“NİDA-çıların işi” adlanan məhkəmə prosesi başlayıb. Dünən prosesdən sonra vəkillərdən Elton Quliyevlə söhbətləşirdim. Bəy vəkillik təcrübəsindən çox maraqlı olay danışdı. Bir dəfə hansısa cinayət işi üzrə hakim onu yanına çağırır, soruşur: “Sən müttəhimin vəkilisən, onu nəyə görə tutublar?” Elton bəy deyib: “Yoldaş hakim, cinayət işi sizin əlinizin altındadır, açın baxın, öyrənin”. Hakim: “Əşi, baxmışam, tamam fuflo bir işdir, sübut-zad yoxdur. Adamı buna görə tuta bilməzlər. Nəsə ayrı səbəb var, sən onu mənə de”. Elton bəy and-aman eləyir ki, həqiqətən prokurorluğun yazdığı ittihamdan başqa bir şey bilmir. O zaman hakim Qoqolun həsəd aparacağı unikal bir cümlə deyir: “Yaxşı, bəy, mən bu cinayət işinin səbəbi haqda nəsə öyrənsəm sənə də deyərəm”.
Dünənki prosesin xarakteri eynilə həmin əhvalatdır. 7 NİDA üzvünü və 1 Azad Gənclik Təşkilatı üzvünü (kaş İlkin Rüstəmzadə də NİDA-ya üzv yazılaydı, biz reportajlarımızda “NİDA hərəkatı üzvlərinin məhkəməsi” ifadəsini rahat yazaydıq) aylardır zindanda saxlayırlar. Cinayət işi tamam uydurma, böhtan. Məhkəmə ədalətin öz yerini tapacağı məkandan çox absurd teatrının səhnəsini xatırladır. Təsəvvür edin, prokuror ittiham aktını oxuyur və orada 8 adam haqda eyni sözlər yazılıb. “Mineral yağlardan ibarət, mayenin dağılmaması və uçmaması üçün ağzına fitil kimi istifadə olunan pambıq vurulmuş…” cümləsinə yarım saat ərzində 8 dəfə qulaq asan adam nə fikirləşər?
Yeri gəlmişkən, orda “Əsgər ölümlərinə son” şüarı da dəfələrlə təkrar olundu və mən fikirləşdim ki, bunun özü ictimai etiraz aksiyalarının unudulmazlığının əlamətidir. Üstündən bir ilə yaxın vaxt keçir, xalq artıq o aksiyaları unudub, hətta müdafiə naziri dəyişib – ancaq prokuror Bakının mərkəzində hələ də azı 8 dəfə “Əsgər ölümlərinə son!” deyir.
İttiham aktı haqda Rəşadət Axundovun “Bizim həbsimiz müstəsna həyasızlıq nümunəsidir” cümləsi olduqca yerində idi. Prokuror aktı oxuyarkən “Heykələ qarşı əxlaqsızlıq ediblər”, “Əhalinin yalnız istirahəti üçün nəzərdə tutulan Fəvvarələr meydanında etiraz aksiyası keçirdiblər”, “Polisi qorxudub gücünü zəiflətmək…”, “Destruktiv qüvvələri etiraz aksiyalarına cəlb etmək…” kimi cümlə və ifadələrdən xəcalət çəkməli idi.
Yazıblar ki, guya aksiyaya gələnlər narkotiklərlə fəallaşdırılmalı imiş. Elton bəyin “bunun adı uyuşdurucudur, bu insanları necə siyasi fəala çevirə bilər” sualına cavab yox idi.
Yəqin baş prokuror gecələr rahat yatmaq üçün dopinq atır. Ali Məhkəmə sədri isə qarnı ağrıyanda xiyar yeyir.
Əslində məlum şeydir, bunun adı ling siyasətidir. Xoşuna gəlməyənləri, etiraz edənləri linglə vurursan, qalır böyrü üstdə. Hakim-ling, prokuror-ling, ədliyyə-ling…
Ortada 17 yaşlı Şahin bəyin evindən hüquq mühafizə orqanları əməkdaşlarının oğurladığı 95 min manata yaxın pul, minlərlə cinayət işində istifadə edilmiş və artıq bəlkə də keyfiyyətini itirib palçığa dönmüş həşiş və marixuana var. Pul gəncin atasına məxsusdur. Yanılmıramsa, ev satıbmış. Lap hesab edək dövləti yıxmaq üçünmüş. Ancaq ittihamda bu pulun mənbəyi haqda heç nə yoxdur. Prokurorluq pulu heç kimə “yamaya” bilməyib, eləcə yazıblar ki, pul hardansa tapılıbmış. O cümlədən, narkotik maddə hardan gəlib, hara gedirmiş – bilən yoxdur.
Prosesin hər həftə yalnız 1 gün keçirilməsi işgəncədir. Dünən cəmi saat yarım oldu. Hakim deyir: “Mənim ayrı prosesim var, ora getməliyəm”. Deyir hazırda 40 işə baxıram! Rəhmətliyin oğlu, bundan bizə nə? Baxma! Ədalətli mühakimə şəraiti qurmaq dövlətin borcudur.
O cümlədən, Ağır Cinayətlər Məhkəməsinin at tövləsi binasında illərdir darısqal otaqlarda məhkumlara, onların yaxınlarına işgəncə verilir. Bu illərdə hakim ailə, o cümlədən ailənin hakimləri özlərinə yüzlərlə sütunsuz şadlıq sarayları tikiblər. Biz isə 30 kvadratmetrlik salonda 70 nəfər oturmuşduq. Hər kvadratmetrə 2 nəfər düşürdü. Bu məhkəmə deyildi, Metro Tağının pik saatları idi. Ləyaqəti olan hakim belə proses aparmaz, etiraz edər.
Gənclərin salındığı qəfəs otağın ortasını tutduğundan hakimlə bizim aramızda qalmışdı. Baxanda hakim də qəfəsin içində imiş kimi görünürdü.