Ukraynada meydana çıxanların böyük əksəriyyəti nə sabiq prezident Viktor Yuşşenkonun tərəfdarlarıdır, nə sabiq baş nazir, siyasi məhbus Yuliya Timoşenkonun təəssübkeşləridir.
Ölkənin dörd bir tərəfindən gələrək Kiyevin baş meydanında toplaşanların bir adı var: xalq.
Hazırda onlar mövcud hakimiyyətə qarşı müxalif ovqatda olsalar da, dünənə qədər müxalifətçi deyildilər, əsasən bitərəf idilər, hətta aralarında iqtidar komandasına rəğbət bəsləyənlər də vardı.
Xalq hərəkatı buna deyərlər. Yaşından, cinsindən, milli mənsubiyyətindən, sosial zümrəsindən asılı olmayaraq, hamı birləşir, ölkənin taleyi üçün təhlükəli bir durum yarananda ortaya iradə qoyur.
Ukrayna xalqı hesab edir ki, milli hökumətin Avropadan üz döndərib Rusiyanın ağuşuna sığınması təhlükəlidir.
Xalq əbəs yerə belə fikirləşmir. Görünür, müasir ukraynalılar öz tarixlərini yaxşı oxuyublar və Rusiyanın bu ölkənin xalqına qarşı törətdiyi yamanlıqları unutmayıblar.
Onların ən böyüyü Qolodomor faciəsidir. Sovet dövründə bu faciədən bəhs etmək yasaq idi. Ancaq Ukrayna ziyalıları ilk fürsətdə xalqın başına gələn bu fəlakət barədə yazdılar. Ukrayna yazıçısı Yuri Şerbakın arxiv sənədlərinə, çoxsaylı şahid ifadələrinə dayanaraq yazdığı əsərə görə, 30-cu illərdə 10 milyona yaxın ukraynalı Moskvanın cinayətkarcasına siyasəti üzündən aclıqdan ölüb. O vaxt Kremldən gələn göstərişə əsasən Ukraynada nə qədər taxıl becərilibsə, hamısı müsadirə olunaraq Moskva və Leninqrad əhalisinə yedizdirilib, taxılı becərən Ukrayna xalqı isə acından qırılıb.
Ukraynalılar bu, tarixi qiymətini almayan faciəni unutmurlar, unuda bilmirlər, çünki miqyasına, qurbanlarının sayına görə Qolodomor faciəsi yəhudilərin Xolokostu qədər müdhiş insanlıq faciəsidir. O gün-bu gün, Ukraynada belə bir fikir hakimdir ki, şəri şərdir, Moskvadan gələn xeyirə də lənət olsun.
Hazırda Ukrayna xalqının elliklə ruspərəst hakimiyyətə dirəşməsinin əsas səbəblərindən biri də budur. Digər səbəblər də var. Onların da başında Avropa ölkəsi olaraq Avropa standartları ilə yaşamaq, işləmək, seçmək arzusu dayanır.
Bu gün meydana çıxanlar fərasətsiz Yuşşenkonu müdafiə etməyən, ona səs verməyərək, hakimiyyət getməsinə yol verən insanlardır. Məhz bu adamlar qaranlıq əməlləri ilə tanınan Timoşenkonu da müdafiə etmədilər. Amma bu gün onlar meydandadırlar və Ukraynanın gələcəyinin, isitiqbalının davasını aparırlar.
Hər dəfə hansısa ölkədə bu cür xalq iradəsinin təntənəsini görəndə ölkəmizin ictimai-siyasi fəalları maraqla, intizarla baş verənləri izləyir və öz-özlərinə sual verirlər: bəs biz niyə belə deyilik? Həlledici məqamlarda xalqımız niyə susur? Nədən kütlələr ayaqlanmır, etiraz bildirmir?
Bunun səbəbləri çoxdur. Bu səbəblərin başında insanlarımızda ümumi ölkə problemi deyilən anlayışın olmamasıdır. Hamının fərdi problemi var və onu hər kəs öz bildiyi, caiz saydığı yollarla həll etməyə çalışır. Ölkənin ümumi problemiylə isə qoy başqaları, məsələn, müxalifət məşğul olsun.
Sanki bu ölkədə haqsızlığa, saxtakarlığa, özbaşınalığa qarşı mübarizə yalnız müxalifətin öhdəsindədir və hər kəsin həyatında iz buraxan bu problemlərlə müxalifət qüvvələri məşğul olmalıdırlar. Ən pisi odur ki, bu problemlərin həllini müxalifətin boynuna yükləyən, ondan bu məsələləri çözməyi uman, hətta tələb edən yüz minlərlə insan müxalifət partiyalarına heç bir dəstək vermir, təşkil etdiyi mitinqə gəlib say çoxluğu belə yaratmır. Əksinə, bir kənarda durub “müxalifət zəifdir” deyə başlarını bulayırlar.
Eyni durum, hətta qat-qat ağır vəziyyət bizim ölkəmizdə yaransa, xalq yenə kənarda qalacaq, oturub gözləyəcək ki, etiraz hərəkatını müxalifət başlasın. Lap müxalifət qabağa düşün hərəkətə gəlsə, bu o demək deyil ki, xalq Ukraynadakı kimi kütləvi şəkildə ona qoşulacaq.
Yaxud da belə bir variant: ölkədə rəsmən müxalifət olmasa (Orta Asiya və digər ölkələrdə olduğu kimi), haqqı tapdanan yüz minlərlə insan yenə meydana çıxmayacaq, deyəcəklər ki, hamını bir arayan toparlayan vahid qüvvə olmalıdır, yoxdur.
Söhbət bir millətin həmişə ayaqda, diri olmasından, siyasi partiyalara belə qoşulmadan, mübarizəyə qalxmağa hazırlığından gedir. O, bizdə yoxdur.