Bildiyiniz kimi, Tarif Şurası çox gözəl qərar veribdir. Həmin qərara əsasən rayona zəng vuran adam dəqiqəsi üçün daha 5 qəpik yox, 3 qəpik ödəyəcəkdir. Evə telefon çəkdirmək istəyənlər Rabitə Nazirliyinin əməkdaşlarına şirinlik verməyəcəkdir. Hələ bu harasıdır? Faks aparatı saxlamağın aylığı 80 qəpikdən 50 qəpiyə endirilmiş, kənd yerində yaşayan insanların 107 xidmətindən istifadəsi üçün tariflər isə dəyişilməz şəkildə saxlanılmışdır! Fantastikadır. Ucuz ikən hərəniz 3-4 faks alın, evə yığın.
Həmçinin məsləhətdir ki, kənd yerlərində yaşayanlar cənab prezidentin bu atalıq qayğısını yüksək qiymətləndirsinlər və sutkada bir neçə dəfə 107 xidmətinə telefon açsınlar. Doğrusu, bu 107 xidməti nə xidmət göstərir, o qədər də məlumatım yoxdur. Ümidvaram telefonla məhəbbət xidməti kimi bir şeydir.
Təbii ki, prezident seçkisindən iki ay keçibdir, xalqın yaşayış səviyyəsinin bu cürə yaxşılaşması gözlənilən idi. Yapokratiya seçkilərə “İlhamla irəli!” şüarı ilə getmişdi və buradakı “irəli” ifadəsini unutmaq olmaz. Biz daim irəli gedəcəyik! Xatırladım ki, müxalifətin seçkidə əsas şüarı “Bəsdir!” idi. Şükürlər olsun, bir qrup büdcə təşkilatı zəhmətkeşləri müxalifətin qalib gəlməsinə imkan vermədilər, əks halda indi kənd zəhmətkeşləri 107 xidmətinə 5 qəpik yox, bəs deyincə baha qiymətə zəng vurardılar! O cümlədən, faks almaq istəyənə dükanda “bəsdir, faks yoxdur” cavabı veriləcəkdi.
Hətta biz daha mənfi perspektivdən – Balıq Hafizin qalib gəlmə ehtimalından qurtulmuşuq. Düzdür, o demişdi ki, qalib gəlsə hamıya qan udduracaq və benzinin qiymətini qaldırmaq əslində elə xalqa qan uddurmaq kimi bir şeydir, ancaq stratejik anlamda vəziyyət o qədər dəhşətli deyildir.
Ta söz düşdü, bu benzin haqq-hesabından da yazaq. Oxucular şahiddir, vallah, mən heç bu xırda və ucuz məsələ haqda yazmaq istəmirdim. Balığın, daha doğrusu, baisin evi yıxılsın.
Bildiyiniz kimi, Tarif Şurası evdə faks saxlamağın qiymətini ayda 50 qəpik eləyəndə benzinin də qiymətini yüngülvari qaldırıbdır. Hər litrdə 20-30 qəpik kimi bir şeydir, qəti qorxusu yoxdur. Ancaq bəzi zəhmətkeşlərimiz eşitdiyimə görə orda-burda Metro Tağı demişkən, “dızıldaşırlar”, deyirlər bahaçılıq evimizi yıxacaq, neft ölkəsində benzinin qiymətini qaldırmaq xalqa nifrətin göstəricisidir, buna dözmək olmaz və sairə.
Birincisi, xalqımız dözümlü xalqdır, buna da dözəcəkdir. İkincisi, dövlətimizin xərcləri çoxdur, bunları çatdırmaq üçün benzin bahalı olmalıdır. Məsələn, göyə bir peyk uçurtmuşuq, hələ ikincisi kürt yatır, inşallah, o da bu gün sabah yumurtadan çıxıb kosmosa pərvaz eləməlidir. Bəs siz elə bilirdiniz peyk uçurtmaq havayıdır, cavan uşaqlar demişkən, “lopuğadır”? Xeyr. Hər peyk uçanda bunu xoda salmaq üçün neçə kanistr benzin gedir.
O cümlədən Bayraq meydanını götürək. Dünyada ən uzun bayraq dirəyi bizdədir. Bayraq dirəyini saxlamaq üçün ildə yüz min ton benzin gedir. Aeroport yolunda işıq dirəklərini təzələmək, Heydər Əliyev Mərkəzində azmış turistləri tapmaq üçün Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinə yanacaq tökmək, 7-ci mikrorayonda xeyir-şər evini qablaşdırma köpüyü ilə üzləmək, Dubayda Qarabağ qaziləri üçün alınan 9 villanın xidmət haqları üçün nə qədər yanacaq lazımdır, bilirsinizmi?
Səfər Əbiyevi 18 il oturduğu kreslodan qaldırıb yerinə Zakir Həsənovu qoymaq üçün qaldırıcı krana ən azı 69 min litr dizel yanacağı sərf olunmuşdur. Güman edirəm, bunu da bilmirdiniz.
Sözümün canı nədir? Cabir Novruz demişkən, qoy millətdə ruh yaşasın!