Xalid Kazımlı
Mahalbazlıq bumeranqı
Olacağı buydu. Əvvəl-axır kimsə bunu edəcək, bir mahalda doğulub böyüyənlərin bir nazirlikdə, komitədə toplaşması tendensiyasına zərbə vuracaqdı.
Hələ burada “toplaşması” ifadəsi o qədər də yerinə düşmür, çünki kadrlar bir çətir altına təbii seçmə yoluyla, öz bacarıqlarına görə yığılmırdılar, onları yerlibazlıq, qohumbazlıq, traybalizm, himayədarlıq prinsipləri ilə nazirlər, komitə sədrləri bilə-bilə, düşünülmüş şəkildə toplayırdılar.
Olduqca yanlış bir düşüncənin məhsulu idi, amma belə qəbul olunurdu ki, dövlət idarəçiliyində əsasən iki mahalda doğulanların kadr potensialından istifadə etməklə dövləti daha yaxşı idarə etmək, hakimiyyəti daha etibarlı şəkildə qoruyub saxlamaq olar.
İki mahalda doğulan kadrlar hakimiyyəti “doğma hakimiyyət” sayaraq, dövlət başçısına, öz nazirinə, sədrinə sonsuz sədaqət göstərməli idi. Belə düşünülürdü.
Bu, əslində tarixdən gələn bir şey idi. Bildiyimiz kimi, Misir məmlüklərinin hakimiyyəti də buna əsaslanırdı. Hazırda inkişafdan qalmış bütün ölkələrdə hökmdarlar öz yerlilərinə güvənir, bir ölkənin bölgələrini “yad”a, “doğma”ya bölürlər.
Bu siyasətin ən şiddətli dönəmi, xatırlayacaqsınız, 1998-2003 arası idi. Boşalan bütün nazir, komitə sədri, deputat kreslolarına mütləq həmin iki mahaldan çıxanları, yaxud ən azı atası oralı olanları əyləşdirirdilər.
Bu, cəmiyyətdə, mətbuatda geniş müzakirə olunur, təpki və əks-reaksiyalar doğururdu. “Regionçuluq” və “antiregionçuluq” kimi terminlər dəbə minmişdi. Mətbuatda gedən araşdırma səciyyəli bir məqalədə qeyd olunmuşdu ki, dövləti idarə edən ən yüksək mənsəbli (nazir və müavinləri) 50 şəxsin 40-ı məhz iki mahalda doğulan şəxslərdir.
Sonradan, 2005-ci ilin sonlarından başlayaraq, kadr seçimində ölkənin digər mahallarına da diqqət yetirilməyə başlandı.
Budur, artıq dövlət iyerarxiyasında əsasən iki mahalda təvəllüd tapanların “irəli çəkilməsi” xəttinin gözdeşən mənzərəsi yavaş-yavaş dəyişir. Yeni təyin olunan nazirlərə öz tabeliyində olan kadrları istədikləri kimi yerbəyer etmək səlahiyyəti verilib və onlar bu işlə məşğuldurlar.
Ancaq onlar öz strukturlarında kadr islahatı həyata keçirirkən maneə ilə üzləşirlər. Öz komandasını formalaşdırmaq istəyən nazir və ya komitə sədri nə etməlidir? Ən azı strateji xarakter daşıyan, yüksək sədaqət və güvənc tələb edən postlara öz inandığı kadrı təyin etməlidir. O, bu addımı atanda isə ən mühüm (eyni zamanda ən mənfəətli) postlarda əsasən bir mahalda böyümüş kadrları görür və onları dəyişdirəndə elə çıxır ki, adam qərəzli kadr siyasəti yürüdür.
Əgər 2003-cü, 2008-ci illərdə hakimiyyət dəyişsəydi, yeni prezident və yeni nazirlər bu problemin qat-qat şiddətli variantı ilə qarşılaşacaqdılar. Bu isə ölkədaxili vəziyyəti gərginləşdirəcək, vəzifədən götürülmüş şəxslərin formalaşdırdığı yeni bir müxalifət qüvvəsini meydana çıxaracaqdı.
Bu, o deməkdir ki, lap əvvəldən kadr məsələsində dəqiq, ölçü-biçili, balanslı siyasət aparılmalı imiş. Kadrları seçərkən onların haralı olmasına (və ya haralı olmamasına) yox, peşəkarlıqlarına, savadlarına, digər şəxsi keyfiyyətlərinə fikir vermək gərək idi.
Heç kəs demir ki, nazir təyin edilən şəxs öz komandasına bir neçə keçmiş tələbə yoldaşını, həmkəndlisini, uzun illər başqa strukturlarda birgə çalışdığı, dostluq münasibətində olduğu şəxsi daxil etməsin. Bu, qaçılmazdır. Ancaq bu məsələdə bir limit olmalıdır – 3-5 nəfər. Bir komitədə çalışan ən yüksək vəzifəli şəxslərin, başqa işçilərin hamısı bir kənddən olmalı deyil.
Bir gün Dövlət Gömrük Komitəsinin rəhbərliyi dəyişdirilsə, bundan daha böyük problem orda yaranacaq. Məlum olacaq ki, bir kənddən olan onlarla şəxs işdən götürülüb.
Bu baxımdan istər Zakir Həsənovun, istərsə də Səlim Müslümovun yeritdiyi kadr siyasəti kənardan qərəzli, insafsız görünə bilər, amma labüddür.
Bir məqam isə çox ibrətamizdir: vəzifədən götürülən kadrlar təhlükəni başqa qüvvələrdən gözləyirdilər, “öz hakimiyyətləri”ndən gördülər.