İranda baş örtüyü olmadan onlayn konsert verdiyi üçün müğənni Parastoo Ahmadi və konsertin hazırlanmasında iştirak edən 8 nəfər məhkəmənin qərarı ilə 74 şallaq cəzasına məhkum edilib.
Medianews.az xəbər verir ki, Qum əyalətinin cinayət məhkəməsi Ahmadi və komanda üzvlərini "əxlaqsız məzmun hazırlamaq və yaymaqla ictimai əxlaqı pozmaqda" təqsirli bilib.
Qərara əsasən, onlar həmçinin 2 il müddətinə ölkədən çıxış hüququndan məhrum edilib və eyni müddət ərzində sənət fəaliyyəti ilə məşğul olmaları qadağan olunub.
Müğənni 2024-cü ilin dekabrında “YouTube” platformasında baş örtüyü olmadan yayımladığı onlayn konsertlə geniş ictimai müzakirələrə səbəb olmuşdu. Qısa müddətdə milyonlarla baxış toplayan çıxış zamanı səsləndirilən vətənpərvərlik mahnıları və Ahmədinin səhnəyə baş örtüyü olmadan çıxması ölkədə qadın sənətçilərə tətbiq olunan məhdudiyyətləri yenidən gündəmə gətirmişdi.
Konsertdən sonra İran məhkəmə orqanları ifaçı və komanda üzvləri barəsində araşdırma başladıb. Rəsmi qurumlar çıxışın ölkənin qanunvericiliyinə və mədəni normalarına uyğun olmadığını bildirib.
Qərar beynəlxalq ictimaiyyətdə də etirazla qarşılanıb. İnsan hüquqları müdafiəçiləri şallaq cəzasını qeyri-insani sanksiya kimi qiymətləndirərək, bunun qadın sənətçilərin ifadə və yaradıcılıq azadlığına təzyiqi daha da artırdığını bildiriblər. Xarici KİV-lər isə bu qərarı İranda mədəni sahəyə dövlət nəzarətinin sərtləşməsinin göstəricisi kimi dəyərləndiriblər.