Gəncə şəhəri bu yaxınlarda hansısa il üçün “Avropanın gənclər paytaxtı” elan olunmuşdu. Bunu kim düzüb-qoşmuşdu, Gəncədə neçə nəfər xoşbəxt və avropalı gənc tapmaq mümkündür – məlum deyildi. Ancaq indi şəhərdən gələn xəbərlərdən məlum olur ki, bu paytaxt söhbətindən qazananlar olacaqdır.
Gəncə icra hakimiyyətinin başçısı Elmar Vəliyev camaata müraciət edibdir. Deyir, gənclər paytaxtı olmağımız münasibətilə şəhərdə çal-çağır, vur-çatlasın, damba-durum, zarta-zurt təşkil eləmək istəyirəm, arzu və təkliflərinizi, hansı dünya şöhrətli manısı ulu Gəncədə xan çinarın altında görmək istəyirsinizsə yazın mənə göndərin. Yerli lələlər də sağ olsunlar, boş durmayıblar, icra başçısının poçtunu məktubla darmadağın ediblər. Gəncəlilərin gələn il şəhərdə konsertini görmək istədikləri dünya ulduzları siyahısında Cenifer Lopes, Şakira, Beyons, Rihanna, Ledi Qaqa kimi çırılçıplaq müğənnilər öndə imiş. Əhsən! Mən alqışlayıram. Həmişə Surətə-zada dəstək verəsi deyilsiniz ki?
Arzu məktubları hələ axmaqdadır və icra başçısı bunlardan hansını, yoxsa elə hamısını gələn il gətirib Gəncədə oynadacaqdır – dəqiq bilinmir. Ancaq məni başqa mövzu düşündürür.
Bu icra başçısı Elmar müəllim Ceniferi kimin pulu ilə gətirəcək? İcra başçısı biznesmen deyil, ola da bilməz. Hesab edək yerli biznesmenlərə güvənib bu vədi verib. Bu halda qanunsuz hərəkət edir, çünki icra hakimiyyətinin iqtisadiyyata bu cür müdaxiləsi pis nəticələr verir. Misal üçün, Ceniferin 1-2 milyon dollara gəlib şəhərdə burcutmasının heyfini həmin pulu verən iş adamları sonra gəncəli pensiyaçı qarıların canından çıxardırlar, satdıqları dərmanları, qəndi-çayı bahalaşdırırlar.
Ümumiyyətlə, bu nə praktikadır? Bu icrabaşı utanmırmı? Elə bil hansısa toyxana manıslarının prodüseridir, konsert təşkil edən menecer-zaddır. Sənin başqa işin-gücün yoxdurmu? Bəlkə yeraltı keçidin açılışını da edəsən?!
Başqa administrativ xəbər Tərtərdən gəlib. Orda icra başçısı özünə gənc müavin təyin edib. Gəncin 28 yaşı var imiş. Dəhşətdir. Gör nə kökdəyik ki, hansısa ucqar rayonda 28 yaşlı insan icra başçısının humanitar məsələ üzrə müavini tipli qotur bir vəzifəyə qoyulanda bundan paytaxtdakı KİV-lər xəbər qayırırlar. Çox uzağa getməyək, elə qonşu Gürcüstanda o yaşda şəxsləri nazir qoyurlar. Misal üçün, indi 31 yaşında baş nazir qoyulan İrakli Qaribaşvili 28 yaşında artıq Gürcüstanda polis naziri işləyirdi. Yapokratiya isə Binəqədidə, Tərtərdə bəzi gülünc “raykomun müavini” postlarına cavan yaltaqları təyin eləməklə guya islahat aparır.
Ta bu cür gediriksə, mən təklif edirəm başqa məmurlar da Gəncə şefindən ibrət götürsünlər. Əslində yenilik deyil, vaxtilə ARDNŞ şefi Rövnəq əkə Elton Conu gətirib oxutmuşdu, cibinə 3-4 milyon dollar neft pulu basmışdı, cınqırını çıxardan da olmamışdı.
Misal üçün, müdafiə naziri Zakir Həsənov əsgərlərə müraciət eləsin, onların kimi görmək istədiyini öyrənsin. Qoy Madonna da gəlib Ağdamın bizdə olan hissəsində əsgərlərlə qucaqlaşıb “Yallı” getsin, düşmənin bağrı çatlasın. Kənd təsərrüfatı naziri əkinçilər önündə Rafet el Romandan, Tarkandan-filandan birini oxutsun. Bəd ayaqda primadonna İlhamə xanım da işə yarayar.
Şəxsən mən jurnalistlərimiz adından Mətbuat Şurasının sədri Amaşov yoldaşa dərin narazılığımızı bildirirəm. Biz niyə konsert görmürük, hıy?! Nə üçün kütləvi informasiya vasitələrində əlləşən insanlarımız ildə bir dəfə Sibel Canın, Əbru Gündəşin, Gülbən Ərgənin, Hadisənin, nə bilim, Barbaros Xeyrəddinin konsertini görməsin? Lazımsa biz də elektron səsvermə keçirdək, hansı müğənnini istəyirik, orda yazaq. Səsvermədə birinci yeri tutanı Amaşov gətirsin Bakıya, birlikdə oxuyaq-oynaqlayaq, həyatdan kam alaq.
Bu işi belə qoymaq olmaz!
Yazını elə bu nikbin notlarla bitirmək istəyirəm.a