Az.TV-nin 1992-ci ildəki bir reportajını xatırlayıram. Laçının Güləbird kəndini dörd oğluyla birgə qoruyan “Güləbirdli Vaqif” könüllü silahdaşları ilə birgə hər kəsi əmin edirdi ki, erməninin ayağı bu kəndə dəyməyəcək. Səhər xəbər yayıldı ki, Güləbird işğal olunub…
Bunu ona görə xatırlatdım ki, təhlükəni heç vaxt istisna etmək olmaz, ələlxüsus da qarşıda nə bir sazişə, nə qonşuluğa, nə süfrəmizdən yediklərinə xətir-hörmət qoymayan düşmən ola. Erməni arxasındakı himayədarına, Gümrüdəki rus bazasına görə bu qədər arın-arxayındır ki, getdikcə quduzlaşır.
Ancaq nədənsə vəziyyəti doğru-düzgün qiymətləndirmirik. Xüsusilə də Tovuzun düşmənlə üzbəüz Əlibəyli kəndinin taleyinə laqeyd münasibəti görürük bu günlərdə. Düzdür, Azərbaycan ordusunun müəyyən qüvvələri bu mövqeləri düşməndən qoruyur. Ancaq kənddən aldığım məlumata əsaslanıb deyə bilərəm ki, Azərbaycan tərəfin düşmənə cavabı adekvat deyil. Düşmən bundan şirniklənib daha da quduzlaşır, cavabı verilmir deyə…
Fakt budur ki, düşmənin bu kəndlə üzbəüz mövqeləri yüksəkliklərdə yerləşir və bu mənada kənd əl içi kimi erməninin nəzarəti altındadır. Bu mənada orda yaşayan əhaliyə qəhrəman camaat statusu verilməli, bütün qayğılardan azad olunmalı, ali məktəbə qəbuldan tutmuş kommunikasiya xərclərinə qədər bütün güzəştlər bu fədakar insanlara şamil olunmalıdır. Millət vəkili Qənirə Paşayeva parlamentdə bununla bağlı rəsmi qurumlara həyəcanlı müraciət də etmişdi, lakin üstündən günlər keçir, daşdan səs çıxır, rəsmilərdən yox.
Axı, söhbət bir kəndin, onun əhalisinin deyil, həm də Azərbaycanın strateji əhəmiyyətli nöqtəsinin taleyindən gedir. Son həftələr güllə yağışı altında yaşayan əhalinin bir hissəsi zirzəmilərdə gecələyir, bir qismi rayon mərkəzindəki qohum-qardaşının evinə sığınır, bunu bilirsinizmi, cənab rəsmilər? Bu gün Əlibəylidəki uşaqlar güllə səsi altında ali məktəbə hazırlaşır, qundaqdakı körpələr güllə səsinə diksinib oyanır. Biz nədən bütün bunlara laqeydik? Biz ki, ATƏT həmsədrləri deyilik bunca faciəvi situasiyaları tamaşa kimi seyr edib üstündən keçirik…
Son günlər Tovuzdan gələn hər telefon zəngindən narahatlıq sezmişəm. Ötən aylarda belə deyildi. Görün hansı vəziyyət yaranıb ki, Əlibəyli camaatı “əgər bu kəndi erməniyə vermək istəyirlərsə, açıq desinlər” deyə, şübhələrə düşüblər. Nə baş verir, nədən camaatın nigaranlığına son qoyulmur? Əgər Əfqanıstan və Qarabağ döyüşlərinin əfsanəvi döyüşçüsü Etibar Əmiraslanov da durumdan nigarandırsa, deməli, nələrsə baş verir. Bu qeyri-müəyyənliyi aradan qaldırmaq lazımdır.
Bu yazını yazarkən Etibar bəylə təkrar danışdım, son durumu bilmək üçün. Ermənistanın Ayqer kəndinin mərkəzindən Əlibəyliyə atırmışlar. Təsəvvür edirsinizmi, postlardan yox, mülki əhalinin içərisindən. Bizimkilər düşmənin 30-40 atəşini cavabsız qoyub bu dəfə də. Görünür bu da təxribat planıdır, yəni Azərbaycan əsgərləri də kəndi atəşə tutsun və Ermənistan Rusiyanı köməyə çağırsın, ən azı Azərbaycanla bağlı neqativ rəy aşılasın. Vəziyyət bu qədər təhlükəlidir cəbhənin Əlibəyli istiqamətində.
“Əlibəyli qorxmaz kənddir, yerindən tərpənən deyil, amma erməniyə cavab verilməməsi kənddən narahatlıq doğurur”. Avtobus sürücüsü işləyən Etibar bəy bu sözləri elə iş başında ikən söylədi. Hələ də onun müdafiə nazirinə ünvanladığı müraciətə cavab verilməyib. Keçmiş döyüşçü öz silahdaşları ilə birgə Əlibəylidəki gənc əsgərlərə dayaq olmaq, Tovuzu düşməndən qorumaq üçün sadəcə tapşırıq gözləyir. Di gəl, onun torpağı qorumaq istəyi sükutla qarşılanır. Niyə?
***
Azərbaycan ordusunun Naxçıvanda keçirdiyi hərbi təlimlər çoxumuzu ruhlandırdı bu günlər. Ordu rəhbərliyinin müsbət hansı addımı olacaqsa, təbii ki, bunu təqdir edəcəyik və başqa bir yanaşma ola bilməz. Amma əgər polkovnik-leytenant Üzeyir Cəfərovu hərbçi ailə üzvləri ilə təhdid edirlərsə, Qarabağ qazisi Rey Kərimoğlunun facebook-da yazdığı kimi 18 Qarabağ döyüşçüsü müalicəsizlikdən ölüm ayağında olduğu halda onlara diqqət yoxdursa, nəhayət, Əlibəyli camaatı düşmən qabağında naümid qalıb Bakıdan cavab gözləyirsə, bunlar narahatlıq doğurur. Bu günlərdə erməni başı ilə bağlı müzakirələr də çoxalıb, kimin başını kim kəsib, kim daha çox qəhrəmandır davası gedir. Təəssüf, bunun heç yeri deyildi. Sabah erməni o kəsilmiş kəllələrin fotolarından bizim özümüzə qarşı istifadə edəcək, bunun fərqindəsinizmi?