Medianews.az
Rəhim Qazıyev Milli Şurada təmsil olunanları təhqir etdi
162 baxış

Rəhim Qazıyev Milli Şurada təmsil olunanları təhqir etdi

Azərbaycanın keçmiş müdafiə naziri, 1988-ci ildə başlanan milli azadlıq hərəkatının liderlərindən biri Rəhim Qazıyev Milli Şuranı və orada təmsil olunanları riyakarlıqda ittiham edib. Sabiq nazir R.Qazıyev Publika.Az-a müsahibəsində Milli Şuranın rəhbərliyini "axmaq" adlandırıb.

O deyib: "Allahdan arzu edərdim ki, Milli Şurada çox böyük uğur əldə olunsun. Ancaq mənim istəyim hər şeyi həll etmir. Çox təəssüf ki, bu mümkün deyil. Çünki Milli Şurada təmsil olunan heyətlə tanışam və inanmıram ki, bu cür heyətlə nəsə uğur əldə olunsun. Milli Şurada təmsil olunanların əksəriyyətinin adamlığı yoxdur. Bu qurumda adamlığı olmayan insanlar çoxdur. Allaha and içərəm ki, Milli Şuranı yaradanları əsla dövlət, millət, xalq maraqlandırmır. Bu adamların öz maraqları var. Peyğəmbərimizin gözəl kəlamı var: Kim məni bir dəfə aldatsa, Allah ona, ikinci dəfə aldatsa, Allah mənə lənət etsin! Ona görə də mən özümü aldadıb gedib Milli Şurada heç zaman təmsil olunmaram. Mən Milli Şurada təmsil olunmağı özümə axmaqlıq hesab edirəm. Hətta, Milli Şuradan mənə dəvət gəlsəydi belə, mən ona razılıq verməzdim. Təbii ki, İsa Qəmbər, Əli Kərimli və digərləri də heç vaxt mənim Milli Şurada olmağımı istəməzlər. Əgər bu Milli Şuranın başında Eldar Namazov dayanırsa, mənim bu qurumda təmsil olunmağım axmaqlıq olardı. Çünki Eldar Namzov da kimlərinsə adamıdır. Ona inanmaq və etibar etmək olmaz. Vaxtilə Eldar Namazov Prezident Aparatından istefa verən kimi onun xalasını vəzifəyə təyin ediblər. Eldar Namazovun kimliyi hamıya bəllidir".

R.Qazıyev sabiq daxili işlər naziri İskəndər Həmidovun Milli Şurada təmsil olunması məsələsinə də münasibət bildirib: "İskəndər Həmidovla mənim verdiyim sözlərin arasında fərq çoxdur. İskəndərdən fərqli olaraq mən verdiyim sözün üzərində sonadək dayana bilirəm".

Bizə qoşulun