Medianews.az
 Yanukoviçə yanacaq şantajı
449 baxış

Yanukoviçə yanacaq şantajı

Ukrayna prezidenti Rusiyaya verdiyi sözün arxasından qaça bilmədi və Avropa Birliyi ilə sazişi imzalamaqdan imtina etdi.

Düzdür, Yanukoviç ölkəsinin yaxın gələcəkdə AB ilə yaxınlaşacağını istisna etməyib, hətta belə bir söz də verib, amma bunlar hekayədir. 

Ortada olan odur ki, Rusiya deyən oldu və bu ölkə var gücü ilə dirəşərək Avropanın “Şərq tərəfdaşlığı” layihəsini əngəllədi. 

Bir zamanlar Kreml Şərqə doğru genişlənmək istəyən NATO-nu da beləcə, şantajla, təzyiqlə, cürbəcür cığallıqlarla durdurmuşdu. 

Ukrayna siyasilərindən olsa, əlbəttə ki, onlar təzyiq dili ilə yox, bonus, müavinət, faizsiz kredit vədləri ilə danışan Avropanı seçərdilər. 

Ancaq bu ölkənin hazırkı vəziyyəti qəlizdir. Bir tərəfdə kökəni göstərib verməyən Avropa,  o biri tərəfdə dəyənəyi göstərən, həm də lazım gələn kimi zərbə vuracağı şübhə doğurmayan Rusiya var.

Yanukoviç Rusiya ilə Avropa arasında seçim edərkən müftə kökə yeməklə yağlı kötək yeməməyin arasında seçim etdi və üstünlüyü ikinciyə verdi. Kökə nağd deyil, kötək nağddır - ona görə. 

Xalq etirazlarından da görünür ki, ukraynalıların böyük əksəriyyəti, bəlkə də yarıdan çoxu üzünü Şərqə, Rusiyaya yox, Qərbə, Avropaya tutub. 

Zatən, ukraynalılarla rusların arasında hələ sovet dövründə qarşılıqlı bəyənməzlik elementləri özünü göstərirdi, son dövrlərdə isə bu, daha da şiddətlənmişdi. 

Bu xalqlar etnik mənşə etibarı ilə nə qədər yaxın olsalar da, Ukrayna xalqı Moskvanın “böyük qardaşlıq” ədalarını həzm edə bilmir. 

Putinin Yanukoviçə açıq təzyiqi isə bu ölkədə anti-Rusiya ovqatını daha da alovlandırmalıydı və belə də olub. 

Neçə gündən bəri Ukraynanın paytaxtı Kiyevdə davam edən xalq etirazları Yanukoviçin Avrointeqrasiya sazişinin imzalamasından imtinası ilə pik nöqtəyə çatacaq. 

Son 10 ildə iki prezident dəyişmiş Ukrayna xalqı, prinsipcə, bu cür tarixi səhvə yol verdiyinə görə Yanukoviçi də istefaya məcbur edə bilər.  

İndi Yanukoviçin manevr imkanları azdır, o, ya öz xalqına divan tutaraq, etirazları Moskva dəstiriylə, rus dəstəyi ilə ram etməlidir, ya da xalqın tələbinə boyun əyməlidir. 

Hələ dünənə qədər Kiyevdəki kütləvi aksiyaların Yanukoviçin iradəsi ilə baş tutduğunu, bunun onun marağında olduğunu, bu yolla Rusiyaya mesaj verdiyini iddia edənlər vardı. Ancaq sazişi imzalamaqdan imtina etməklə Yanukoviç göstərdi ki, amansız məngənə arasındadır və xalqın iradəsinə qarşı getməyi daha təhlükəsiz sayır. 

Bu xüsusda mütəxəssislərin rəyi haçalanır. Bir qisim hesab edir ki, Avropa ilə saziş Avropadan çox Ukraynaya lazım idi. Bir çoxları isə bu fikirdədir ki, bu saziş daha çox Avropaya lazımdır və onun strateji planlarına xidmət edir.

Görünür, prezident Yanukoviç də ikincilərin sırasındadır və ona görə də şərtlə danışır, Avropanın 5 şərti yerinə yetirəcəyi təqdirdə Ukraynanın bu sazişi imzalayacağını bəyan edir.

Ancaq Yanukoviçin sadaladığı şərtlərin içində elə biri var ki, məhz o faktor Ukraynanın dizini Rusiyanın qarşısında yerə gətirib və Ukrayna həmin amilin aradan qaldırılmasını Avropadan umur. 

Həmin şərt belədir: “Ukraynanın enerji müstəqilliyinin təmin edilməsi”. 

İndiki halda gerçək durum budur: Ukrayna enerji təminatı məsələsində Rusiyadan asılıdır və Avropa onun enerji müstəqilliyinin təmin edilməsini boynuna götürə bilmir. 

Məhz bu səbəbdən Ukrayna rəhbərliyi ölkənin hələ bir müddət də Rusiyanın “arxa bağçası” olmasına razılaşdı. 

Ukraynada siyasi vəziyyətin necə inkişaf etdiyinə diqqət kəsilməklə yanaşı, bu sazişin ölkəmizin xeyrinə olmadığını da qeyd etmək yerinə düşər. 

Hələ bir neçə gün öncə bu situasiyanı “Ukrayna Azərbaycanı meydanda tək qoydu” deyə izah edənlər haqlıdırlar. Ukraynanın Avrointeqrasiya sazişini imzalaması Azərbaycanın işini xeyli asanlaşdırardı. İndi isə Rusiyanın ikibaşlı qartalı öz başının ikisini də Qafqaza yönəldəcək.

Bizə qoşulun