gəlmək əzmidir. Bəlkə də zindanda olan atası ilə görüşə gedərkən ürəyindən qanlar axır, ancaq bunu biruzə vermir.
Dəhşətdir, adam eyni yolu nə qədər gedib gələr. Üstəlik də vətən savaşının iştirakçısı olan atası günahsız olduğu halda. İki ay əvvəl bu yolda anası, fədakar müsavatçı Çingiz Əli ilə bərabər dumanda dəhşətli avtoqəzaya da tuş gəlmişdilər, Allahın lütfi sayəsində həyatda qaldılar. Əgər Tofiq Yaqublu bu aylar uzunu günahı olmadan həbsdə saxlanılmasaydı, bu insanların o keçilməz yollarda nə işi vardı… Məhkəmə günahsızlığını bildiyi halda Tofiq Yaqubluya ağır cəza kəsdi. İsmayıllıda 20 dəqiqə qaldığı üçün. Hansı ki, İsmayıllı hadisələri düzgün araşdırılsaydı, məmurların harın övladları ilə bağlı problem bu qədər böyüməz, elə hakimiyyətin özünü çıxılmaza soxmazdı.
Mayın 22-də Avropa Məhkəməsi İlqar Məmmədovun işinə baxacaq və şübhə yoxdur ki, iddia təmin olunacaq. Vətəndaşa bu qədər zülm edib sonra da Avropadan cəza hökmü qazanmaq görəsən bunların nəyinə lazımdır.
NİDA-çı gənclər vətənin ağır günündə əlinə silah alıb gücünü düşmənə göstərməyə layiq oğullardır. Onları həbsdə saxlamaq elə düşməni sevindirməkdir. Onlar “Əsgər ölümlərinə son” deyib küçələrə çıxmışdılar, həbs edilib üst-üstə 59 il iş aldılar. Adam düşünür, grəsən onlar bəzi yaşıdları kimi “Torqovı”da “Georgiyev lenti” paylasaydılar taleləri necə olardı… Necə olur ki, Qarabağ döyüşçüsü həbsə atılır, amma harın məmur balaları Bakı küçələrində “tank”la “avtoş”luq edir, necə olur ki, Qarabağı azad edəcək Azərbaycan əsgərinin müdafiəsinə qalxanlar türmədə çürüdülür, ancaq Putin döşünə taxdığı lenti Bakıda sərbəst paylayanlara güldən ağır söz deyilmir…
Qarşıda Azərbaycanı çox mühüm bir mərhələ gözləyir. Mayın 14-dən noyabradək ölkəmiz Avropa Şurası Nazirlər Komitəsində sədrlik edəcək. BMT Təhlükəsizlik Şurasından sonra növbəti ciddi statusdur. Bu, həm də Gömrük İttifaqının künc-bucağnda özünə yer axtaran Ermənistandan önə keçmək deməkdir. Ancaq di gəl, bizim qarşımıza çıxan maneələr da az deyil. Məsələn, Avropa Şurasının Nazirlər Komitəsi sabiq səhiyyə naziri Avropa Məhkəməsinin Əli İnsanovla bağlı qərarının icra olunmaması məsələsini müzakirə edəcək. Bu, tarixi hadisədir. Azərbaycan Avropa Şurasına üzvlüyündən bəri ilk dəfədir Avropanın ən yüksək insan haqları qurumuna sədrlik edəcək. Ancaq belə yüksək tribuna qazanan ölkə öz sədrliyi dövründə qanunsuz həbsdə saxlanma barədə suallara cavab verməli olacaq. Təəssüf. Hər halda həmin günə 4 iyuna hələ vaxt var, İnsanov da daxil Avropada adla tanınan insanları azad edib bu tənədən qurtulmaq mümkündür.
“Avrovision”da 22-ci olmağımız elə də ciddi qüsur deyil. Qüsur odur ki, üzərimizə götürdüyümüz öhdəliklər icra olunmasın. Onu da qeyd edək ki, ciddi addımların atılacağına ümid verən məqam var. Belə ki, Avropa Şurasının saytında çap edilmiş Azərbaycanın altı aylıq planında yazılır: sədrliyi dövründə Azərbaycanın prioritetləri sırasında Şuranın əsas üç sütun vəzifələrini – insan haqları, qanunçuluq və demokratiya məsələlərinin həyata keçirilməsi planlaşdırılıb. Odur ki, gözləyək.
Əks təqdirdə təzyiqlər qazılmazdır.
Azərbaycan üçün kritik ay başlayıb. Budur, Amnesty İnternational NİDA fəallarının dərhal azad edilməsinə çağırıb. “Sərhədsiz Reportyorlar” təşkilatının baş katibi Kristof Delor Bakıya rəsmi səfəri ərəfəsində Fransa prezidentinə açıq məktub yazıb. Mətbuat azadlığı reytinqimizdə 180 ölkə arasında 160-cı yerdə olan bir ölkəyə təzyiq etmək üçün Olanda müraciət edilib. Məktubda çoxlarından bəhs olunub, elə Nərgizin atasından da. Əminəm ki, Tofiq bəy həbsdə olsa belə, Azərbaycanın ayağına bir daşın dəyməsini istəməzdi. Elə isə siz niyə o daşı qaldırıb bu ölkənin başına çırpmağa çalışırsınız..