Qafqaz müsəlmanları kolxoz idarəsinin şefi, çox hörmətli şeyx həzrətləri Bakının yalançı meri Hacıbala Abutalıbova ekzotik bir müraciət edibdir. Deyir, ey Hacıbala, bizə bir yer ayır, məscidlərdə yığılan nəzirlərin pulu ilə millətin yetim uşaqlarına məktəb açmaq istəyirəm. İstəyirəm o məktəbin bir böyründə də kasıblara pulsuz şorba verilən yeməkxana olsun.
Zarafat edirəm, əşşi, qorxmayın. Bizim dini idarə hələ bu dərəcədə pozulub yolunu azmayıbdır. Şeyx cənablarının Abutalıbova məktubu… idarənin yerləşdiyi küçənin adını dəyişmək arzusunu özündə ehtiva edirmiş (Dini mövzuda danışanda gərək bu cür ehtiva-mehtiva kimi sözlərdən qatasan cümlənin canına, yoxsa savadlı olmur, cəmaət moizəyə inam gətirmir).
Sən demə, Qafqaz Müsəlmanları İdarəsi, Təzəpir məscidi, Bakı İslam Universiteti, sütunsuz yas restoranlarının yerləşdiyi böyük dini kompleksin dərvazələri bir mürtədin adını daşıyan küçəyə açılırmış. O mürtəd də Türkiyə Kommunist Partiyasının əsasını qoyan, alovlu kommunist Mustafa Sübhi imiş.
Vay-vay… Həqiqətən böyük biabırçılıqdır və indiyə qədər niyə əraziyə göydən daş yağmayıbdır, bunun özü çox təəccüblü, heyrətvericidir. Yəqin şeyx həzrətləri Allahşükür müəllimin duaları sayəsində Allah-təala o mürtədin adını daşıyan küçəni darmadağın etməmişdir.
Özün bax, belə də allahsızlıq olarmı? Adam kommunistdir, deməli, həm də ateistdir. Hələ cibində kənəvir toxumu kimi şübhəli narkotik maddələr daşıyarmış. İzah edim.
Mən bu Mustafa müəllimi türk müğənni Əhməd Qayanın “Bir əcaib adam” adlı mahnısından tanımışam. Bəlkə 20 il olar. Mahnıda Subhi adlı adamdan, onun Marksın “Kapital” kitabını oxumasından, sürgün edilməsindən, polislərin onu tutub aparmasından-filandan bəhs edilir. Məsələn, mahnıda belə sözlər var: “Bir cibində Das Kapital, bir cibində kənəvir toxumu, Subhi, Subhi, bir acaib adam”. Ehtimal var ki, Əhməd Qaya o mahnını məhz Mustafa Sübhi haqda yazıbdır.
Mustafa Sübhi həqiqətən kommunist əqidəli adam olub, ta bizdə müstəqillik elan edilən kimi üçrəngli bayrağı öpüb pullu vəzifəyə gedən ikiüzlülərdən olmayıb. Mustafa Sübhinin kommunist fəaliyyəti Türkiyə, Rusiya, Azərbaycan kimi geniş arealı əhatə edib. Şəxsən mən müstəqillik tərəfdarı olaraq Sübhini düşmən sayıram, ancaq ləyaqətli düşmən binamus dostdan yaxşıdır (Hesab edin burda bir ata sözü qayırdım).
Uzun sözün qısası, şeyxin Mustafa Sübhinin adını öz küçəsindən silmək arzusu anlaşılandır. Eyni zamanda anlaşılmazdır. İzah edim.
Birincisi, o küçədə müsəlman dininə az-maz yaxın bir şey varsa elə o küçənin adıdır. Sadəcə, gərək biz o ada kommunist adı kimi baxmayaq. Mustafa İslam peyğəmbərinin “Quran” kitabında keçən adlarından biridir, ərəbcə anlamı da “seçilmiş” deməkdir. Sübh də səhər deməkdir, sutkanın ən gözəl vaxtıdır. Təbii, seçkilərin saxtalaşdırıldığı ölkədə “Seçilmiş” mənası verən küçə adı pis görünür.
İkincisi, hərə öz küçəsini öz idarəsinin adına uyğunlaşdırmağa başlasa məmləkətdə böyük xaos, qarmaqarışıqlıq düşər, gərək o zaman Naxçıvandan Vasif Talıbovu çağıraq, gəlsin bizi xilas eləsin. Ona qalsa Prezident Administrasiyası da İstiqlaliyyət küçəsində yerləşir, halbuki Heydər Əliyev prospektində olmalı idi. İstiqlaliyyətin prezidentə nə dəxli var?
Yadıma başqa pis hərəkət düşdü, bir dəfə yazmışam, yenə yazım.
Bax, elə şeyxin müraciət elədiyi o Hacıbala əkənin oturduğu binada – Bakı Şəhər İcra Hakimiyyətinin binasında bayır tərəfdən bir bürünc lövhə var idi. Sovet dövründə vurulmuşdu, üstündə də yazılmışdı ki, böyük yazıçı Maksim Qorki vaxtilə bu binada çıxış etmişdir. Hansı millət olsa o lövhəni gözü üstündə qoruyub saxlardı, çünki Qorki Qorkidir. Hətta turistlərə göstərmək lazım idi. Ancaq gerizəkalı “mer” nə elədi? Heç nə – lövhəni qopardıb atdı.