Noyabrın 27-də dövlət başçısı İlham Əliyevin Bakı bulvarı haqda növbəti sərəncamı çıxdı. Yazılmışdı ki, bulvarda yenidənqurma, abadlıq işləri aparılması üçün prezidentin ehtiyat fondundan 10 milyon manat ayrılmalıdır.
Bir haşiyə çıxım. Bu ehtiyat fond məsələsi məndə həmişə heyrət doğurur. Anlamıram cənab prezident nə üçün ordan götürüb kiməsə verdiyi pulu sərəncamla göstərir. Öz pulundur, özün bilərsən, bizə nə bundan? Tutalım, biz evdə ehtiyat saxladığımız milyonlarla manatımızdan (qəşəng səslənir, dedim bir az nisyə kef eləyək) hansısa bazarlığa sərf edəndə sərəncam imzalayırıq? “Bankada ağacın dibinə basdırılan 50 manat 95 qəpikdən balaca oğlum Məmişə pampers alınması üçün 11 manat 40 qəpik ayrılsın. Sərəncamı yerinə yetirmək arvada tapşırılır”. Varmı belə şey? Yoxdur.
Görünür dövlət başçısı şəffaflıq üçün bunu belə edir, ancaq bu qədər demokratiya istəmirik. Allergiya verər. Səpərik. Xalqı qaşınma tutar.
Qayıdaq bulvara. Qeyd etdiyim kimi, o müqəddəs məkana 10 milyon manatın ayrılması sevgili millətimizin ürəyini açdı. Bununla da təkcə son 5 ildə bulvara ayrılan dövlət vəsaitlərinin həcmi 6 milyard 422 milyon manata çatmışdır.
Nankorlar deyə bilər nə üçün bulvara bu boyda diqqət vardır. Çünki nankorlar savadsız olur. Bulvar qədim türk sözüdür, “bul” və “var” sözlərindən yaranmışdır. Dilçilik İnstitutumuzun araşdırmalarına görə bu söz “get orda bul var-dövlət” ifadəsindən çıxır. Tarix İnstitutumuzun qarışdırmalarına görə, Yuli Sezar əslində “Veni, vidi, bulvar” demişdir. Mənası da “gəldim bulvarı gördüm, 10 manata bir stəkan çay yaxantısı zəhərləndim” deməkdir. Fizika İnstitutumuzun sürüşdürmələrinə görə kainatda ən zəif qravitasiya sahəsi bizim bulvardadır. Ayağını yerə vursan uçarsan. O cümlədən, Bulvarın Nazirlər Kabinetinin qabağındakı hissəsində qara dəlik var.
Uzun sözün qısası, bulvarın xalqımızın taleyində rolu əvəzsizdir. Gənclər ailə həyatını əsasən bulvarın əsrarəngiz kanalizasiya iyi verən kölgəliklərində isinişməklə qururlar. Pensiyaçılarımızın hər biri fani dünyaya gözünü yumarkən başı üstündə Paraşüt-saat qülləsinin sayrışan işıqlarını görmək arzusundadır. Müdafiə Nazirliyində oturan generallar deyirlər ki, biz bulvarın bir qarışını da düşmənə təhvil vermərik. Daxili İşlər Nazirliyinin bulvar təhlükəsizlik idarəsi zəhmətkeşlərin bulvarda asudə dolaşmasına daim diqqət göstərir. Təhsil Nazirliyi bulvarda repetitor-müəllimlər üçün gəmi gəzintisi təşkil edir. Kənd Təsərrüfatı Nazirliyi bulvara Afrikadan babobab ağacları gətirmiş, hər baobab hektarından 100 min ton boranı almışdır.
Bulvarın ölkəmizdəki başqa ərazi vahidləri ilə iqtisadi-diplomatik, sosial-turistik münasibətləri də qaydasındadır. Məsələn, təzəlikcə mən Binəqədi rayonundakı mədəni istirahət parkında bir süpürgəçi qadının əynində üzərinə “Bulvar” sözü yazılmış gümüşü uniforma gördüm. Deməli bu qadın əvvəllər bulvarda işləyirmiş, indi isə öz əmək təcrübəsini Binəqədiyə yayır, xalqımızı sevindirir. Yoldaş Abutalıbova dərin minnətdarlığımızı bildiririk.
Ancaq qəlbimizdə tarixi təcrübədən doğan narahatçılıq da vardır, insaf naminə bunu yazmalıyam. Mənim əsas qorxum budur ki, bulvar özünə ayrılan xüsusi diqqətdən qudurar, harınlayar və bir gün müstəqilliyini elan etmək fikrinə düşər. Açığı, onun buna imkanları da vardır – yuxarıda yazdım. Bir çox iqtisadi göstəricilərinə görə bulvar respublikamızın avanqardıdır. İndi ərazi özünü Bulvar Respublikası (BR), yaxud Aran Bulvar Respublikası (ABR) adlandırsa, öz deputatxanasını, pulunu, ordusunu, gerb və himnini, bayrağını qayırsa vəziyyətimiz ağır olar.
Gərək o zaman iki cəbhədə döyüşək. Üstəlik, mikrorayon sakinlərimizin dənizə çıxış imkanları da məhdudlaşacaqdır. Muğam oxuyanların “Bulvar şikəstəsi” isə dözülməz acı verəcəkdir.