
1974-cü ildə BDU-nun 36 yaşlı müəllimi Əbülfəz Əliyev tələbələri başına yığaraq Azərbaycan davasına başlayanda, xəyalında müstəqillik ssenarisi quranda, 35 yaşlı kinodramaturq Rüstəm İbrahimbəyov qısametrajı “Nəğmə dərsi” filminin ssenarisini yazmışdı.
1976-cı ildə kinodramaturq Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “ÜrəkE Ürək” filmi istehsala buraxılanda BDU-nun keçmiş müəllimi Əbülfəz Əliyev həbsxanadadan azadlığa buraxılmışdı.
1978-ci ildə Əbülfəz Əliyev ad gününü, 40 yaşını keçirməyə 40 manat pul tapmayanda və 4 nəfərlik kampaniya ilə kifayətlənəndə bütün ölkə Rüstəm İbrahimbəyovun “Ad günü” filminə baxırdı və müəllif böyük-böyük ziyafətlər verirdi.
1978-ci ildə Rüstəm İbrahimbəyov 1969-cu il plenumunun 10 illiyi münasibətlə çəkdiyi “İstintaq” filminin titrində ölkədə rüşvətxorluğa qarşı mübarizənin həmin ildən başladığını qeyd edəndə, DTK hələ də millətçi Əbülfəz Əliyevi nəzarətdən buraxmamışdı, barəsində gizli-gizli istintaq-əməliyyat işləri aparırdı.
1980-ci ildə on minlərlə azərbaycanlı gənc komsomol putyovkaları ilə BAM-a, Rusiyanın ucqarlarına çağırılıb aparılanda Rüstəm İbrahimbəyov “Neft çağırır” filminin ssenarisini yazmışdı.
1985-ci ildə erməni yazıçısı Zori Balayan “Ocaq” kitabını yazaraq Qarabağa iddia irəli sürəndə Rüstəm İbrahimbəyov daha məhsuldar işləmiş, iki ssenari yazmışdı: “Bir axşam...” və “Səfillər”.
1986-cı ildə ermənilər o vaxtı Azərbaycan rəhbərliyinin dişsizliyi üzündən Qazaxdan 10 min hektar torpaq alanda, İbrahimbəyov “Talismanım, qoru məni” filminin ssenarisini qələmə almışdı. Onun həmin il yazdığı daha bir ssenari - “Vurulmayan şillə” isə heç də Qazaxda döyülüb tövləyə salınmış nazir müavinlərinə həsr olunmamışdı.
1988-ci ildə ermənilər bütün cəbhə boyu, itli-pişikli, akademikli-xarratlı, kommunistli-anarxistli üstümüzə hücuma keçəndə İbrahimbəyov “Fülyor” filmi üzərində düşünürdü.
Həmin ilin bu günləri Azadlıq meydanına 1 milyon hərəkatçı-vətənpərvər yığışanda, onların arasında İbrahimbəyov yox idi.
1989-cu ildə Qarabağda erməni basqınçılarının gülləsindən ölənlər can verənlər son söz deyə bilmədikləri vaxt Rüstəm İbrahimbəyov Soçidə ermənilər tərəfindən öldürülən azərbaycanlı müharibə veteranı haqqında “Ölsəm... bağışla” filmi çəkmişdi.
Xalqımız üçün olduqca ağır olan 1990-cı il ədibimiz üçün də ağır keçib. Həmin il o, heç bir film üçün ssenari yazmayıb.
20 Yanvar qətliamından bir il sonra isə R.İbrahimbəyov “Qətldən yeddi gün sonra” filminin ssenarisini yazıb.
Fəqət 1992-ci və 93-cü illərdə İbrahimbəyovun nə iş gördüyü barədə məlumat yoxdur. Hərçənd ola bilər ki, ölkəmizdə hakimiyyətlərin ildə bir-birini əvəz etdiyi, Qarabağ rayonlarının bir-birinin ardınca əldən çıxdığı vaxtda o, Kann festivalında, ABŞ kino akademiyasında mühüm görüşlər keçirib.
1994-ci ildə devrilmiş prezident Əbülfəz Elçibəy Kələkidə, ana müxalifətin lideri olaraq onun yerində olan İsa Qəmbər Bakıda demokratiya mücadiləsi verəndə, hücumlara, şərləmələrə məruz qalanda, yorulmadan, usanmadan mübarizə aparanda, İbrahimbəyov “Günəşdən usanmışlar” filmini çəkirdi.
1995-ci ildə ölkədən kənara çıxmasına qadağa qoyulmuş demokratlar ünvanlarına gələn ziyarət dəvətlərini qəbul edə bilməzkən, hörmətli kino xadimi “Həm ziyarət, həm ticarət” filminin çəkilişləri üçün İstanbul-Bakı arasında gedib-gəlirdi.
1998-ci ildə Heydər Əliyev hakimiyyəti 2-ci dəfə götürəndə, onlarla müxalifətçi MCQMİ-nin təcridxanasında barbar işgəncəsinə məruz qalarkən, İbrahimbəyov “Sibir bərbəri” filminin ssenari müəllifi kimi “Oskar” mükafatı alırdı.
2003-cü ildə ölkədə rəsmən sülalə hakimiyyəti bərqərar olduğu, milyonlarla insanın bu tamaşaya ovsunlanmış kimi baxdığı vaxt, İbrahimbəyov “Ovsunçu” filminin ssenarisini yazmışdı.
2010-cu ildə ölkədə növbəti dəfə parlament seçkiləri saxtalaşdırılan zaman, İbrahimbəyov “Kabusun gözüylə” filmini yaratmışdı.
Ancaq 2013-də o, birdən-birə müxalifətin lideri oldu. Həyatı boyu müxalifətçi, dissident, mübarizə adamı olmayan şəxs indi özünü şahmat taxtası arxasındakı qrossmeyster kimi aparır, insanları fiqur, piyada yerinə qoymaq istəyir.
Gəlin, onu böyük ədib, böyük ziyalı, böyük ictimai xadim kimi sevək, amma bu şəxsi inqilabçı, mübariz, siyasətçi sayıb, özümüzü aldatmayaq. Ortada avtobioqrafiya deyilən bir şey var.