Biz elə bilirdik neftin, qazın yiyəsi cənab prezidentdir, ancaq İngiltərədəki bir təşkilat araşdırıb başqa yiyə tapıb. Bu adam Anar Əliyev adlı naməlum şəxsiyyətdir. O qədər naməlumdur, əlimizdə heç abırlı bir fotosu da yoxdur, qəzetlər onun JEK kseroksundan çıxmış solğun bir şəklini paylaşırlar. Adam yüz milyonlarla neft pulumuzu fırladır, ancaq şəkli yoxdur. Belə haqsızlıq olarmı? Halbuki Azərbaycanın istənilən acından günorta duran və ya heç durmayan vətəndaşının sosial şəbəkələrdə minlərlə fotoşəkli vardır. Hər cür vəziyyətlərdə.
Doğrudur, ehtimal edilir ki, hakimiyyət neft pullarını bu oyuncaq fiqurun altında gizlədir. Guya neft pulları birbaşa cənab prezidentin adına olsa xalq ayağa qalxacaqmış. Mən buna inanmıram. Əksinə, daha yaxşı qarşılayardıq, çoxlu müraciət yazardıq ki, ey möhtərəm cənab prezident, o pullardan bizə də ver. Qəzet çıxardaq, maşın alaq, bostan əkək, artistlik eləyək, xaricə müalicəyə gedək, uşağımızı Harvardda oxudaq və sairə. Adamına baxır. Dərdimiz, millət olaraq – çoxdur.
Hələ son vaxtlar içinə cin girənlər də çoxalmışdır, o cinləri çıxartmaq üçün dövlət vəsaitlərinə, prezidentin ehtiyat fondundan ayırmalara ehtiyac duyulur. Baxırsan bütün vətəndaşlar bir-birinə ağız atır, cırmaqlamağa çalışır. Fürsət eləyib kiminsə dalına təpik vurmaq, badalaq gəlmək, üzünə tüpürmək, başına kül tökmək də aktual mübarizə üsullarıdır.
Harda qalmışdıq? Hə, İsveçrədə. Deyirlər neftimizin yiyəsi olan o cavan oğlan hazırda oturub İsveçrədə, Rövnəq müəllimin Alp dağlarının füsunkar yamaclarında açdığı “SOCAR” benzindoldurma məntəqəsində şeir yazır. Şeiri təxmin edirəm, əslində əlimdə dəqiq fakt yoxdur. Sadəcə, son illərdə fikir vermişəm, kim zindana düşürsə şair olur. Qapalı yerdə bizim xalqın şair ilhamı oyanırmış.
Bəziləri deyir ki, Anar Əliyev Rövnəq Abdullayevin qohumudur. Bu yerdə klassik azərbaycanlı məntiqi işə düşür: “Lap yaxşı, adam qohumuna da güvənməyib kimə güvənəcək?” Biz qohumcanlı millətik.
Bəziləri isə tələb edir Anar Əliyev qayıdıb gəlsin Azərbaycana, hesabat versin. (Əslində özümdən uydurdum, belə tələb irəli sürən kimsə yoxdur. Uydurdum ki, yazının ardını yaza bilim, yoxsa mövzu bu yerdə xırppadan qırılırdı).
Problem də elə bundadır. Anar müəllimdən – kim bilir, bəlkə o da bütün hörmətli azərbaycanlılar kimi APİ-nin məzunudur – hesabatı istəməyə faktiki olaraq adam yoxdur.
Yeri gəlmişkən, bir həftə qabaq benzinin qiyməti qalxanda hamı hökuməti söyürdü. (Bu “hamı”nı da cəmiyyətdə gərginlik yaratmaq üçün yazdım, əslində söyən yox idi, hamı quzu kimi susmuşdu). O zaman xalq niyə etiraz eləmədi? Çünki xalqımız müdrik xalqdır! Biz 1989-cu ildə Qvineya mətbuatının araşdırmasına görə “İlin xalqı” olmuşuq! Biz alt şüurumuzla başa düşürdük ki, neft məhsullarının qiymətinin qalxmasında nə Rövnəq müəllimin, nə də möhtərəm cənab prezidentin günahı var. Biz bunu qaldıranın kimsə başqa adam olduğunu intuisiya ilə, 9-cu hissiyyatımızla, alnımızdakı gözlə, qulağımızın içindəki tüklə, dişimizdəki paradontozla, kor bağırsağımızdakı ağrı ilə dərk edirdik. Şükürlər olsun, tezliklə o adam bilindi. Anar Əliyev adlı şəxs. Hazırda Alp dağlarının ətəklərində şlanq tutan gözəl insan.
Çox yaxşı haldır ki, şlanq heç vaxt yerdə qalmır. Biz şlanqı burdan neftlə doldururuq, o başda – Avropada da yenə milli bir insan, qanı qanımızdan, canı canımızdan, burnu burnumuzdan (ardını yuxarıdakı abzasdan təkrarlayın) olan birisi şlanqla dünya xalqlarının benzin bakını doldurur.
Şlanq – alman dilində ilan deməkdir. Ən azından bir yeni xarici söz öyrəndiniz.