Türkiyədə kürd separatizminin həlli istiqamətindəki çalışmalara, prosesin özünə və ona dair reaksiyalara baxırsan, adamın yadına istər-istəməz öz ölkəsinin baş problemi düşür.
Söz yox, Türkiyədəki kürd separatizmi ilə Azərbaycandakı erməni separatizmi olduqca fərqlidir. Bunlar həm tarixi, həm motivləri, həm də status-kvosu, həm də dini-milli baxımdan tamam fərqli münaqişələrdir.
Fəqət, hər iki separatizmin uyğun gəldiyi bir nöqtə var. Bu, onların hər ikisinin öz dövlətlərində qara yaraya çevrilməsi, dövlətlər və münaqişədə olan xalqlar üçün həyati böhran yaratmasıdır.
Budur, Türkiyə 30 ildən bəri qanayan yarasını sarımağa çalışır. “Kürd açılımı” deyilən layihə xeyli irəliləyib. Dövlət rəhbərləri indiyədək tabu qoyulmuş “Kürdüstan” kəlməsini dilə gətirir, kürdlərə ana dilində təhsildən tutmuş bir çox hüquqlar veriləcəyinə dair vədlər verilir.
Bu arada kürdlər eyforiyadadırlar. Onlar uzun illər boyunca verdikləri itkilərin hədər getmədiyini düşünür, “haqq işləri”nin qalib gəldiyini vurğulayır, nəhayət, xəyallarındakı “Böyük Kürdüstan” dövlətini qurmaq yolunda önəmli bir addım atıldığını zənn edirlər.
Kürdlərin xəritədə “Kürdüstan” deyə işarələdikləri iri şəhərlərin sayı 20-dən az deyil – Adıyamandan Qaziantepə qədər. Bu az qala Türkiyənin yarısı deməkdir.
Hələlik Diyarbəkir valisi bir qədər təvazökarlıqla bu böyük bölgəyə “Türkiyə Kürdüstanı” deyir. Zamanı gələndə söz birləşməsindəki ilk kəlməni ixtisar etmək o qədər çətin deyil.
Görünür, Türkiyə rəhbərliyi etnik bölücülüyün çiçəklənərək bölgədə yeni bir dövlətin əmələ gəlməsi prosesini tormozlamaq üçün gələcəkdə daha böyük cəhdlər göstərməli olacaq.
İndilikdə isə tərəflər razı görünür. Türklər dağlara sığınaraq şiddətli silahlı müqavimət göstərən, vaxtaşırı insan tələfatı ilə nəticələnən terror aktları törədən, iri şəhərlərdə kütləvi iğtişaşlar yaradan PKK militanlarının və simpatizanlarının sakitləşməsindən, kürdlər isə “mübarizəmiz öz məntiqi sonuna çatdı” deyə biləcəkləri bir situasiyanın yaranmasından məmnundurlar.
Söz yox, hər bir münaqişənin sonu qarşılıqlı güzəştlər nəticəsində əldə edilən razılaşmadır. Ancaq bu razılaşma elə olmalıdır ki, tərəflərdən biri özünü qalib, digəri məğlub hiss etməsin, hər iki tərəfin həyati maraqları təmin olunsun.
Buna şəkk-şübhə ola bilməz ki, hər bir milli azlığın bütün fundamental hüquqları təmin olunmalı, onlara mədəni muxtariyyat hüququ verilməlidir.
Bu, bəlkə də tarixin ən böyük haqsızlıqlarından biridir ki, İraqda, Suriyada, Türkiyədə və İranda kompakt halda yaşayan və sayı 30-40 milyon arasında ölçülən kürdlərin öz dövləti, hətta dünənə qədər adi bir muxtar qurumları olmadığı halda, bölgədə sayı 3-4 milyon olan ermənilərin iki dövləti var – Ermənistan və tanınmamış “DQR”.
Bu, ona görə belə alınıb ki, erməni separatizminin himayədarları həmişə güclü olub, kürd separatizmini dəstəkləyənlər isə bunu yalnız ayrı-ayrı dövlətlərə problem yaratmaq üçün ediblər və onları son məqsədi heç də kürdlərə dövlət qurmaq olmayıb.
Ancaq beş-altı ildir ki, bölgədə kürd dövlətinin qurulması istiqamətində ciddi, planlı işlər gedir və bu dövlətin baza rolunu İraqın şimalında yaradılmış və Bağdaddan asılı olmayan kürd muxtariyyatı oynayır. Yaxın gələcəkdə bir neçə dövlətin parçalanması hesabına dünyanın siyasi xəritəsində yeni rəngli bir dövlət əmələ gələcək.
Hiss olunur ki, başda ABŞ olmaqla bir sıra dünya gücləri bunu istəyirlər və öz planlarını addım-addım həyata keçirirlər.
Ermənilər isə Azərbaycan ərazisini parçalayaraq öz ikinci dövlətlərini zor gücünə əmələ gətiriblər. Böyük dövlətlər Azərbaycana öz ərazi bütövlüyünü bərpa etməyə icazə və imkan vermirlər. İndilikdə ermənilərin əsas problemi qanunsuz qurulmuş “DQR”-i tanıtmaq və qeydə aldırmaqdır. Bu proses öz axarıyla, yavaş-yavaş gedir.
Dörd ildən sonra Qarabağdakı erməni separatizminin də 30 yaşı tamam olacaq. O vaxta qədər dünyanı idarə edən dövlətlər bu münaqişənin də sonunu gətirib nöqtəsini qoymaq istəyəcəklər. Bunun əlamətləri indidən görünür. Görüşlər, danışıqlar, səfərlər, bəyanatlar…
Əgər bu cür konfliktlər 30 ilə həll olunursa, bəs nədən Fələstin dövlətinin formalaşması 60, Şimali Kipr dövlətinin tanınması 40 ildir ki, başa gəlmir?
Buna beynəlxalq səviyyəli ayrı-seçkilik deməyək, nə deyək?