Fransa məhkəməsi bu yaxında bizim fövqəladə hallar naziri Kəmaləddin Heydərovu 50 min dollar cərimələmişdir. Sabirabadda seldən, Zaqatalada zəlzələdən, Bakıda “Jalə”dən xəsarət alanların halına yanmadığı üçün.
Zarafat edirəm, düzü, heç bilmirəm nə üçün cərimələyiblər. 50 min az, 50 min çox – bu da Kamal müəllim (Lenin adına APİ-nin yanğınsöndürmə müəllimliyi fakültəsini bitirib) üçün böyük önəm daşımır. Ancaq belə pullar respublikamızdan qırağa çıxır, ölkəmizin nüfuzuna zərər dəyir, Bakıya qar yağır, camaat mərmərin üstündə göz-qaş olub yıxılır, tərəfimizdən təxirəsalınmaz tədbirlər görülür, o cümlədən, aşkar edilib götürülmüşdür. Yazı niyə belə hətərən-pətərən alındı, onun sirrini ancaq etibarlı oxucularıma açıram: hazırda çox soyuq, soyuducu kimi bir yerdə oturmuşam, qızışmaq üçün əl-qol hərəkətləri etməyə, cümlələri oynatmağa məcburam. Qoy millətdə ruh yaşasın!
Hə, respublikadan qıraqda qalmışdıq. Bu mövzuda Borçalıda doğulan gözəl şairimiz Səməd Qaraçöpün çox yaxşı şeiri də var. Deyir, “Vətənin qıraqda qalan yerisən, Vətənin gün döyən yerisən, Vətən!” Bunu yəqin ki, elə Borçalı haqda yazıbdır. Ümumən götürəndə həyat çox ağırdır, diş həkimi işləyib adi kariesi qaşımaq üçün də bəzən insan yaltaqlığa məcbur olur.
Deməli, dünən “Azadlıq” radiosunun saytında oxudum, yazmışdılar ki, 2002-2011-ci illər ərzində Azərbaycandan qırağa gizli və qeyri-qanuni yollarla 17 milyard dollar pul çıxardılıbdır. Bunu mərkəzi ofisi Amerikada, Vaşinqton şəhərində yerləşən bir beynəlxalq maliyyə qurumu hesablayıbdır.
Təzə xəbər deyil. Bundan qabaq ayrı idarə də hesablamışdı ki, yapokratlar hakimiyyətdə olduqları 20 il ərzində Azərbaycandan 48 milyard dollar çırpışdırıblar. Məni düşündürən, marağımı çəkən xaricdən maliyyələşən qara qüvvələrin dövlət müstəqilliyimizi ələ salmasıdır. Axı sizin nəyinizə lazımdır bizdən nə qədər oğurlayırlar? Yeri gələndə o pullar elə sizə, sizin ölkələrə xərclənir. Orda villalar, maşınlar, paltarlar alırıq, dükan açırıq… İldə azı bir dəfə nəqliyyat nazirinin oğlu Vaşinqtonda o hesabatı hazırlayanların hökumətinə yemək-içmək, qara kürü yaxmacı verir.
Eyni zamanda o hesabatda başqa ölkələrdən də qırağa çıxarılan çirkli, oğurluq pullar haqda yazılmışdı. Məsələn, həmin 10 ildə Ermənistandan qırağa 6 milyard, Gürcüstandan isə 4 milyard dollar çıxarılıbmış. Rusiyadan təkcə bir ildə – 2011-ci ildə qırağa çıxarılan pul isə fantastik məbləğdə imiş: 191 milyard dollar!
İndi mən mexanizmi hörmətli oxuculara izah edim, özünüz də görəcəksiniz ki, burdan kiminsə pul oğurlamasının sevgili xalqımıza, həmçinin uca millətimizə qəti zərəri yoxdur.
Mexanizm isə belədir: Azərbaycandan qırağa pul çıxarılırsa, Rusiyadan, Ermənistandan da qırağa pul çıxarılır, deməli Ermənistandan qırağa çıxarılan pulun Azərbaycana girmək ehtimalı yüksəkdir. Yəni, burada əsas dövriyyə həmişə qıraqda olur və baxır kimin qırağı haradır. Bizim qıraq onlardır, onların qırağı bizik, heç kim qıraqda qalmır! Bir atalar sözü yadıma düşüb, yeri olmasa da burda yazım: “Ortasına dəymə, qırağından kəsmə, doğra, doyunca ye”. Həvəsiniz varsa birini də yazım: “Həsən də qəlyan çəkər, Hüsən də qəlyan çəkər, Tənbəki bol olanda, Siçan da qəlyan çəkər”. Əlbəttə, indiki antitütün kampaniyaları dövründə uğursuz, arxaik bir ata sözüdür, ancaq neynəyək, ta yazmışıq, pozmayaq. Yazıya pozu yoxdur.
Sonda bir sensasiyalı informasiyanı da yazım, xəbəriniz olsun: Bakı qışa hazır deyil! İlk dəfədir belə bir şey baş verir.