Tarif Şurasının bahalaşma qərarına Milli Şura keçmiş neft baronu Rəsul Quliyevi tərkibindən qovmaqla cavab verdi. Başqa bir şey olmadı. Ola bilərdi olsun, ancaq olmasını istəməyənlər olduğundan olmadı. Ümumən Milli Şura bu saat çox maraqlı qurumdur. Bir-birini söyən 130 nəfər yığışıblar, gah sədr seçirlər, gah fəxri sədr. Halbuki, biz onlardan prezident gözləyirdik və Cəmil Həsənli prezident olmuşdu da. Ancaq görünür Cəmil müəllim də başa düşdü ki, AXCP və Müsavatın ittifaq qurduğu yerdə azı yeddi il ot bitmir, o səbəbdən çox üstünə getmədi.
Eyni zamanda bəzi zəhmətkeşlərimiz, zəhmətküslərimiz və zəhmətquşlarımız (bunlar ayrı-ayrı sosial siniflərdir, inşallah, sağlıq olsun, cin-şeytan qurbanı olmasaq yaxın gələcəkdə bu haqda ayrıca yazarıq) benzinin qiymətinin qalxmasından istifadə eləyib satdıqları şeylərin qiymətini qaldırırlar. Avtobus və taksi sürənlər yol pulunu, qəssablar dana ətinin qiymətini, nə bilim, dəlləklər sünnət elədikləri şeyi qaldırırmış. Bu isə Tarif Şurasının haqlı narazılığına səbəb olmuşdur. Dünən Şura bəyanat vermişdir, deyir, kim özbaşına nəyisə qaldırsa haqqında ciddi tədbir görüləcəkdir.
Bənzər izahat Nəqliyyat Nazirliyindən də gəlmişdir. Onlar da deyir bizdən icazəsiz qiymət qaldıranları tutub ağacdan asacağıq (Əlbəttə, tam olaraq belə deməyiblər, mən vəziyyətin nə qədər dramatik olduğunu göstərmək üçün bu cür yazdım).
Anlaşılmaz vəziyyətdir. Demək qiymət qaldırmaq da inhisar altındadır. Heç kim özbaşına qiymətini qaldıra bilməz. Daha bunun nəyi demokratiya oldu? Eks-deputat, təzəlikcə haqsız yerə 3 il həbs cəzası almış cüzdan məhbusu… üzr istəyirəm, vicdan məhbusu Gülər xanım haqlı olaraq demişdi ki, demokratiya nədir, onu Azərbaycanda cəmi 5-6 adam bilir. Ümidvaram o beş-altı nəfərdən birinin mən olmağıma şübhəniz yoxdur.
Mövzudan uzaqlaşmayaq, onsuz benzin bahadır, çox uzağa gedərik, qayıdıb mövzunu tapmağa yanacağımız çatmaz. Mövzu nə idi? Lənət olsun. Yadımdan çıxdı.
Mövzu yaddan çıxmışkən təhsil naziri Mikayıl Cabbarovun bir gülməli açıqlamasına toxunaq. Deyir, Azərbaycanda təhsilin idarə edilməsi üzrə kadrlar buraxan ali məktəb yoxdur. 4500 orta məktəb üçün 4500 təhsil menecerinə ehtiyac varmış və sairə.
Rəhmətliyin oğlu, bəs məktəb direktorları nədən ötrüdür? Məktəbin sinif otaqlarını dərsdən sonra repetitorlara icarəyə vermək üçündür? Menecer – idarə edən deməkdir, məktəb direktoru da bütün funksiyaları ilə eynilə menecerdir, yalnız adı fərqlidir. O cümlədən, bu menecerin məktəbdə təlim-tərbiyə, təsərrüfat işləri üzrə müavinləri (doğma dilimizdə desək zavuç) olur. Bütün bu şişmiş idarəçilik strukturunun üstündən bir də menecer qayırmaqla nəyə nail olacaqsınız?
Halbuki Mikayıl müəllim daha novator təkliflər verməlidir. Uca millətimiz ondan ayrı istiqamətlərdə işlər gözləyir.
Misal üçün, məktəblərə yaxşı cindarlar lazımdır. Azı 4500 cindar. Çünki yaltaq dərslikləri oxuyan şagirdlərin içinə cin girir.
Ələm uçurdan, çöp çıxardan, it boğuşduran, blutuz tutan, dombalaq aşan, şıllaq atan ixtisaslarına da məktəblərimizdə dərin ehtiyac var. Təhsil nazirinə təklif edirəm bir dəfə dərslər qurtaranda gedib istənilən məktəbin darvazası ağzında dayanmağa risk eləsin. Məktəblilər və müəllimlər ordan elə sürətlə çıxırlar az qalır adamı ayaqlasınlar. Bunlar elm-təhsil ocağından niyə qaçırlar? Nədən canlarını qurtarmaq istəyirlər? Mikayıl müəllim Barselonada çox olubdur, güman edirəm orada korrida yarışında öküzdən qaçan matadorları görübdür. Bax, bizim məktəblərin darvazası önündə durmaq insandan matador cəsarəti istəyir. Elə məktəblərdə matador peşəsinə də ehtiyac vardır.
İndi söz Redaktorlar Şurasınındır – bu yazıya daha çox qonorar istəyirəm.