
Şabranda inzibati binanın açılışından bir gün əvvəl fövqəladə vəziyyət yaşanıb
İyulun 19-da Prezident İlham Əliyevin Şabrana səfərindən bir gün öncə YAP-ın yerli inzibati binası ilə bağlı fövqəladə vəziyyət yaşanıb. YAP-ın Şabran rayon təşkilatının inzibati binasının açılışından bir gün əvvəl gecəyə doğru binanın arxa sağ tərəfi uçub dağılıb. Bu barədə Avropa.info-ya hadisə şahidləri məlumat veriblər.
Şahidlərin sözlərinə görə, ertəsi gün binanın açılışında Prezident İlham Əliyevin iştirakı gözlənildiyinə görə Şabran rayon rəhbərliyi gecədən səhərədək binanın dağılmış hissəsinin bərpasına nail olub. Bu məqsədlə rayon İcra Hakimiyyəti rayon ərazisində fəaliyyət göstərən təmir-tikinti qurumlarının əksəriyyətini işə cəlb edib. Səhərə yaxın binanı bərpa etmək mümkün olub.
Prezidentin iştirakı ilə binanın açılış mərasimi keçirildikdən sonra da dağılmış hissələrdə möhkəmləndirmə işləri davam edib. Bildirildiyinə görə, binanın bərpasına görə xərcləri binanı inşa edən tikinti şirkəti öz üzərinə götürüb.
avropa.info